İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: “Azərbaycanın Mərakeşə dəstəyi qardaşlıq və dostluğun sübutudur” - Fotolar

1006 09.12.2022 16:23 Mədəniyyət A A

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində “Mərakeş Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdiyini bildirib:

“Ölkələrimiz arasında bir çox bağlar var. Mərakeş və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair bir çox nümunələri göstərmək olar. Qətərdə keçirilən dünya çempionatında Azərbaycan xalqının bizə dəstəyi ölkələrimiz arasındakı gözəl dostluq və qardaşlıq əlaqələrinin əsil sübutudur. Şənbə günü Mərakeş daha bir böyük futbol ölkəsi olan Portuqaliya ilə qarşılaşacaq. Ümid edirik ki, Mərakeş Portuqaliyanı 3:1 hesabı ilə məğlub etdiyi 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı çıxışımızı yeniləyəcək. Ancaq unutmayaq ki, qalib gəlsək də, məğlub olsaq da futbolun sehri bir araya gələn bütün millətlər arasında harmoniya və birlik hissi ilə bağlıdır. Odur ki, ən yaxşı komanda qalib gəlsin. Təbii ki, Mərakeş”.

Səfir xatırladıb ki, 3 ay əvvəl Mərakeş səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün “Mərakeş Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm müsabiqəsinə start verib:

“Bu müsabiqənin keçirilməsində məqsəd iki ölkənin rəssamları və gəncləri arasında körpü yaratmaq, gəncləri ümumilikdə incəsənətə həvəsləndirməkdir. Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssam iştirak edib. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görülüb. Qalib olan rəsmlər tanınmış Mərakeş və Azərbaycan rəssamları Mahi Binebine, Abderrahim Yamou, Əsmər Nərimanbəyova və Nərgiz Quliyeva tərəfindən seçilib”.

Daha sonra qaliblər mükafatlandırılıb. Tədbir Mərakeş və Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR