İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar deyərdi, “igid əmək itirməz”

2234 17.02.2023 10:10 Yazarlar A A

O çox düzgün fikirdir ki, sol əlin verdiyini sağ əl bilməməlidir. Həqiqətən insanlara maddi yardım edəndə, köməklik göstərəndə bunu videolentə çəkib paylaşmaq, bunun üzərində piar kampaniyası aparmaq yolverilməzdir.

Bu, o anlama gəlir ki, sən əslində kiməsə maddi yardım göstərmirsən, özünün nə qədər humanist, xeyriyyəçi, yardımsevər, bir sözlə, yaxşı adam olduğunu sübut etmək istəyirsən və bunu gələcək mənfəətlər üçün açar kimi istifadə edirsən. Belə “xeyriyyəçiliy”in əsl məramı tezliklə üzə çıxır: adam tezliklə ya deputat olmaq istəyir, ya da nəsə bir biznes-planı var, həyata keçirməyə çalışır, istəyir ki, yüz yeyəni olsun, bir deyəni olmasın.

Burada məsələni qəlizləşdirən daha iki məqam var. Birinci məqam odur ki, xeyriyyəçiliyini əl altından, adın çəkilmədən edəndə, gün gəlir ki, at kimi üzünə durub deyirlər: “Sən bu xalq üçün nə etmisən? De də, de, görək, neynəmisən, nə vaxt bir yaralı barmağa ilk tibbi yardım göstərmisən?”

Bax, onda indiyədək adının çəkilməməsini istəyən xeyriyyəçi barmağını qatlaya-qatlaya saymağa başlayır, 10-cu barmağını qatlayanda artıq damğası hazırdır: “Etdiklərini başa qaxır”. Axı onu buna siz vadar etdiniz. Haqqını dandınız, etdiklərini görməzliyə vurdunuz, özünü aşağılamağa çalışdınız, o da dilə gəldi.

İkinci məqam xeyriyyəçilik kampaniyası ilə bağlıdır. Elə olur ki, fəlakət böyük ölçüdə olur, ortada minlərlə zərərçəkən, yardıma ehtiyacı olan qalır. O zaman onları vəziyyətdən çıxarmaq üçün çox adamın köməkləşməsinə ehtiyac yaranır. Bu halda birinci ən comərd, ən səxavətli adam irəli durub xeyriyyəçilik edir, alqış, öygü, təqdir qazanır. Yalnız bundan sonra başqaları da “qonşudan dala qalma” devizi ilə ortalığa çıxır, “heç kimdən əskik oğlan olmadığını” sübut etməyə çalışır, nəticədə kampaniya genişlənir, insanların problemləri həll olunur.

Bu baxımdan bəzən xeyriyyəçiliyin vüsət alması üçün onun reklam olunması vacibdir. Bu, həm də təşviq üçündür, başqalarını da xeyirxahlığa yönləndirmək məqsədi daşıyır. Fəqət gərək hamı həddini bilsin, şəffaf sərhədin harada bitdiyini dəqiq müəyyən etsin, anlasın ki, binəsib insanları sıraya düzmək, hərəsinə bir qutu ərzaq paylayıb, sifətlərini iri planda videoya çəkdirmək nə xeyriyyəçilikdir, nə də başqa bir şeydir, bu, sadəcə, o insanları alçaltmaqdır.

İndi gələk son günlərdə adımızın qarışdığı xeyriyyə olayının təfərrüatlarına. Öz köhnə, yamaqlı maşını ilə Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş yardımtoplama məntəqəsinə yorğan-döşək, geyim-kecim aparan eloğlumuzun şəklini görən kimi bu barədə saytda kiçik yazı yazdım, ayrıca sosial şəbəkələrdə həmin şəklini paylaşmışdım və “imkan olsaydı, bu adama təzə maşın bağışlayardım” deyə bir qeyd etmişdim.

Mənim paylaşımımdan dərhal sonra media qrupumuzun rəhbəri Rauf Arifoğlu “o adamın bu hərəkəti məni kövrəltdi, onu tapmaq lazımdır” deyəndə mən anladım ki, bu axtarış boşuna deyil. Amma ta açılışmadıq, nə o, bir söz dedi, nə də mən bir söz soruşdum. Tezliklə şəklin fotoşop əsəri olmadığını, adamın adının Sərvər olduğunu öyrəndik. Onu tapdıq, danışdırdıq, müsahibəsini yayınladıq. Aparıcı Tolikin Sərvərə maşın bağışladığı xəbəri gələndə Rauf bəyin üzündən məyusluq dalğası keçdi, dilinə isə bu söz gəldi: “Hmm, Tolik qabağa düşdü”. Bu, o demək idi ki, Sərvərə yeni maşın bağışlanması ideyası artıq var imiş, Tolik bizi qabaqlayıb.

Sonradan elə oldu ki, o sevda baş tutmadı və R.Arifoğlu təşəbbüsü ələ aldı, türkün sözü, nə yapdı, etdi, kasıb halıyla mərdlik nümayiş etdirən Sərvərin yeni avtomobil sahibi olmasını başa gətirdi.

Bəzi xoşagəlməz söhbətlər olmasa bunu açıb yazmayacaqdım. Bəli, Sərvərə maşın bağışlayan türkiyəli iş adamıdır, qəzetimizin və Rauf Arifoğlunun dostudur. Türk dünyası ilə bağlı ortaq layihələrimiz olub, türkçülük azlıqda olanda, hələ müharibədən əvvəl "Turan" qurultayları keçirtmişik. O qurultaylarda, böyük beynəlxalq tədbirlərdə istəyimiz və mərkəzi iştirakımız olduğu kimi, budəfəki xeyriyyə prosesində də istəyimiz və iştirakımız olub. Məsələnin mahiyyəti budur.

İndi baxıram ki, tv-lərdə bu olay barədə süjet verirlər, bizim adımız çəkilən, görüntümüz olan yerləri kəsib-doğrayır, montaj edib verirlər. Olsun. Belə baxanda dəhşətli bir şey deyil, amma haqq yeməkdir, yaxşı bir iş görmüş adamın zəhmətini yerə vurmaqdır. Bu işlər öz-özünə başa gəlmir. O kommunikasiyaları quran, tərəflərə 7-8 dəfə zəng edən, onları virtual qaydada görüşdürən, maşın üçün ayrılan pulu qəbul edən, maşın salonuna gedib, layiqli bir avtomobil seçən, pulunu ödəyən, hədiyyə sahibini çağırıb açarları təqdim edən adamlar var. Bir qara qəpik xeyirləri olmadan bu işi gördülər.

Sərvərə bağışlanan maşın da, bəzilərinin dediyi kimi, 15-20 min manatlıq maşın deyil, düz 45 200 manata alınıb. Sərvər onu sağlıqla, xeyir işlərə sürsün, içində oğluna gəlin gətirsin. Bu onun halal haqqıdır. O ki bir comərd hərəkəti ilə 84 milyonluq xalqa Azərbaycanın Türkiyəni necə sevdiyini sübut etdi, bu adama doğrudan da mükafat düşür, bizə isə bir quru “sağ ol” bəsdir.

Hələ bunu da deyən var, deməyən var. Zatən, 28 ildən sonra Şuşanın düşmən işğalından azad olunmasına mız qoyanların olduğu ölkədə belə şeylərə ağız büzənlərin olması çox da yandırıcı hal deyil.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR