İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahid Səlim Müslümovun "Tala tikinti" üzərindən apardığı talandan danışdı

1924 26.09.2022 18:10 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş nazir Səlim Müslümovun cinayət işi üzrə proses davam edir.

Sentyabrın 26-da keçirilən prosesdə ilk ifadə verən İbad İsmayılov oldu. Şahid qismində məhkəməyə çağırılan İbad İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Zavodunda fəhlə işləyib. Bir gün onu Nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizov yanına çağıraraq adına şirkətlər təsis etməyi təklif edib:
“Mənim adımda hələ əvvəldən “Tala-Tikinti” MMC vardı. Onu özüm açmışdım, Natiq Əzizov da dedi, gəl, adına daha iki şirkət açaq.

Hakim ironiya ilə şahiddən şirkətin adının niyə məhz “Tala tikinti” olmasının səbəbini soruşdu.

Şahid: - Özüm Zaqatalanın Tala kəndindənəm. O vaxt şirkətimi də kəndimin adıyla təsis etmişdim.

Hakim: - Davam edin, sonra nə oldu?

Şahid: - Heç nə, yoldaş hakim, nə olacaq, fəhlə idim, oldum şirkətlər sahibi.

Hakim: - Nigar xanım sizin həyat yoldaşınızdır?

Şahid: - Bəli, şirkətlərdən biri onun adına təsis olunub.

İbad İsmayılov şirkətlərdən birinin həyat yoldaşının adına təsis edilməsinin səbəbindən də danışaraq dedi ki, bu, tenderlərdə qalib məsələsində izi azdırmaq üçün düşünülübmüş:

“Bütün tenderləri mən uda bilməzdim axı”, - şahid hakimə deyib.

Bu şahidin və həyat yoldaşının “qazandıqları” tenderlərə gəlincə, bu tenderlər müharibə əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərlə bağlı olub. İbad İsmayılov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 22 belə layihə olub, keçirilmiş tenderlərdə bu layihələrin bir qismini həyat yoldaşı, bir qismini özü “qazanıb”.

İbad İsmayılov məhkəmədə həmin ifadəsini təsdiqləyib. O deyib ki, onu bu işlərə qoşan Natiq Əzizovla aralarındakı razılığa görə, hər fərdi evdən 6 min manat Natiq Əzizova gedirmiş.

Hakim: - Pulu ona harda verirdiniz?

Şahid: - İş otağında, şəxsən özünə verirdim.

Hakim: - Siz bilirsiniz nə işlərlə məşğul olmusunuz?

Şahid: - Əlbəttə, bilirəm, ancaq nə edəydim.

Hakim: - Niyə imtina etmirdiniz?
Şahid: - Bəs nə edəydim, işsiz qalacaqdım axı. Onsuz da o işi gəlib bir başqası görəcəkdi.

İbad İsmayılov sualları cavablandırarkən o da üzə çıxdı ki, bu layihələr hətta can alıb. Məsələn, devalvasiya vaxtı layihəyə cavabdeh olan iki nəfər dünyasını dəyişib: “Devalvasiya oldu, işləri batırdıq, biri öldü, biri intihar elədi (adlarını çəkmir, məhkəmə tərkibi və vəkillər də maraqlanmır). Natiq Əzizov mənə ürək-dirək verdi ki, qorxma, sənə əlavə işlər veriləcək, itirdiklərin kompensasiya olunacaq. Sonra birtəhər vəziyyətdən çıxdım”.

Şahidi dindərmə zamanı üzə çıxdı ki, fərdi evlərə avadanlıqların alınmasında da rəqəmlər şişirdilib. Avadanlıqlarla birlikdə 41-42 min manata başa gəlmiş mənzillər 51 min manata rəsmiləşdirilirmiş. Bunun 6 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizova şəxsən iş otağında verilirmiş. İbad İsmayılov 22 ev tikdiyini, Natiq Əzizova iş otağında cəmi 132 min manat verdiyini deyib.

Şahidin dindirilməsi başa çatdıqdan sonra o, məhkəmə salonunu tərk edərkən hakim növbəti məhkəmə iclasına həyat yoldaşı Nigar İsmayılovayla gəlməsini tapşırıb. Nigar İsmayılova da şahid siyahısındadır.

Məhkəmənin dindirdiyi növbəti şahid Şəkidə yaşayan İlqar Mustafayev olub. Bu şəxs hazırda saatsazdır. Vaxtilə qaynaqçı işləyib. Nazirlikdə işləyən bir tanışı ona bir neçə il əvvəl sənədlər imzalatdırıb. Bu məsələnin səsi bir də DTX-da çıxıb.

İ.Mustafayev ifadısində bildirib: -Dedi ki, bu sənədlərə qol çək, mən də savadsız adamam, tutdum, çəkdim. Getdi, ondan sonra heç nə olmadı. 2021-də məni DTX çağırdı. Orda bilmişəm ki, sən demə, şirkət sahibiyəm.

Hakim: - Alqı-satqı, pul vəsaitlərinin köçürülməsi və sair, bunlardan xəbəriniz olmayıb?

Şahid: - Yox, DTX-da eşitdim. Dedim, bu nə işdi başıma gəldi... Sən demə, özümdən xəbərsiz şirkət rəhbəri olmuşam.

Hakim: - Sahibi olduğunuz “Tunar M” MMC-nin şəhid ailələri üçün sifarişlə tikdiyi evlərdə də olmamısız?

Şahid: - Mən ev-filan görməmişəm, heç nədən də xəbərim olmayıb.

Sonra Əlillərin Bərpa Mərkəzi ilə dərman şirkətləri arasında bağlanmış müqavilələrlə bağlı şirkət əməkdaşları dindirilib.

Hakim növbəti məhkəmə iclasını oktyabrın 3-nə təyin edib.

Səlim Müslümov hələ ifadə verməyib. O, indiyədək dindirilmiş şahidlərin ifadələrinə də reaksiya vermir. Necə deyərlər, hələlik eyni masa arxasında iki vəkilinin arasında əyləşərək sakitcə dinləyir.

Keçmiş nazir Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edərək deyib ki, özünü təqsirli bilmir, əməlləri isə səhlənkarlıqdan ibarətdir.

E.Məmmədəliyev
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR