İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq “eses”çi SSRİ ordenlərini necə alıb? – 3 ölkənin kəşfiyyatına işləyən Felfenin uzun ömrü

2993 23.07.2022 12:40 Yaxın tarix A A

O, yeganə “SS” zabiti olub ki, SSRİ-nin iki ali mükafatıyla, “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib. Tanınmış kəşfiyyat mütəxəssislərinin qənaətinə görə, Haynts Felfe öz dövrünün ən mükəmməl və ən bacarıqlı kəşfiyyatçısı sayılıb...

Haynts Felfe 1918-ci ildə Almaniyanın Drezden şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə zavodda mexanik köməkçisi kimi başlayıb. Felfe 1931-ci ildə nasist partiyasının gənclər təşkilatına daxil olub, 1936-cı ildən “SS” sıralarında xidmətə başlayıb, yüksək çinli partiya məmurlarının mühafizəsində xidmət edib.

Çox qısa bir müddət ərzində Felfe fəal, çevik, bacarıqlı, partiya ideyalarına sadiq bir gənc kimi tanınıb. Bütün bunlar rəhbərliyin diqqətindən yayınmayıb. 1943-cü ildə Felfe xidmətini imperiya təhlükəsizlik xidmətində davam etdirib və iki aydan sonra bu xidmətin İsveçrə idarəsinə rəis təyin edilib. Cəmi 25 yaşında belə bir etimad qazanmaq və yüksək təyinat Felfenin gələcəkdə uğurlu karyerası üçün böyük yol açıb. Amma müharibənin gedişatı Felfenin də həyatını bütövlükdə dəyişib.

fa24e323ec66cae080a515ecf75921ac.jpg (32 KB)

1945-ci ilin may ayında Felfe Britaniya qoşunlarına əsir düşüb. Bir il əsirlikdə saxlandıqdan sonra o, Britaniya Xarici İşlər Nazirliyinin məxfi kəşfiyyat xidmətində işləməyə razılıq verib. Bu ərəfədə o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin bir sıra məxfi sənələrini ələ keçirməyə, ABŞ və Britaniyanın birgə gələcək məxfi planları haqqında məlumatlar toplamağa nail olub.

Felfenin məxfi məlumatlar bazasına giriş əldə etməsinə can atması xidmət rəhbərliyində şübhələr yaradıb və çox keçməmiş o, ikili agentlikdə ittiham olunaraq xidmətdən uzaqlaşdırılıb. Felfe Britaniya kəşfiyyatından heç bir cəza almadan kənarlaşdırılmasını öz uğuru kimi qəbul edib.

Almaniyaya qayıdan Felfe müharibədən əvvəl qəbul olunduğu Bonn Universitetində təhsilini davam etdirib, daha sonra jurnalistika fəaliyyətinə başlayıb. Əsasən beynəlxalq münasibətlər mövzusuna toxunan Felfenin diplomatik korpuslarla sıx əlaqələri yaranıb ki, bu da ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının diqqətindən yayınmayıb.

34097674_m.jpg (154 KB)

1951-ci ildə Felfe sovet kəşfiyyatçıları tərəfindən əməkdaşlıq təklifi alıb. Və “Paul” adı altında agent kimi fəaliyyət göstərməyə başlayıb. Əməkdaşlığa razılıq verməsinin əsas səbəbini o belə göstərib ki, ABŞ onun doğulduğu şəhəri, Drezdeni yerlə-yeksan edib və bunu amerikalıların ən böyük ədalətsiz addımı kimi qiymətləndirib. Müharibədən sonra ABŞ-la SSRİ arasındakı mübarizəni nəzərə alaraq o, sovet kəşfiyyatına kömək etmək qəararına gəlib.

Elə həmin il, 1951-ci ildə Felfe digər bir kəşgiyyat qurumundan da iş təklifi alıb. O, sonralar Almaniya Federal Kəşfiyyat Xidmətinə çevrilən “Gelena” təşkilatı tərəfindən əməkdaşlığa cəlb edilib.

1961-ci ilə qədər Felfe ikili agent kimi fəaliyyət göstərib. Nəhayət, həmin ilin noyabrın 6-da o, “Gelena” təşkilatının rəhbəri Reynxard Gelenin kabinetində həbs edilib. İki il davam edən istintaqdan sonra Felfe 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

34097675_m.jpg (85 KB)

Felfenin həbsi Moskvada narahatlıq yaradıb. SSRİ rəsmiləri bütün imkanlardan istifadə edərək onu azadlığa çıxarmağa cəhd ediblər. Nəhayət, 1969-cu ildə Felfe SSRİ-də siyasi dustaq kimi cəza çəkən 21 nəfərlə dəyişdirilib.

Azadlığa çıxdıqdan sonra Felfe bir müddət Moskvada yaşayıb və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin rəsmi işçisi olub. Bu ərəfədə o, dissertasiya müdafiə edərək alimlik dərəcəsi də alıb. 1978-ci ildən isə Felfe Humboldt adına Berlin Universitetinin professoru kimi fəaliyyətini davam etdirib.

Felfe sovet kəşfiyyatına işlədiyi dövrdə Moskvaya 15 mindən artıq Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərini ötürüb. Eyni zamanda o, Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-də fəaliyyət göstərən 100-dən artıq agentinin açıq və gizli adlarını Moskvaya ötürərək onların ələ keçirilməsinə səbəb olub.

34097673_m.jpg (76 KB)

Felfenin sovet xüsusi xidmət orqanlarına verdiyi töhfələri SSRİ yüksək qiymətləndirib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə Haynts Felfe “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib. Eyni zamanda o, SSRİ DTK-nın “Dövlət Təhlükəsizliyinin fəxri əməkdaşı” döş nişanını da gəzdirib.
Ömrünün son illərində Felfenin bir neçə kitabı işıq üzü görüb. Onun müəllifi olduğu kitablar bir neçə dilə tərcümə olunub və böyük oxucu auditoriyası qazanıb.

Hajnts_Felfe__Na_tajnoj_sluzhbe_u_Moskvy._Kak_ya_pereigral_TsRU.jpeg (80 KB)

SSRİ-də Felfeyə bir lətifə də qoşublar:

“Felfe Moskvada yaşadığı rayonun partiya komitəsinə gəlir və birinci katibə müraciət edir:

- Məni KP-yə keçirin.

Katib soruşur:

- KP-nin nə olduğunu bilirsiniz?

- Əlbəttə, Kommunist Partiyası.

- Amma siz bu partiyanın adını düzgün demirsiniz. Bu KP yox, “KPSS”dir.

- Yox, yoldaş katib, mən artıq “SS”-in üzvü olmuşam, mənə sadəcə KP-nin üzvü olmaq lazımdır...”

Üç ölkənin xüsusi xidmət orqanlarında xidmət edən Felfe uzun bir ömür yaşayıb. O, 2008-ci ildə, 90 yaşında Berlində vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR