İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki həyəcanı başladı - gözlər YAP-da 

1222 29.06.2024 10:54 Siyasət A A

Prezident parlamenti buraxdı və sentyabrın 1-nə seçki gününü təyin etdi; bu yay siyasi hərarət yüksək olacaq; siyasilərdən açıqlamalar

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci  maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin".

Beləliklə, ölkədə seçki həyəcanı başladı. 

Hazırda gözlər ən çox YAP-dadır. Çünki hakim partiyanın namizədlərini elan etməsi iddialar üçün vacib amildir. 

Politoloq Nurlan Qələndərli "Yeni TV"nin CANLI YAYIMINDA

Nurlan Qələndərli

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, YAP İdarə Heyətinin iclasından sonra partiyanın deputatlığa namizədlərinin siyahısı elan olunacaq.

Nəzərə çatdıraq ki, əksər partiyalar seçkilərdə iştirak qərarı verib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiya namizədlərini müəyyən edib:

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə

“Ölkə başçısının seçki gününün təyin edilməsi ilə bağlı sərəncamını gözləyirdik. Seçki Məcəlləsinə müvafiq olaraq, prezidentin seçki gününü təyin etməsi ilə bağlı qərar mətbuatda rəsmi dərc olunduğu gündən etibarən namizədliklərin irəli sürülməsi proseduru başlayır. Namizədlər həm öz təşəbbüsləri ilə, həm də təmsil olunduqları partiyalar tərəfindən irəli sürülə bilərlər. Bununla bağlı partiyaların qərarı olacaq. Amma bir nüansa diqqət yetirmək istəyirəm ki, partiya namizədlərinin irəli sürülməsi zamanı bir çox əlavə sənəd tələb olunduğu üçün bir çox halda partiya üzvləri partiyalılıqlarını göstərməklə öz təşəbbüsləri ilə müvafiq dairələrdə namizədliklərini irəli sürürlər. İlkin olaraq namizədlik irəli sürüldükdən sonra dairə seçki məntəqələri tərəfindən imza vərəqələri verilir. Namizədlər ən azı 450 etibarlı səs toplayaraq dairə seçki komissiyasına təqdim etməlidirlər. Sənədlər qanunamüvafiq qəbul edilərsə, namizədlik qeydə alınır. Təbii ki, seçki kampaniyasının yayın ən isti dövrünə düşməsi müəyyən problemlər yaradacaq. Hesab edirəm ki, qarşısı alına biləcək narahatlıqlar olacaq. Namizədlərimiz müəyyən edilib. Hələ fevral ayında ayrı-ayrı dairələr üzrə kimlərin namizəd olacağı ilə bağlı sorğu keçirilib. Anketlər tərtib olunaraq mərkəzi qərargaha təqdim olunub. Ən qısa zamanda namizədlərin adları açıqlanacaq”. 

Əlaqə saxladığımız digər siyasi qurumların nümayəndələri də prosedur üzrə namizədlərini yaxın günlərdə açıqlayacaqlarını, hələlik konkret dairələr üzrə iddialıların bəlli olmadığını dedilər.  

Qeyd edək ki, hazırkı deputatların səlahiyyət müddəti növbədənkənar seçkilərdən və parlamentin yeni tərkibi formalaşandan sonra bitəcək.

Azərbaycan Respublikasının Konstitusiyasının 87-ci maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR