İnsanlara hürriyət, millətlərə istiqlal!

Seks qalmaqalına görə vəzifəsini itirən nazir – onlar həm yataqlarını, həm də dövlət sirlərini bölüşüblər

4215 18.08.2022 19:12 Yaxın tarix A A

 

1960-cı illərin əvvələrində Britaniya parlamentində dövlət və hərbi sirlərin son dövrlərdə xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsi bir neçə dəfə müzakirəyə çıxarılıb. Müzakirələrdə xüsusilə SSRİ-nin adı hallanıb. Mövzu jurnalistlərin də diqqətindən yayınmayıb, kütləvi informasiya vasitələrində fərqli versiyalar, yanaşmalar, mütəxəssis rəyləri, bəzi hallarda isə kimlərinsə ünvanına ağır ittihamlar ictimaiyyətə təqdim olunub.

Xarici kəşfiyyat orqanlarına işləməkdə şübhəli şəxs kimi daha çox Böyük Britaniyanın hərbi naziri Con Profyumonun adı hallanıb. Nazir adının hallanmasından xəbər tutaraq ictimaiyyət qarşısında çıxış edib, arada gəzən söz-söhbətin heç bir əsası olmadığını bəyan edərək bunu küçə qeybəti kimi qiymətləndirib. Ancaq nazirin bu “səmimi” müraciəti onu çox da uzun müddətə sığortalaya bilməyib.

1963-cü ildə məlum olub ki, Con Profyumo rəqqas və model Kristin Kilerlə artıq iki ildir ki, sevgi macərası yaşayır. Bu romanın ən kiçik detalları belə yerli qəzetlərdə tirajlanıb. Hətta onların hansı şəraitdə tanış olmaları, əyləndikləri yerlər də mətbuat səhifələrində açıqlanıb.

Jurnalistlər nazirlə bağlı daha dərin araşdırmalara gediblər. Məlum olub ki, yüngül həyat tərzi keçirən Kristin Kiler Profyumo ilə eyni vaxtda SSRİ-nin Londondakı hərbi attaşesi Yevgeni İvanova da intim xidmət göstərir. Britaniya xüsusi xidmət orqanları əməkdaşlarının apardıqları araşdırmalar isə ortaya daha ciddi faktlar çıxarıblar. Belə ki, model xanım hərbi nazirlə yatağını bölüşəndə böyük peşəkarlıqla ondan lazımi informasiyaları əldə edə bilib. Sonra həmin informasiyaları başqa bir yataqda SSRİ-nin nümayəndəsi Yevgeni İvanova ötürüb. Məşuqə obrazını məharətlə yaradan Kristin Kiler göstərdiyi xidmətlərə görə hər iki tərəfdən yüksək qonorar alıb.

Seks qalmaqalı həm sıravi vətəndaşlar arasında, həm də rəsmi dairələrdə böyük səs-küyə səbəb olub. Con Profyumo parlamentə dəvət olunub. O, bu dəfə faktları təkzib etmək gücündə olmayıb. Nazir Kristin Kilerlə yaxınlığını etiraf edib. Amma modelin ikibaşlı oyunundan xəbəri olmadığını bildirib. Həmin iclasda Con Profyumo özünü təqsirkar bilərək parlamentə istefa ərizəsini təqdim edib və vəzifəsindən kənarlaşdırılıb.

Hərbi nazirin təsadüfi bir xanımla intim münasibətlərinin fəsadları Britaniya hökumətinin imicinə ciddi zərbə vurub. Baş nazir Harold Stoktonun öz postundan getməsinin əsas səbəblərindən biri də məhz bu hadisə olub.

Qeyd edək ki, italyan əsilli Con Profyumo 1915-ci ildə Kensinqtonda olduqca zəngin bir ailədə anadan olub. Oksford Universitetini bitirdikdən sonra o, dünya səyahətinə çıxıb. O cümlədən SSRİ-də də səfərdə olub. Profyumo beş dəfə Britaniya parlamentinə üzv seçilib. 1960-cı ildə Britaniyanın baş naziri Harold Stokton onu hərbi nazir təyin edib. Ona bu kürsüdə cəmi üç il əyləşmək qismət olub. Seks qalmaqalına görə Profyumo öz vəzifəsindən getmək məcburiyyətində qalıb.

Gələcəyin naziri 1954-cü ildə aktrisa Valeri Xobsonla ailə həyatı qurub. Doqquz illik xoşbəxt ailə həyatından sonra Profyumonun modellə yaxınlığı ailəni dağılmaq təhlükəsi qarşısında qoyub. Hətta Valeri Xobson rəsmi şəkildə həyat yoldaşı ilə ayrılmağı üçün məhkəməyə də müraciət edib. Sabiq nazir ailəyə yaxın olan insanların qarşısında həyat yoldaşından üzr istəyib, bir daha həyatında belə hadisənin baş verməyəcəyinə söz verdikdən sonra Valeri Xobson Profyumonu əfv edib.

Nazir vəzifəsindən getdikdən sonra Profyumo heç vaxt rəsmi dövlət vəzifəsinə təyinat almayıb. O, uzun illər xeyriyyə fondlarında çalışıb, bu fondlara valideynlərindən qalmış milyonlardan böyük vəsaitlər sərf edib.

Qalmaqallı hadisədən sonra Kristin Kiler doqquz ay müddətinə azadlıqdan məhrum edilib.

Modelin digər məşuqu Yevgeni İvanov isə qalmaqallı seks hadisəsindən sonra Londondan geri çağırılıb. Sonralar o, öz xidmətini Moskvada, Baş Kəşfiyyat İdarəsində uğurla davam etdirib.

1963-cü ildə baş vermiş bu hadisə Britaniya tarixinə “Profyumo işi” adı ilə düşüb. Bu hadisəyə görə Profyumo vəzifəsindən kənarlaşdırılsa da, mütəxəssislərin qənaətinə görə nazirin ötürdüyü informasiyalar bir o qədər ciddi, Britaniya üçün təhlükələr yarada biləcək məlumatlar olmayıb.

Hadisənin əsas iştirakçıları, Con Profyumo 2006-cı ildə, 91 yaşında Londonda, Kristin Kiler 2017-ci ildə, 75 yaşında İngiltərənin Farnboro şəhərində, Yevgeni İvanov isə 1994-cü ildə, 68 yaşında Moskvada vəfat edib.

Məhəbbət üçbucağının hər üç “qəhrəman”ı sonralar yazdıqları xatirələrində 1963-cü il hadisələrinə xüsusi yer ayırıblar və hər üçü də etiraf edib ki, hər bir görüşdə bir məqsəd var idi, amma bu məqsədlərlə yanaşı münasibətlərdə sevgi hissləri də mövcud idi.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR