İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki bitdi, təzə komanda quruldu - “Ərdoğana varis axtarışı başlanır” iddiası

1692 06.06.2023 11:31 Siyasət A A

Ekspert: “Türkiyə siyasi proseslərin dinamik olduğu ölkədir, burada qərarlarda həm də situasiyanın təsiri olur”

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan iyunun 3-də and içən gün təzə hökumətin tərkibini açıqladı. Kabinet demək olar, tam dəyişdirildi. Ancaq qardaş dövlətin xarici siyasət kursu yəqin ki, ciddi dəyişikliyə uğramayacaq və əvvəlki illərdəki  kimi proqnoza yatımlı olacaq.     

Rusiyalı tanınmış politoloq Sergey Markov da hesab edir ki, Ərdoğanın xarici siyasəti əsasən dəyişməz qalacaq, çünki seçicilər bu siyasəti dəstəkləyiblər. Lakin onun fikrincə, inflyasiya və lirənin zəifləməsi çox yüksək olduğu üçün iqtisadi siyasət dəyişdiriləcək.

“Türkiyə İsveçi NATO-ya buraxacaq. Ancaq qarşılığında ABŞ və AB-dən böyük güzəştlər alacaq. Yəni ABŞ və AB İsveçin NATO üzvlüyünü Ankaradan almalı olacaq. Suriyalı qaçqınların Suriyaya kütləvi köçürülməsi başlayacaq. Bunun üçün isə orada kütləvi mənzil tikintisi aparılacaq. Çünki türklər suriyalı qaçqınlardan daha çox qıcıqlanmağa başlayıblar. Eyni zamanda Türkiyənin Suriya ilə əlaqələri yaxşılaşacaq. Rusiya taxıl sazişindən imtina edəcək. Türkiyə bunu qəbul edəcək. Həvəssiz, amma münaqişə olmadan”, - deyə o qeyd edib.

Markov onu da bildirib ki, hakim partiya daxilində Ərdoğanın varisi üçün aktiv axtarışlar başlayacaq: “Çünki 2028-ci ildə o, daha seçkiyə getməyəcək”.

Markovun təxmin və gözləntilərini azərbaycanlı analitiklər bölüşürmü? Partiya daxilində Ərdoğanın potensial varisi qismində kimlərin adlarını çəkmək olar?

Hazırda əsas suallar bu istiqamətdədir.

Bu arada qeyd edək ki, millət vəkili seçildikləri üçün yeni kabinetdə yer almayan bəzi simalar var ki, ciddi müzakirə olunurlar. Onlar iyunun 3-nə qədər xarici işlər naziri vəzifəsini icra edən Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və daxili işlər naziri Süleyman Soyludur. Ərdoğanın gələcək varisləri sırasında bu şəxslərin adları çəkilir. Arqument kimi də Türkiyə qanunları ilə nazir postunu icra edən şəxslərin siyasətlə məşğul olmaq qadağasının olmasıdır. Onun üçün də əslində deputatlığa namizəd irəli sürülmələri ilə varis hazırlanması prosesinə start verildiyi iddia olunur. Doğrudur, o versiya da var ki, Ərdoğan daha çox Türkiyə Böyük Millət Məclisində say çoxluğu qazanmaq üçün ən iri “tanklarını” namizəd kimi irəli sürdü. Bu plan bir qədər inandırıcı gəlir. Çünki seçki sonucu göz önündədir.

Bir iddia isə Çavuşoğlu ilə bağlıdır. Onun doğma vətəni Antalyada iqtidarın son üç seçkini uduzmasının kreslosunu laxlatdığı və sonunda vəzifəsini itirməsi ilə nəticələndiyi kimi iddialar səslənir.

Mustafa Ilıcalı kimdir? Mustafa Ilıcalı nerelidir, kaç yaşında? Mustafa  Ilıcalı Acun Ilıcalı'nın neyi oluyor? Ulaştırma ve Altyapı Bakanı Mustafa  Ilıcalı mı oldu? - Haymana Gazetesi

Mustafa İlıcalı 

Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı bəzi fikirlərlə razı deyil. O, Azərbaycan rəhbərinə təşəkkür etməyi də unutmadı: “Sayın Cümhurbaşqanımız Məclisi əlində tutdu. Başqanımız millət, vətən sevdalısıdır. 21 il uğurla ölkəmizi idarə etdi. Xarici siyasətdə böyük uğurlar qazandıq. Azərbaycan kimi qardaş ölkə ilə olan qardaşlıq münasibətimizi sayın Cümhurbaşqanı qurdu. Sizlər də daim yanımızdasınız. Ona görə sayın Cümhurbaşqanınız başda olmaqla, bütün azəri qardaşlarımıza təşəkkür edirik. Bütün dünyanın diqqəti bizim seçkilərdə idi. Son 5 ildə prezidentlik idarə-üsulunun ölkəmizdə necə uğurlu olduğunu hər kəs gördü. Qarşıdakı 5 ildə də uğurlu olacağına inanıram. Yeni nazirlərin də uğurlu olacağına hər kəs əmin olsun. Yeni kadrların hər biri təcrübəlidir. Dəyişdirilən nazirlərin sağ qolları olublar, sistemi bilirlər. Məclisdə 323 millət vəkili ilə çoxluq əldə etdik. Rəqiblərə fürsət verməmək üçün bu qərar alındı. Vəzifələrinə dönmələri üçün həmin şəxslərin millət vəkilliyindən istefa vermələri gərəkirdi. O zaman 323-dən millət sayımız 308-ə düşürdü. Yeni kadrlarla sayın Ərdoğanın işi daha da asanlaşacaq. Çünki dediyim kimi, onların hər biri təcrübəli insanlardır. Burada varis kimi məsələlərdən söz açılır, xeyr belə deyil. Heç bir niyyət yoxdur. Türkiyəmiz bu dəyişikliklərlə daha da güclənəcək. Heç kəs narahat olmasın. Vaxtilə Cümhurbaşqanlığı sisteminə etiraz edənlər indi bu sistemin ölkəmiz üçün necə uğurlu olduğunu görürlər. Burada xüsusi olaraq, Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirik. İlk günlərdən yanımızda oldu. Bu dostluğumuz daimi olsun. Biz hər zaman dünyada məzlumların yanında olmuşuq. Bundan sonra da elə olacaq. Bu dəyişiklik qərarı çox doğru idi. Məclisi əldə tutmaq çox vacib idi. Düşünürəm ki, bu ağır seçki sürəcindən ölkəmiz uğurla, qalib çıxdı. Bu qalibiyyət münasibətilə hər kəsi təbrik edirəm. Uğurlarımız gələcəkdə də bizimlədir. Sonda azəri qardaşlarımın hər birinə salamlarımı çatdırıram”.

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov

Deputat Azər Badamov bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türkiyənin siyasətinin davam etdirilməsi deməkdir: “Növbəti 5 ildə də həm xarici, həm də daxili siyasət daha uğurla davam etdiriləcək. Hökumətin tam tərkibdə dəyişilməsi heç də Türkiyənin siyasətində dəyişikliyin olacağı anlamına gəlmir. Türkiyənin siyasi kursunu Prezident Ərdoğan müəyyənləşdirir. Hökumət isə prezidentin müəyyənləşdirdiyi kursu həyata keçirir. İqtisadi siyasətdə ola bilsin dəyişikliklər edilsin. Çünki lirənin kəskin ucuzlaşması insanlarda narazılıq yaratmış və bunu da seçkilərdə müxalifəti dəstəkləyənlərin sayının çox olmasından görmək mümkündür. Qeyd edə bilərəm ki, lirənin ucuzlaşması və infilyasiyanın yüksək həddə olması müəyyən amillərlə bağlıdır. Hesab edirəm ki, qarşıdan gələn dövrdə Türkiyənin iqtisadi siyasətində yeni dəyişikliklər gözlənilir. Prezident Ərdoğan andiçmə mərasimində bir daha qeyd etdi ki, hər şey vətəndaşlar üçündür. Xarici siyasətində çox güclü olan, sözü dünya siyasətini dəyişdirən Prezident Ərdoğan ölkədaxili müəyyən çətinlikləri də qısa bir zamanda aradan qaldıra biləcək. Təbii ki, burada suriyalı qaçqınlar məsələsi də əsas yer tutur. Suriyalılar öz yurdlarına qayıtmalıdır. Bunun üçün müəyyən tədbirlər görüləcək. O cümlədən İsveçin NATO-ya üzvülük məsələsi də Türkiyənin milli maraqlarına uyğun həll olunacaq. Bunun üçün nə etmək lazımdırsa Prezident Ərdoğan yaxşı bilir. Rusiya ilə münasibətləri də öz axarı ilə davam edəcək. Taxıl sazişi ilə bağlı müəyyən suallar yaranır. Bunun gələcəyinin necə olacağı Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Ona görə də qabaqcadan proqnoz vermək çətindir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Ərdoğanın yenidən prezident seçilməsi regiona və dünyaya sülhün və ədalətin gəlişinə yeni töhfələr verəcək”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Əvvəla onu deyim ki, qardaş ölkənin xarici işlər naziri olan vaxtı Türkiyənin maraqlarını qoruyan kimi, Azərbaycanın da maraqlarını qoruyan Mövlud Çavuşoğluna, daxili işlər naziri olan zaman ölkə daxilində, xüsusən də cənubi-şərqi Anadoluda PKK terrorçularının belini qıran Süleyman Soyluya və hərbi xunta zamanı ali baş komandanına sədaqətini saxlayan, həmçinin, İkinci Qarabağ müharibəsində yanımızda duran Hulusi Akara Allah razı olsun deyirik. Türkiyə xalqı kimi, Azərbaycan xalqı da hizmətlərinizi unutmayacaq. O ki qaldı varisin axtarışı məsələsinə, fikrimcə, buna artıq start verilib. Mən şəxsən düşüncələrimdə varis məsələsində Bayraktarın üstündə dayanırdım. Xüsusən də Bayraktarın Azərbaycandakı çıxışından sonra bu fikrimdə qətiləşdim. Bayraktar Azərbaycanda ilk olaraq həm də siyasi çıxış etdi və bu çıxış Ərdoğan üslubuna bənzər bir çıxış idi. Tayyib Ərdoğan prezident seçiləndən sonra yeni kabinet təqdim etdi və bu komandada bir çox əvvəlki üzvlərin adının olmaması gözlənilən idi. Çavuşoğlu, Akar, Soylu kimi isimlərin millət vəkili seçilməsindən sonra aydın idi ki onlar daha nazir olmayacaq. Yeni dönəmə, yeni isimlər lazımdır. Varislə bərabər komandası seçilir. Keçmiş MİT rəhbəri Hakan Fidan XİN rəhbəri təyin ediləndən sonra varis məsələsində onun adı da hallanmağa başladı. Amma bu məsələdə dəqiq adları hallandırmaqda tələsməməyi tövsiyə edirəm”.

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu Ərdoğanın varis axtarışlarını təbii sayır: “Köhnə komandadan 3 nəfərin - hansılar ki, iddialı şəxslər idi - yeni komandada yer almaması müxtəlif fikirlərə yol açıb. Çünki bir çoxlarına görə həm Hulusi Akar, həm də Soylu vəzifələrində qalacaqdı. Hətta Soylunun vitse-prezident olacağı ilə bağlı şayiə də var idi. Mümkündür ki, Ərdoğan qarşıdakı illərdə bu adamlara yenidən vəzifə versin. Məsələn, bəzi mənbələr Soylunun gələn il martda bələdiyyə seçkilərində İstanbul meri vəzifəsinə namizəd göstəriləcəyini qeyd edir. Soylu hazırda İstanbuldan deputatdır. Lakin bütün bunları həm də o dövrün şərtləri müəyyən edəcək, Türkiyə siyasi proseslərin dinamik olduğu ölkədir, burada qərarlarda həm də situasiyanın təsiri olur. Çavuşoğlunun hansısa vəzifəyə gətiriləcəyini deyə bilmərəm, bu barədə hər hansı məlumat və ya iddia yoxdur, ciddi mənbələrdə. Akara gəldikdə, belə görünür ki, Ərdoğan qarşıdakı dövrdə komandanın daha az nüfuzlu və iddialı şəxslərdən formalaşmasını istəyib. Çünki Akarın nüfuzu xeyli artmışdı. Ərdoğana varis axtarışlarına gəlincə, bu, əlbəttə, təbii və zəruridir. Çünki konstitusiyaya əsasən Ərdoğanın növbəti dövrdə prezident seçilməsi mümkün deyil. Ola bilər ki, səhhəti imkan verərsə, 2028-dən sonra AKP-nin sədri kimi qala bilər. Amma prezident postu yenilənəcək. Bu mənada varis axtarışı təbiidir. Ancaq varisin kənardan olacağı bir qədər çətindir. Çünki Türkiyə Şərq ölkəsidir və AKP də lider mərkəzli partiyadır. Bu mənada düşünürəm ki, AKP sədrinin gələcək varisi ona şəxsən yaxın olan ailə üzvü ola bilər. Əks təqdirdə, komandanı bir arada saxlamaq çətin ola bilər. Hələlik seçkilər yeni başa çatıb. Qarşıda ən azı 4 il var. Bu mənada 4 il qabaq üçün nəsə demək tezdir. Lakin hər bir halda varis ssenarisi ilə bağlı ilkin ehtimallar var və yəqin ki, qarşıdakı dövrdə bunlar yazılıb müzakirə olunacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR