İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaka, türkün sözü, bu nə şakaydı?

2172 17.09.2022 13:26 Yazarlar A A

Artıq iz məsələsi deyil, beynəlxalq aləmdə at kişnərtisi it hürüşünə qarışıb. Avrasiyada yekə bir qovğa-mərəkə var, kim kimlə dostdur, kim kimlə düşməndir, dəqiq bilinmir.

Bu xüsusda qarışıq düsturlar var: “Düşmənimin düşməni mənim dostumdur”; “Düşmənimin dostu mənim də dostumdur”, “Dostumun düşməni mənim düşmənim deyil”; “Dostumun düşməni arada mənə düşmənçilik edir”; “Düşmənimin düşməni mənim də düşmənimdir”; “Dostumun dostu dostum deyil”; “Dostumun dostu düşmənimdir”; “Düşmənimin dostu mənim düşmənimdir”  və s.

Konkretləşdirək. 1-ci düsturdakı İsraildir, bizə düşmənçilik edənlərin düşmənidir və bizə dostdur; 2-cidəki Rusiyadır, Ermənistanla da dostdur, bizimlə də; 3-cüdə Yunanıstan nəzərdə tutulub, Türkiyə ilə düşməndir, amma bizimlə düşmən deyil, arada ticarət-filan var; 4-cü Hindistanın boyuna biçilib, o, dostumuz Pakistanla düşməndir deyə arada bizə də düşmənçilik edir; 5-ci ABŞ-a düz gəlir, İranla da düşmənçilik edir, bizi də altdan-altdan burunlayır; 6-cı variant Ukraynaya aiddir - bizim dostumuzdur, amma onun dostu Almaniya bizim dostumuz deyil; 7-ci bir sıra postsovet ölkələrini əhatə edir, onlar bizim dostumuzdur, amma onların o biri dostu Ermənistan bizim düşmənimizdir; 8-ci Fransadır - Ermənistanın dostudur və bu vəsilə ilə hər fürsətdə bizə düşmən kəsilir.

Hələ başqa variantlar da var. Bunlar uzaq və neytral ölkələrdir, nə düşmənimizlə düşməndirlər və ya dostdurlar, nə də dostlarımızla dost-düşmən deyillər. Onlar öz həyatlarını yaşayırlar və dost-düşmən dairələri başqadır. Paralel qalaktika kimi bir şey. Məsələn, Venesuela, Kolumbiya, Boliviya, Peru, Çili kimi ölkələrin nə vecinədir ki, Avrasiyada kim kimlə dostdur və ya düşməndir. Eləcə də Afrika ölkələrinin hamısının öz dərd-səri, intriqası, ticarəti var.

Beləcə materikimizdə qarmaqarışıq, çəlpəşik bir durum yaranıb, kələf pis dolaşıb, təzə “Qordi düyünü” əmələ gəlib, amma qılınc çəkib kəsməyə imkan vermirlər, Blinken deyir, olmaz, Şarl Mişel deyir, bu nə hərəkətdir, Abdullahiyan deyir, orda bizim qırmızı xəttimiz var.

Bu yandan da Hindistan. Heç gözləməzdik. Bizim sayı 1.5 milyarda dirənmiş və (və ya aşmış) xalqa böyük hörmətimiz var, onların mahnılarıyla böyümüşük, bir təzəyə dərman olmayan filmləri ilə yekəlmişik. Açığı, yeniyetməlikdə hamımız elə bilirdik ki, dünyanın ən qoçaq, ən ədalətli, ən vicdanlı adamları Hindistanda yaşayır, haqsızlığa qarşı çıxır, zülmü yerdə qoymurlar. N qədər Rac adlı adamlar ölkəmizdə. Adının baş hərfi Ş olanlara Şaka demək hələ də dəbdir. Hamısı  bizdəki hind sevgisinə görəydi.

Amma sonradan bu ölkə barədə elə şeylər öyrəndik ki, təsəvvür dəyişdi. Kasıblıq, cahillik, yiyəsizlik, hüquqsuzluq... Düzdür, induslar dürüst seçki-filan keçirirlər, varlı adamlar, yuxarı kastadan (brahmanlar, kşatrilər, vayşilər) seçilir, qubernator, mer, deputat olurlar, amma şudraları və pariyaları adam yerinə qoyan yoxdur.

4-5 il əvvəl naşir Şahbaz Xuduoğlu kitab festivalı ilə bağlı Hindistana getmişdi, qayıdıb gələndən sonra elə şeylər yazmışdı ki, adam oxuyanda düşünürdü ki, gərək biz Hindistanda doğulmadığımıza görə ildə bir inəyi qurban kəsək. Hətta orda qulluqçu personaldan bir gənc naşirimizə yapışıbmış ki, mahoday (yəni, ağa) məni burada qoyub getmə, özünlə apar, dünyanın ən bədbəxt yeridir bura, bir bədbəxti xilas elə. Yediyi yeməklərdən zəhərlənmiş, halı qarışmış Şahbaz bəy də deyib ki, heç özümü apara bilmirəm, a şudra, səni hara aparım.

İndi işi-peşəsi bədbəxt adamların sayını artırmaq olan Hindistanın nümayəndəsi durub BMT-də bizə dil uzadır. Nə var, nə var, Pakistanla aramızda haqq-salam var, bir-birimizin xeyir-şərində qabağa dururuq, yardımlaşırıq. Öz aləmlərində prinsip yeridirlər. Ona görə də məcbur olduq deyək ki, biz də Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyirik. Di gedin, türkün sözü, şaka edəndə bilin, kimlə edirsiniz.

Belə baxırsan ki, o biri ölkələr də məsələyə o cür yanaşırlar - hamısını öz maraq və mənafeləri, müttəfiqləri və düşmənləri var.

Sadəcə, pis olan odur ki, bəzən iki bədheybət dövlət tutaşır, balaca ölkələr də onların arasında qalıb şil-küt olur.

Gərək birtəhər başımızı qoruyaq, pəzəvənglərin davasına qarışmayaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR