İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişelin bəyanatındakı “DQMV” - Avropa Birliyinin planı nə...

1571 19.07.2023 10:13 Siyasət A A

Ekspertlərə görə, DQMV-ni xatırlatmağın altında hansısa məkrli plan və çirkli niyyət var

Ekspertlər iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonra verdiyi bəyanatda bir nüansa diqqət çəkirlər.

“Turan” agentliyinin rəhbəri Mehman Əliyev bu kontekstdə yazır: “Avropa İttifaqı Mişelin bəyanatında göstərildiyi kimi, 1923-cü ildə Stalinin yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki statusunu qəbul etdirməyə çalışaraq Qarabağın erməni əhalinin məskunlaşmış ərazisini potensial vaxt bombası kimi saxlamağa çalışır. Bu, Mişelin bəyanatındakı "DQMV" ifadəsindən aydın görünür".

M.Əliyev yazır ki, “əksinə, Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldəki görüşlə eyni gündə yaydığı bəyanatda DQMV-nin adı çəkilmir. Bunun əvəzinə, 9 noyabr 2020-ci il tarixli bəyanatın əsasında Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyi vurğulanır. Ermənistan Fransanın ermənilərlə həmrəy olmasına dair son bəyanatlarına və Avropa Şurası Prezidentinin "DQMV" terminini xatırlamasına arxalanaraq prosesi uzatmağa davam edə bilər". 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə keçmiş Rusiya imperiyası uyezdləri olan Cavanşir, Şuşa və Cəbrayıl uyezdlərinin ermənilər yaşayan hissələrində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) formalaşdırıldı. İlk əvvəl qurulanda ərazinin inzibati mərkəzi Şuşa olsa da azərbaycanlıların bu şəhərdə çoxluqda olması səbəbi ilə daha sonra paytaxt Xankəndinə köçürüldü və bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. DQMV qurulan ərəfədə ərazisi 4161 kvadrat kilometr olsa da zamanla bura müxtəlif ərazilər daxil edilərək 4400 kvadrat kilometrə qədər genişləndirildi. 1991-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub. Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib. Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub. Mişelin DQMV-nı yada salması nəyə işarədir?

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov istənilən halda bu proseslərdə Fransanın olmasının Azərbaycan üçün xoş hal olmadığını qeyd etdi: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 iyulda Brüsseldə keçirilən 6-cı görüşündə müzakirələr suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardımlar, hüquqlar və təhlükəsizlik, saxlanılanlar və proseslərin inkişafı kimi məsələlər üzərində aparılıb. Şarl Mişelin mətbuat üçün verdiyi qısa açıqlamalardan belə anlaşılır ki, tərəflər bundan sonra da təmaslarını davam etdirəcəklər və yay ayından sonra Avropa Siyasi liderlərinin zirvə görüşündə Almaniya və Fransanın da iştirakı ilə yuxarıda sadalanan məsələ ilə bağlı yenidən məhsuldar müzakirələr davam etdiriləcək. Öncədən onu vurğulayım ki, Fransanın bu prosesdə iştirakını arzuolunan hesab etmirəm. Çünki Fransa açıq şəkildə özünü Ermənistanın müttəfiqi və vəkili kimi aparır. Nə qədər ki, Fransa normallaşma prosesində iştirak edəcək, bir o qədər sülh danışıqları dalana dirənəcək və Azərbaycan Parisin davamlı təzyiqlərindən yan keçə bilməyəcək. Bu təzyiqlər də əsas ona xidmət edir ki, Bakı güzəştlərə məcbur edilsin. Bunun üçün də indidən Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə beynəlxalq mexanizmlər adı altında yeni bir vasitəçilik institutunun yaradılmasına səy göstərilir.

1991-ci il 26 noyabr tarixli Azərbaycan Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında qərarına və Prezident Əliyevin Qarabağ iqtisadi yaradılması haqqında sərəncamına baxmayaraq, Mişelin keçmiş DQMV-ni xatırlatmağının altında hansısa məkrli planın və çirkli niyyətin yatdığı düşüncəsindəyəm.

İstər Avropa İttifaqı Şurası, istərsə də Rusiya olsun, “Dağlıq Qarabağ”da yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə, fikrimcə, hansısa özünüidarəetmə statusunun verilməsi aspektindən yanaşırlar.

Yerli erməni termini ilə də razı deyiləm. Çünki Qarabağda yerli erməni heç vaxt yaşamayıb, ora müxtəlif illərdə köçürülüblər. Digər tərəfdən, ilk növbədə orda yaşayan ermənilər filtirizasiyadan keçirilməlidir ki, həmin erməni nə vaxtsa orda məskunlaşıbmı, yaxud həmin erməninin ölkəmizə qarşı həyata keçirilmiş cinayətlərdə iştirakı olub olmayıb, Azərbaycan cəmiyyətinə reinteqrasiyaya nə qədər hazırdır və s.

Özlərini qondarma dövlət məmurları hesab edənlərə, separatizm xəstəliyindən xilas ola bilməyənlərə hüquq və təhlükəsizlik təminatının Bakı tərəfindən verilməsini çox ciddi səhv adlandırardım. Azərbaycan Prezidenti, cənab İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağda Rusiyanın Silahlı Qüvvələrinin müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlar Azərbaycan qanunları ilə yaşamalıdır və buna da təminat verilir. Bundan o tərəfə əlahiddə hüquq və təminat ola bilməz. Əgər olarsa, bu artıq yeni hüquqi forma almış olur ki, bu bizim ağır diplomatik məğlubiyyətimiz olardı. Hesab edirəm ki, bütün danışıqlarda, görüş və müzakirələrdə “Dağlıq Qarabağ” və yaxud “DQMB” terminlərinə qarşı Azərbaycan sərt və qəti mövqe göstərməlidir ki, Bakının bu məsələdə qırmızı cizgisi olduğunu görsünlər. Azərbaycanın sülh gündəliyi açıq və aydındır, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası, saxlanılanların qaytarılması, Qarabağın bəzi bölgələrində yaşayan ermənilərə humanitar yardımın çatdırılması və sair məsələlərdə sadiqliyini təsdiq edib. Lakin Ermənistan bu danışıqlarda da destruktiv mövqe sərgiləməməkdə davam edir.

Minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən yayınır, itkin düşmüş soydaşlarımız barədə məlumat verməkdən boyun qaçırır, kommunikasiyaların açılmasına razılaşmır, silahlı birləşmələrini Azərbaycanın ərazisindən çıxarmır. Ermənistan əgər doğrudan da Azərbaycanın 86.6 min kv.km ərazisini tanıyırsa, sərhədlərin delimitasiyası ilə bağlı Almatı Bəyannaməsinə sadiqdirsə, ən nəhayət, suverenliyini qəbul edirsə, o zaman suveren ölkənin ərazisindən öz qeyri-qanuni hərbi birləşmələrini çıxarmalıdır. Azərbaycan diplomatiyası təəssüf ki, faktiki olaraq uduzur. Niyə? Çünki haqlı və beynəlxalq hüquqla təsbit edilmiş hüquqlarının qorunmasında haqlı olduğunu hələ də doğru-dürüst beynəlxalq ictimaiyyəti hələ də inandıra bilməyib. Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasına ermənilərin hay-küyü daha çox eşidilir. Bu səs-küyü batırmaq üçün müdafiə yox, hücum diplomatiyasına üstünlük vermək lazımdır. Yeri gəlmişkən, keçmiş Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” haqqında Ermənistan Respublikası Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarı hələ də qüvvədədir və həmin qərarın ya qüvvədən düşdüyünü, yaxud da qanunsuz olduğunu rəsmi İrəvan bəyan etməyib".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Mişelin öz aləmində guya “balans” qoruduğunu düşünür: “Avropa İttifaqı, ümumilikdə Qərb platformasında Qarabağdakı ermənilərlə bağlı məsələ onların hüquq və təhlükəsizliyinin təmin edilməsi kontekstində qoyulur. Bakı bunu təmin etməyə hazırdır, lakin hər şeyin Azərbaycan qanunvericiliyi çərçivəsində olması şərti ilə. Qərb isə burada ”beynəlxalq mexanizm" məsələsini irəli sürür, yəni “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmlərin yaradılması”. Bu isə Azərbaycanın daxili məsələsi olan Qarabağdakı ermənilərin gələcəyinə üçüncü tərəflərin müdaxiləsi deməkdir. Ermənistan da “beynəlxalq mexanizm”in yaradılmasında israr edir və burada əsas məsələ ərazi münaqişəsi olaraq həll edilən problemi “hüquqi münaqişə” olaraq saxlamaqdır, həm də gələcəkdə “etnik qarşıdurma” kartından yenidən istifadə edə bilmək məqsədi daşıyır. Şarl Mişelin keçmiş DQMV deməsini bu cür oxuya bilərik. Mesaj belədir ki, keçmişdə bura muxtar vilayət olub, gələcəyə yanaşmada da keçmişə müəyyən istinadlar olmalıdır. Lakin bu o demək deyil ki, bununla nəyəsə nail olacaqlar. Rəsmi Bakının Qarabağın və orada yaşayan əhalinin gələcəyinin Azərbaycanın daxili məsələsi olduğuna dair qəti mövqeyi var və “beynəlxalq mexanizm”in yaradılması qəbul edilmir, mövcud şərtlər, Qarabağ iqtisadi rayonundakı siyasi-hərbi vəziyyət də Bakının mövqeyini diktə edir. Mişelin sözləri ermənilərə “balansın qorunduğunu” göstərmək məqsədi də daşıya bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR