İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidən sonra ilk tədbir və Prezidentin hərbi geyimdəki mesajları

758 13.02.2024 12:59 Gündəm A A

Siyasi ekspert: “Heç bir halda Ermənistanı alət etməklə bölgəni yenidən qarışdırmağa cəhd eləyən neoimperialist qüvvələrə fəaliyyət imkanı verməyəcəyik”

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov və Türkiyənin “Bayraktar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verib. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.

Sonra Ali Baş Komandan hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.

PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib. Daha sonra Prezident İlham Əliyev anqar komplekslərinə baxış keçirib. Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış olub.

Qeyd edək ki, bu, seçkidən sonra Prezidentin qatıldığı ilk belə tədbir idi və Prezident İlham Əliyev bu təbdirdə hərbi geyimdə iştirak etdi. Siyasi ekspertlər hesab edir ki, bununla Azərbaycan dövlətinin mesajı bir sıra güclərə, dairələrə verilmiş oldu. 

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövlətinin Cənubi Qafqazda sülh münasibətlərinin normallaşması və yeni yaranmış reallıqların şərtlərinə uyğun dövlətlərarası münasibətlərin qurulması istiqamətində ortaya qoyduğu iradə bölgəmizlə bağlı çirkin maraqları olan dövlətlər tərəfindən heç də xoş qarşılanmır. Məhz bunun nəticəsidir ki, uzun müddətdir Azərbaycana qarşı total şəkildə informasiya müharibəsi həyata keçirilir: “Bir çox Qərb mətbuatı Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşına istiqamətlənmiş informasiya texnologiyalarından istifadə etməklə psixoloji basqı reallaşdırmağa çalışır. Başlıca hədəf guya Azərbaycanın millitarist bir dövlət olaraq bölgə üçün, xüsusilə də Ermənistan üçün hərbi təhdid formalaşdırması rəyini yaratmaqdır. Burada təbii ki, başlıca məqsəd Azərbaycanın ortaya qoyduğu qətiyyətli, dönməz iradəyə təsir edib böyük neoimperialist güclərin bölgəmizlə bağlı çirkin maraqlarına Azərbaycanın vurduğu zərbələri neytrallaşdırmaq və mümkün qədər öz maraqlarını təmin etməyə yönəlib. Təsadüfi deyil ki, hələ ötən ilin oktyabrından başlayaraq bir sıra Avropa media orqanlarında, eləcə də ABŞ-ın ayrı-ayrı dairələrində Azərbaycanın guya Ermənistana qarşı hərbi təcavüz planlaşdırdığı, Ermənistanın cənub ərazilərini qısa müddət ərzində işğal edəcəyi ilə bağlı absurd, heç bir fakta əsaslanmayan "elmi proqnozlar" səsləndirməyə başlayıblar. Qısa müddət sonra Azərbaycanın belə bir planının olmadığının rəsmi şəkildə bəyan edilməsinə baxmayaraq, xüsusilə də ötən ilin dekabr ayının 7-də Ermənistan və Azərbaycan arasında müstəqillik tariximizdə ilk unikal birgə fəaliyyət ortaya qoyulması Azərbaycanın bölgədə münasibətləri gərginləşdirməyə çalışan Qərb güclərindən fərqli olaraq sabitləşdirici və sülhyaradıcı missiya yerinə yetirdiyini bir daha ortaya çıxardı. Bunun üzərindən Azərbaycana yeni təzyiq mexanizmləri formalaşdırmaq üçün ABŞ-ın Ermənistandakı səfirliyi, sonra ABŞ Xarici Əlaqələr Komissiyası tərəfindən yenə də absurd bəyanatlar səsləndirildi. Amerika səfirliyinin əməkdaşlarının Azərbaycanla sərhədə, Qərbi Zəngəzur ərazilərinə səfər etməməklə bağlı “öncəgörmələri” səsləndirildi. Bu il Ermənistanla Azərbaycan arasında şərti sərhədə yaxın ərazilər hərbi toqquşmaların baş vermə ehtimalı yüksək olan ərazilər kimi ABŞ institutu tərəfindən qiymətləndirildi. Bunların hamısının təbii ki, başlıca hədəfi Azərbaycanı təzyiq altında saxlamaqla emosional davranışlara sövq etmək və nəticə etibarilə Ermənistan tərəfindən Ermənistan-Azərbaycan şərti sərhədində törədiləcək təxribatlara Azərbaycanın kəskin cavab verməsinə nail olmaq, bununla beynəlxalq səviyyədə guya Azərbaycanın işğalçı aqressor təsəvvürünü formalaşdırmaq məqsədi güdülür. Bu əhval-ruhiyyəni daha gücləndirmək, Ermənistanda revanşizmi alovlandırmaq, Azərbaycana qarşı müxtəlif hərbi təxribatlara təhrik etmək üçün Ermənistanın həm Rusiya tərəfindən, həm də çox təəssüf ki, demokratiya pərdəsi altında gizlənmiş Qərb neoimperialist qüvvələri tərəfindən davamlı şəkildə silahlandırılması həyata keçirilir. Belə bir mühit formalaşdırılmağa çalışılır ki, Ermənistan cəmiyyətindəki revanşist düşüncə davamlı olaraq artmaqdadır, bir gün Azərbaycanın 44 günlük Vətən müharibəsi və ondan keçən dövr ərzində ortaya qoyduğu hərbi gücə qarşı Ermənistanda da alternativ hərbi güc formalaşmaqdadır. Azərbaycan Prezidenti daim Ermənistanda revanşizmin, Ermənistanda yenidən Azərbaycana qarşı işğalçılıq əhval-ruhiyyəsinin genişlənməsinə qarşı əks mövqeyimizi, ədalətli mövqeyimizi davamlı olaraq ifadə edib. Hər zaman qeyd edib ki, Azərbaycana qarşı hər hansı bir təhdidin formalaşdığı müşahidə olunacaqsa, həmin təhdid yerindəcə məhv ediləcək. Ermənistana qarşı sərgilənən son dəstək kampaniyaları, eyni zamanda Ermənistanın sürətli şəkildə silahlandırılması istiqamətində atılan addımlara cavab olaraq fevralın 9-da - Prezident seçkisindən iki gün sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hərbi hava qüvvələrinin bir sıra hərbi obyektlərinə baş çəkdi və silahlanmaya yeni qəbul olunmuş ultramüasir silahlardan hesab olunan “Akıncı” hücum PUA-larının uçuş prosesini izlədi".

Politoloq onu da qeyd etdi ki, həmin tədbirə hərbi geyimdə qatılması ilə Azərbaycan Prezidenti əslində Ermənistana və Ermənistanı növbəti münaqişəyə təhrik edən havadarlarına mesaj çatdırmış oldu ki, Azərbaycan daim ordunun silahlanmasına yeni müasir silahlar cəlb edir və heç bir halda biz Ermənistanı alət etməklə bölgəni yenidən qarışdırmağa cəhd eləyən neoimperialist qüvvələrə fəaliyyət imkanı verməyəcəyik: “Prezident mesaj verdi ki, Azərbaycan Ordusu daim təkmilləşir, daim güclənir və dövlətimizə, xalqımıza qarşı, sərhədlərimizə qarşı hər hansı bir təhdid yaranacaqsa, Azərbaycan Silahlı Qüvvələri həmin təhdidi yerindəcə məhv etmək, revanşizmi yerində boğmaq gücündədir.  Hesab edirəm ki, bu mesaj ünvanına çatıb. Bundan sonra kənar güclər Cənubi Qafqaza münasibətdə daha ehtiyatlı davranış nümayiş etdirmək məcburiyyətində qalacaqlar. Ermənistan hərbi-siyasi elitası və cəmiyyəti də Azərbaycan Prezidentinin bu mesajından nəticə çıxarmalıdır. Bilməlidir ki, bölgəmizdən kənar qüvvələrin əlinin altında alət olmaq yalnız öz xalqına, öz dövlətinə bəlalar gətirməklə yekunlaşacaq. Azərbaycanla güc dili ilə, təhdid dili ilə danışmaq mümkün deyil”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR