İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı sanksiyalar Avropanı vurur: Kremlin "müttəfiq"ləri Qərbi parçalayır

3248 29.05.2022 18:12 Analitika A A

Fransa və Almaniya Rusiyaya lazım olan bütün sülh şərtlərini Kremlin əvəzindən danışıqlar masasına gətirməyə hazırdır... Rusiya ilə hərbi-iqtisadi savaşda ABŞ-Böyük Britaniya cütlüyü təklənir, çünki kollektiv Qərb anlayışı ya şişirdilib, ya da ümumiyyətlə, mövcud deyil...

Ukrayna savaşı artıq öz əvvəlki hərbi-strateji və siyasi-ideoloji məzmununu dəyişməyə başlayıb. Halbuki on dövrlərə qədər Qərb Ukrayna savaşına münasibətdə vahid strateji hədəflərə doğru hərəkət etdiyini qabartmağa çalışırdı. İndi Qərb siyasi dairələrində fərqli və ziddiyyətli maraqlar tədricən ön plana çıxmaqdadır.

Təbii ki, Ukrayna savaşı ətrafında vəziyyətin belə sürətlə dəyişməsi ilk növbədə Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan qaynaqlanır. Artıq məlum olur ki, sanksiyalar təsirlidir və nəticələri də ortaya çıxmaqdadır. Sadəcə, bu təsir və nəticələr yalnız biristiqamətli deyil. Və vəziyyəti qəlizləşdirən də elə bu amildir.

Məsələ ondadır ki, Rusiya sanksiyaların ilkin təsirlərini artıq hiss etməyə başlayıb. Rusiyanın maliyyə -iqtisadi sistemi daha ləng işləyir, bəzi sahələrin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb. Yəni, Rusiya iqtisadiyyatı böhrana doğru yönəlib və belə davam edərsə, çökmə ehtimalı qaçılmaz ola bilər. Və bu, ilk baxışdan Qərb siyasi dairələrini məmnun etməlidir.

712596e7-03dc-4988-b2c3-e61a015d0e5f.jpg (224 KB)

Ancaq hələlik ABŞ və Qərbin məmnun qalması üçün o qədər də ciddi səbəblər yoxdur. Çünki, Rusiya iqtisadiyyatı nə qədər ağır durumda olsa da, Kreml ABŞ və Qərbə qarşı müqavimət immunitetini tam itirməyib. Yəni, hələ bir müddət də beynəlxalq rəqabətdə "meydan oxuma" imkanlarını qoruya bilər.

Bəzi Qərb ekspertləri hesab edirlər ki, Kreml Rusiyaya qarşı beynəlxalq sanksiyaların real təsirləri ilə ən tezi 3-4 aydan sonra - təxminən payız aylarında üzləşəcək. Məhz həmin mərhələdə Kreml Rusiya iqtisadiyyatının iflasa yaxınlaşdığını qəbul etməli olacaq. Xüsusilə də, sanksiyaların ictimai-siyasi təsirləri Rusiya cəmiyyətini yalnız ilin sonlarına doğru hərəkətə gətirməyə başlaya bilər.

Belə anlaşılır ki, Kremlin vəziyyəti xilas etmək üçün hələ kifayət qədər vaxtı var. Rusiya əhalisinin avtoritar idarəetməyə vərdişli olması, gündəlik həyat şəraitində maksimalizmdən uzaqlığı və xarici düşmənlə mübarizə propoqandasına psixoloji yaxınlığı Kremlə sərfəli amillərdir. Yəni, Rusiya cəmiyyəti ifrat aclıq təhlükəsi yaranmayana qədər Kremlin savaş kampaniyasına tolerant yanaşa, hətta onu dəstəkləməkdə davam edə bilər.

Rusiyanın Ukrayna savaşına yönəlik hərbi xərcləri də hələlik ödənilməz mərhələdən uzaqdır. Belə ki, Rusiya enerji resursları alıcı tapmaqda davam etdikcə, Kreml Rusiya ordusunun savaş xərclərini ödəməkdə çətinlik çəkməyəcək. Enerji resursları ixracından hər gün 900 milyon dollara yaxın maliyyə vəsaiti qazanan Kreml əslində, Ukrayna savaşını məhz Rusiyaya sanksiya tətbiq edənlərin hesabına yürüdə bilir.

Ancaq payız aylarında vəziyyət ciddi şəkildə dəyişə bilər. Rusiyaya qarşı sanksiyaların real təsirləri daha sərt şəkildə ortaya çıxdıqca, Rusiyanın beynəlxalq rəqiblərinə müqavimət immuniteti də "əriməyə" başlayacaq. Kremli narahat edə biləcək əsas məsələ də məhz elə budur. Ona görə də Rusiya hazırda həmin fəlakət mərhələsi başlayana qədər Ukrayna savaşından çıxmaqda maraqlıdır. Çünki məhz indi Rusiya Ukrayna savaşının dayandırılması ilə bağlı Qərb siyasi dairələri qarşısında öz şərtlərini diqtə etmək imkanlarına malikdir.

1777922.jpg (42 KB)

Bu imkanların bir neçə aydan sonra öz əhəmiyyətini itirə biləcəyini dəqiq bilən Rusiya Ukrayna ilə sülh danışıqlarının bərpasına can atır. Ukrayna ilə sülh danışıqları üzrə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bu prosesin təkrar bərpasına hazır olduqlarını vurğulayıb. Eyni zamanda, sülh danışıqları prosesinin dalana dirənməsinin məhz Ukrayna siyasi dairələrinin təşəbbüsü ilə baş verdiyini qeyd etməyi də qətiyyən unutmayıb.

Əlbəttə ki, Kremlin sülh danışıqları mövzusunu yeniləməyə çalışması Rusiyanın Qərbdəki qeyri-rəsmi müttəfiqləri ilə razılaşdırılmış manevrdir. Hər halda, bəzi Avropa ölkələrinin Ukrayna savaşının dayandırılması məsələsində Rusiya ilə eyni mövqedən çıxış etdikləri qətiyyən şübhə doğurmur. Həmin Avropa ölkələri enerji resurslarına olan ehtiyaclarını məhz Rusiyanın hesabına ödəyirlər. Kremlin savaş xərclərini də hazırda belə ölkələrin enerji resurslarına görə Rusiyaya ödədiyi maliyyə vəsaiti təmin edir.

Digər önəmli məqamlardan biri də odur ki, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyaların real təsirlərini Avropa Birliyi ölkələri Kremldən daha tez hiss etməyə başlayıb. Avropada bəzi ölkələr Rusiya ilə yanaşı, Qərb ölkələrini də vurmağa başlayan sanksiyalar ucbatından daxili sosial-iqtisadi problemlər ilə üzləşiblər. Halbuki bu, Avropa məkanında Rusiyaya olduğundan daha ciddi təhlükələr vəd edir.

Xüsusilə də, Avropa Birliyi ölkələrində əhalinin Rusiyadan fərqli olaraq, daha yüksək həyat şəraitinə vərdişli olması "qoca qitə" dövlətlərində ictimai narazılığı artırır. Belə davam edərsə, yaxın aylarda Avropa məkanında kütləvi iğtişaşların baş vermə ehtimalı reallığa çevrilə bilər. Və bu, Rusiyanın maraqlarına tamamilə cavab verir.

Məsələ ondadır ki, Ukrayna savaşı uzandıqca əsas ziddiyyətlər məhz Avropa Birliyi daxilinə keçməyə başlayıb. İndi bu quruma üzv dövlətlərin maraqları ciddi şəkildə toqquşur və ona görə də, son vaxtlar Rusiyaya qarşı ortaq mövqedən çıxış etmək cəhdləri iflasa uğrayır. Yəni, müəyyən mənada, hesab etmək olar ki, Rusiyaya qarşı beynəlxalq koalisiya artıq parçalanmağa başlayıb.

1791520609_0_65_3072_1793_1920x0_80_0_0_9c26aadc2903aa6c7f958cd60c04fd47.jpg (175 KB)

Maraqlıdır ki, Avropa Birliyi ölkələrinin Rusiya enerji resurslarına embarqo qoyması ciddi mübahisələrə səbəb olub. İlk dəfə bu məsələ müzakirə edilərkən, qərar ümumiyyətlə, qəbul edilməmişdi. Sonuncu müzakirə isə Rusiyadan neft idxalının yalnız bir hissəsini hədəfə alıb. Belə ki, Avropa Komissiyası Rusiyadan dəniz yolu ilə alınan neftə embarqo qoyacaq.

Son məlumatlara görə, Macarıstanın təkidi ilə "Drujba" boru xəttilə Rusiyadan alınan neftə embarqo qoyulmaması nəzərdə tutulur. Avropa Komissiyası 8 ay müddətində dənizlə daşınan Rusiya neftindən tam imtinanı nəzərdə tutan qərar layihəsini mayın 29-da üzv dövlətlərə göndərib. Və bu layihənin Avropa Birliyinə üzv dövlətlərin hamısı tərəfindən dəstəklənəcəyinə də hələlik tam təminat yoxdur.

Hazırda bəzi Avropa ölkələrinə Rusiyaya qarşı sanksiyaların dərinləşdirilməsindən daha çox Kremlin indiki ağır situasiyadan çıxarılması sərfəlidir. Üstəlik, bu istiqamətdə artıq prinsipial fəaliyyətə başlayıblar. Almaniya, Fransa, İtaliya və Macarıstan Rusiya ilə anlaşmanın tərəfdarı olduqlarını qətiyyən gizlətmir. İtaliya Kremllə anlaşma üçün Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verilməsini təklif edir. Eyni təklifə Fransa və Almaniya da dəstək verir. Ancaq Fransa prezidenti Emmanuel Makron bu təklifə İtaliya rəsmilərindən fərqli olaraq, açıq şəkildə deyil, səhnəarxası diplomatiya sahəsində istinad edir.

Fransa prezidenti Emmanuel Makron rəsmi açıqlamalarında isə daha çox kollektiv Qərbin qərarlarına sadiq qaldığını qabartmağa çalışır. "Biz V.Putinin müharibədə qalib gəlməsinə imkan verə bilmərik" deyən Almaniya kansleri Olaf Şolts da Fransa prezidenti ilə eyni taktikaya üstünlük verir. Onun sözlərinə görə, V.Putin güclünün haqlı olduğu dünya nizamına qayıtmaq istəyir. Kansler əlavə edib ki, sülh razılaşması V.Putin tərəfindən diktə edilməməlidir.

AP22038785210089-pic_32ratio_900x600-900x600-49173.jpg (92 KB)

Təbii ki, Almaniya kansleri və Fransa prezidentinin rəsmi açıqlamaları indi onların real mövqelərini əks etdirmir. Bu iki dövlət lideri Kreml sahibinin sülh razılaşmasında şərtlərin Rusiya tərəfindən diqtə edilməsinin yolverilməz olması barədə danışması sadəcə, qeyri-səmimi manevr cəhdidir. Çünki, onların hər ikisi Rusiyaya lazım olan şərtləri Kremlin əvəzindən danışıqlar masasına gətirməyə hazırdır.

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak da Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların olduğunu deməklə, bu reallığa eyham vurub. Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar: “Bəzi siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə müraciət edir. Ancaq Ukrayna belə müzakirələrdə iştirak etməyəcək".

Göründüyü kimi, bəzi Qərb dövlətləri öz maraqlarını qorumaq məqsədilə Rusiyanın xilas edilməsinə cəhd göstərirlər. Bu isə o deməkdir ki, kollektiv Qərb anlayışı ya şişirdilib, ya da ümumiyyətlə, mövcud deyil. Hər halda, Rusiyanın beynəlxalq rəqibləri arasında Kremlin maraqlarına uyğun şəkildə parçalanma prosesinin başlandığı qətiyyən şübhə doğurmur. İndi bu parçalanmanın əsas səbəbkarları - Almaniya, Fransa, İtaliya və Macarıstan tədricən Rusiya ilə gizli müttəfiq olduqlarını biruzə verirlər. Belə davam edərsə, Ukrayna savaşı üzərindən Rusiya ilə hərbi-siyasi qarşıdurmada tərəf rolunda yalnız ABŞ və Böyük Britaniya qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR