İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir”

257 14.06.2023 11:44 Siyasət A A

Milli Məclisin hazırda davam edən xüsusi iclasında parlamentin sədri Sahibə Qafarova geniş nitqlə çıxış edib.

Musvatat.com spikerin çıxışını təqdim edir:

“Hörmətli həmkarlar!

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən iclasımız taleyüklü bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Ulu Öndərin qəhrəmanlığını və fədakarlığını təcəssüm etdirən Milli Qurtuluş Gününün 30-cu ildönümünü dərin ehtiramla qeyd edəcəkdir.

Hörmətli deputatlar!

Xatırladım ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında mən bu dahi şəxsiyyətin 35 ilə yaxın fəaliyyəti barədə fikirlərimi sizinlə bölüşmüşdüm. Bu dəfəki çıxışımda Ümummilli Liderimizin 1993-cü ildə parlamentin sədri kimi fəaliyyəti haqqında danışmaq istərdim.  

Hörmətli həmkarlar!

Məlumdur ki, ümummilli liderlər xalqların milli fəlakətlər, mənəvi sarsıntılar ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. Bu fikrin doğruluğunu Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də sübut edir.

Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi  ümidləri doğrultmuşdur.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirmiş və zənginləşdirmişdir.

Hörmətli həmkarlar!

Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın siyasi varlığını qoruyub saxlamış və xoşbəxt gələcəyinin möhkəm təməlini yaratmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür çətinliklərə dözmək nümunəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında belə demişdir:

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir.

...Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

Hörmətli deputatlar!

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclis də onun yaradıcı zəkasının bəhrələridir.

Azərbaycan parlamentinin üzvləri olaraq biz bu gün fəxr edirik ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı, xilaskarlıq missiyası məhz bu binada başlanmışdır.

Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışmışdır. Onun Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevin parlamentə rəhbərliyi Milli Məclisə siyasi mədəniyyət gətirdi, qanunvericilik orqanının ruhunu kökündən dəyişdi.

Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.

Hörmətli həmkarlar!

Qeyd etməliyəm ki, Ulu Öndərin sədrliyi dövründə parlamentin 20 iclası keçirilmiş, ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə böyük önəm daşıyan 96 qanun və qərar qəbul edilmişdir.

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdikdən sonra Milli Məclis müraciət qəbul edərək onu təcili Bakı şəhərinə, öz iş yerinə qayıtmağa və Konstitusiya səlahiyyətlərini həyata keçirməyə dəvət etdi. Bu müraciətə məhəl qoyulmadığına görə iyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi barədə qərar qəbul etdi. Bu qərar ölkədə cərəyan edən ictimai-siyasi proseslərin dövlətin tam nəzarəti altına alınması baxımından çox əhəmiyyətli idi.

1993-cü il avqustun 17-də Heydər Əliyevin sədrliyi ilə Milli Məclis iki günlük müzakirələrdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Bunun ardınca görülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu.  

Müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi məhz Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılmış, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yaradılması yolunda ilk addımlar atılmışdır.

Hörmətli deputatlar!

1993-cü il oktyabrın 3-də xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra Heydər Əliyev dövlətimizin digər təsisatları ilə yanaşı peşəkar parlamentinin də formalaşdırılması işində həlledici rol oynamışdır. Ulu Öndər dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik işinin səmərəsini artırmaq üçün öz dəyərli məsləhətlərini vermişdir.

Müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində də Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Ümummilli Liderimizin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə yüzlərcə qanun, qərar və digər aktlar qəbul olunmuşdur.

Dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.

Hörmətli həmkarlar!

Ulu Öndərin başladığı bütün işlər onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ümummilli Liderimizin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində dövlətimiz günbəgün daha da inkişaf edir.

2020-ci ilin sentyabr–noyabr aylarında Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü və hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açmışdır. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur.

Xalqımızı qalib xalqa çevirən bu Zəfər Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, möhtərəm İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi siyasətin təntənəsi olmuşdur. Ümummilli Liderimizin ən mühüm vəsiyyəti şərəflə yerinə yetirilmişdir.

Hörmətli həmkarlar!

Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Bu gün Azərbaycan parlamenti Ulu Öndərin xatirəsini dərin hörmət və sevgi ilə yaşadır. Milli Məclisin binasında Heydər Əliyevin əzəmətli abidəsi parlament deputatlarının və əməkdaşlarının, qonaqların ziyarət yerinə çevrilmişdir. Ulu Öndərin adını daşıyan xatirə zalı Heydər Əliyev irsinin təbliğində mühüm rol oynayır. İndiyədək xarici ölkələrin yüzlərcə nümayəndə heyəti, parlament rəhbərləri, dövlət və hökumət başçıları xatirə zalında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlər, onun yadigarları və digər eksponatlar ilə tanış olmuşlar.

Hörmətli deputatlar!

Ötən dövrdə Milli Məclisdə Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir sıra kitablar hazırlanıb nəşr edilmiş, sənədli filmlər çəkilmişdir.

Ümummilli Liderimizin 100 illik yubileyi münasibəti ilə Milli Məclisdə Heydər Əliyevin fəaliyyətinə həsr edilən növbəti kitab hazırlanıb bu günlərdə çap olunmuşdur. Əminəm ki, Milli Məclis Ulu Öndərə həsr edilən kitabların hazırlanıb nəşr olunmasını bundan sonra da davam etdirəcəkdir.

Sizə təqdim edilmiş nəfis tərtibatlı bu yeni kitab üç cilddən ibarətdir. “Heydər Əliyev və Azərbaycan parlamenti” adlanan kitaba Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu dövrdə keçirilmiş parlament iclaslarının stenoqramları daxil edilmişdir. Qeyd edim ki, kitab üzərində iş iki ilə yaxın davam etmişdir.

Kitabı vərəqlədikcə Ulu Öndərin sədrliyi ilə Milli Məclisdə aparılan gərgin müzakirələr gözlərimiz önündə canlanır.

Kitab tariximizin bu mühüm dövrünü saxtalaşdırmağa cəhd göstərənlərə də faktların dili ilə verilən ən yaxşı cavabdır.

Hörmətli həmkarlar!

Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin arxiv materialları əsasında sənədli film də çəkilmişdir. Bu film Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır. Onu da deyim ki, filmdə Ümummilli Liderimizin 11 çıxışından fraqmentlər tamaşaçılara ilk dəfə təqdim olunur. Az sonra biz həmin filmi birlikdə izləyəcəyik.

Mən kitabın və filmin hazırlanmasında əməyi keçən Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin, Redaksiya və nəşr işləri şöbəsinin, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Eyni zamanda, filmin musiqi tərtibatına kömək göstərmiş hörmətli həmkarımız Novruzəli Aslanova öz təşəkkürümü bildirirəm.

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında xarici ölkələrin parlament sədrləri,  sədr müavinləri, parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak etmişlər. 33 nəfər xarici qonaq Ulu Öndər haqqında düşüncələrini bölüşmüşdür.

Həmin iclasın stenoqramı qısa müddətdə hazırlanıb  ayrıca kitab şəklində çap edilmişdir. Eyni zamanda, yubiley münasibəti ilə “Milli Məclis” jurnalının xüsusi buraxılışı çapdan çıxmışdır. Bu iki nəşr də sizə təqdim olunmuşdur.

Hörmətli həmkarlar!

Ümummilli Liderimiz Heydər Əliyevin işıqlı arzuları bu gün hər bir azərbaycanlının xeyirxah əməllərində təcəssümünü tapır. Ulu Öndərin şəxsiyyətinin sönməz nuru Azərbaycan xalqını irəliyə aparan yolgöstərən bələdçiyə çevrilmişdir. Dünya durduqca Azərbaycan da var olacaq, Azərbaycan var olduqca Heydər Əliyevin ideyaları və əməlləri də yaşayacaqdır”.

Çıxışdan sonra deputatlar Heydər Əliyev haqqında çəkilmiş filmi izlədilər.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR