İnsanlara hürriyət, millətlərə istiqlal!

Sayılmayan qola görə 328 azarkeş ölüb – hadisə 58 il əvvəl Peruda baş verib

1887 13.07.2022 13:35 Yaxın tarix A A

Futbol dünyada idman növləri arasında ən populyar oyun sayılır. Bu oyun hələ bizim eramızdan əvvəl 476-cı ildə Çində kəşf edilib. Dünyanın ilk furbol klubu isə 1857-ci ildə yaradılan ingilislərin “Şeffilda” klubu olub. Digər idman növlərindən fərqli olaraq furbol tarixi maraqlı hadisələrlə daha zəngindir. Bütün oyunlarda azarkeşləri həyəcanlı anlar, qələbə sevinci, məğlubiyyət məyusluğu müşayiət edir. Amma heç də həmişə matçlar qələbə və məğlubiyyət hissləri ilə yekunlaşmır. Futbol tarixində elə hadisələr olub ki, yaşıl meydançalar qırmızı rəngə boyanıb, stadionlarda kütləvi ölüm halları baş verib, faciələr yaşanıb...

Böyük faciə ilə sona çatan belə oyunlardan biri də 1964-cü ildə Perunun paytaxtı Lima şəhərində baş verib. Həmin il mayın 24-də “Estadio Nasonal” stadionunda XVIII Yay Olimpiya Oyunlarının seçmə turunda Peru yığması ilə Argentina futbolçuları qarşılaşıblar. Peru komandasının olimpiya oyunlarına vəsiqə qazanması üçün bu oyunda qələbəsi zəruri sayılıb.

3321333_original.jpg (93 KB)

Hələ matça bir-iki həftə qalmış bütün biletlər satılıb. Azarkeşlərin sayı isə bileti olanların sayından bir neçə dəfə çox olub. Məhz bu səbəbdən də bileti olanlar stadiona daxil olduqdan sonra giriş qapıları polislər tərəfindən bağlanıb. Oyunun gərgin keçəcəyi, azarkeşlərin biletsiz stadiona daxil olacaqları ehtimalı nəzərə alınaraq stadiona əlavə polis qüvvələri cəlb edilib.

Matçın birinci hissəsində tərəflərin mübarizəsi, demək olar ki, bərabər olub və heç bir insident müşahidə edilməyib. İkinci hissənin ilk dəqiqələrində Argentina futbolçuları hesabı açıblar.

Argentinalıların qolu stadionda azarkeşlər arasında ilk qıcıq dalğasını yaradıb.

3320863_original.jpg (118 KB)

Matçın son dəqiqələrində, nəhayət, Peru futbolçusu Viktor Lobaton hesabı bərabərləşdirməyə nail olub. Onun argentinalıların qapısından keçirdiyi top Peru azarkeşlərində qələbəyə ümidi artırıb və onlar son dəqiqələrdə öz futbolçularından daha bir qol gözləyiblər. Məhz belə ümidli bir əhvalda hər şey dəyişib. Lobatonun vurduğu qoldan sonra hakim topu mərkəzə qoymağa işarə verəndə argentinalı futbolçular etirazlarını bildiriblər və qayda pozulduğuna görə hakimdən qolu saymamağı tələb ediblər. Hakimlə Argentina futbolçuları arasında saniyələr ərzində müzakirələrdən sonra hakim qərarını dəyişib və

Lobatonun qolu sayılmayıb. Bütün hadisələr də hakimin bu qərarından sonra başlayıb.

3321594_original.jpg (78 KB)

Yaşıl meydançaya ilk olaraq yerli polis bölməsində yaxşı “tanınan”, “bomba” təxəllüsü ilə məşhur olan Viktor Kampos düşüb. O, məsələni aydınlaşdırmaq üçün hakimə yaxınlaşmaq istəyəndə polislər onu bir göz qırpımında “zərərsizləşdiriblər”. Polislərin bu davranışı azarkeşləri daha da hiddətləndirib. Artıq stadionun bütün tribunalarından yaşıl meydançaya kütləvi axın başlayıb. Stadionun yardımçı otaqları, oturacaqlar azarkeşlər tərəfindən yandırılıb, reklam vitrinləri, köşklərin süşələri sındırılıb. Hakimlər və futbolçular yaşıl meydançanı çətinliklə tərk edərək stadionun inzibati binasında gizlənə biliblər.

On minlərlə azarkeşi sözlə, qayda-qanuna riayət etməyə çağırışla sakitləşdirməyin mümkün olmadığını anlayan polislər yanğınsöndürmə avtomobillərindən azarkeşləri su şırnağna tutublar. Suyun tərkibində gözqamaşdırıcı maddə də olub və bu, vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, gözqamaşdırıcı maddədən ətrafı görməyən azarkeşlər bir-birlərinin üstündən keçiblər.

3322021_original.jpg (91 KB)

Bununla yanaşı, stadiona yenidən əlavə polis qüvvələri cəlb edilib. “Estadio Nasonal” stadionu əsl döyüş meydanını xatırladıb. Stadionda elə bir sıxlıq yaranıb ki, azarkeşlər ayaqları altında qalan adamları belə tapdalamaqdan ehtiyat etməyiblər. Yaşıl meydançada qırmız qan gölməçələri yaranıb.

Polisin təzyiqini görən bir qism azarkeş isə stadiondan çıxmağa cəhd edib. Giriş-çıxış qapılarının əvvəlcədən bağlanması isə burada da sıxlıq yaradıb ki, tapdaq altında qalan yüzlərlə azarkeş ağır xəsarətlər alıblar.

Bir saatlıq “mübarizə”dən sonra polislər stadionda sabitlik yarada biliblər. Bu sabitlik itkisiz ötüşməyib. İnsident nəticəsində 328 azarkeş həyatını itirib, 4 mindən artıq azarkeş isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Həmin gün Limadakı xəstəxanalar gücləndirilmiş iş rejimində işləyib. Şahidlərin ifadəsinə görə, qarşıdurma və sıxlıq nəticəsində təcili tibbi yardım maşınları stadionun ərazisinə yaxınlaşa bilməyiblər. Əgər onlar vaxtında xəsarət alanlara yardım göstərə bilsəydilər, itkilərin sayı da az olardı.

3320237_original.jpg (176 KB)

İnsident Peru paytaxında gərginlik yaradıb. Heç futbol azarkeşləri olmayanlar da polisin azarkeşlərə qarşı rəftarına etirazlarını bildiriblər. Kütləvi aksiyaların olacağını ehtimal edən Peru hökuməti qabaqlayıcı tədbirlər həyat keçirərək Limada sabitliyi təmin ediblər.

Limadakı hadisələrdən sonra Cənubi Amerikada olimpiya seçmələri oyunları dayandırılıb. Qrupun lideri kimi Argentina 1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR