İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın son müharibəsi – “Zülmlə abad olan...”

986 04.06.2022 14:56 Yazarlar A A

Türkiyənin regional supergücdən sürətlə qlobal gücə çevrilməkdə olması dostları sevindirməkdə, düşmənləri isə təbii ki, bərk rahatsız eləməkdədir. Axırıncıların sırasında “mehriban düşmən” Rusiya da var. Şimal qonşunu indi də qardaş ölkənin Suriyanın şimalında antiterror əməliyyatına hazırlaşması deyəsən əməllicə əndişələndirib.

“Belə bir hərbi əməliyyat haqda məlumatı biz həyəcanla qarşıladıq. Suriyanın qanuni hökumətinin razılığı olmadan atılan bu addım onun suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması deməkdir və Suriyada gərginliyin artmasına gətirə bilər”.

Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Buna deyərlər siyasi riyakarlığın və ikiüzlülüyün parlaq nümunəsi! İşə bax, mifik “nasizm” bəhanəsi ilə qonşu Ukraynaya soxulan və onun 20% ərazisini işğal edib altını üstünə çevirən, əhalisini soyqırımına məruz qoyan, şəhər-kəndlərini yerlə yeksan edən, taxılını belə oğurlayıb aparan Rusiya Türkiyəni öz sərhədləri yaxınlığında BMT Nizamnaməsi əsasında qanuni antiterror əməliyyatı aparmaqda qınayır. İşğalçı bir dövlət Türkiyəni işğalçılıqda suçlayır.

Özü də necə bir işğal: rus silahlı birləşmələri Ukraynada “yandırılmış torpaq” taktikası aparır, daşı-daş üstdə saxlamır, infrastrukturu məqsədli şəkildə məhv edir, kütləvi qırğınlar törədir. Amma Suriyada əhali ilə, infrastrukturla heç bir işi olmayan, əksinə onları qoruyan Türkiyənin olduqca səliqəli, ölçülü-biçili antiterror əməliyyatında “antihumanist, qanunsuz elementlər” axtarır.

Dünyanı çoxdandır öz həyasız və təkəbbürlü bəyanatları, əsasız və özündənrazı hədələri, ədəbsiz və tərbiyəsiz davranışı ilə bezdirmiş Rusiya rəsmilərindən biri, erməni sevdalısı Mariya Zaxarova beləcə, öz qıcqırmış ağlı ilə qosqoca Türkiyəyə ağıl öyrədir.

Suriyanın suverenliyi və ərazi bütövlüyünün dərdini çəkənlərə bax! Məgər siz 2014-cü ildə, ya 2022-ci ilin 24 fevralında Ukraynadan icazəmi almışdınız bu suveren dövlətin ərazisinə girəndə? Beynəlxalq hüquq sizdən ötrü hüquqdursa, nədən özünüz üçün keçərli deyil?! Məşhur deyimlə ifadə eləsək, öz gözlərində tiri görmürlər, başqa gözdə isə tük axtarırlar. Bəyəm siz Ukraynaya BMT TŞ-nin sanksiyası və yaxud rəsmi Kiyevin xahişi ilə girmisiniz?

Yeri gəlmişkən, Moskva uzun illər qaniçən Əsəd rejimi ilə əl-ələ verib Suriyada törətdiyi vəhşiliklərə, dinc əhaliyə divan tutulmasına bu cür haqq qazandırırdı ki, “başqa dövlətlərdən (Türkiyə, ABŞ) fərqli olaraq, Rusiya Suriyaya legitim Əsəd hökumətinin xahişi ilə girib”. Elə isə Putin Ukraynanın legitim hökumətinin, prezident Zelensikinin razılığına niyə ehtiyac duymadı?

Cavab əlbəttə ki, az qala uşağa da aydındır. Bunun üstündən Rusiya yetkililərinin, o sırada Ukraynada insanlıq əleyhinə cinayətləri bütün qəlbi ilə müdafiə edən patriarx Kirilin belə, utanıb qızarmadan “Rusiya tarixi boyu heç kəsə hücum etməyib” ağ yalanı püskürməsi sinizmin zirvəsidir.

Rusiya imperiyasının özü elə total işğalçılığın, ilhaqçılığın və aborigen xalqlara qarşı aparılan soyqırımların eybəcər “məhsulu” deyilmi? Hansı ki, 500 ildir bəşəriyyət bu mayası haramdan yoğrulmuş əcaib geosiyasi konqlomeratın altını çəkir. Rusiya imperiyası beynəlxalq hüquqa sayğılı imiş, xəbərimiz yox.

İndi də acizlikdən dünyanı nüvə silahı ilə təhdid edirlər. Ancaq o silaha Rusiyada heç kəs arxayın olub eləməsin. Çünki ondan başqalarında - Rusiyanın əzəli rəqiblərində də var. Həm də artıqlaması ilə.

Yox, Rusiya özünə qəsd, intihar yolu seçəcəksə, o da öz işidir. Amma bu artıq qələbə yox, məğlubiyyət sayılacaq. Zira, psixoloqların da dediyi kimi, intiharçıların hamısı mübarizəni davam etdirə bilməyən məğlublar hesab edilirlər.

Fəqət, Rusiya ağılsızlıq edib özünüqəsdə getsə də, getməsə də, bütün əlamətlərdən göründüyü kimi, o məğlubdur. Və Ukraynadakı müharibə təkcə Putinin sonuncu müharibəsi olmayacaq. Bütövlükdə Rusiyanın son işğalçılıq savaşı olacaq.

Azərbaycan atalar məsələsində deyildiyi kimi, “Zülmlə abad olan bir gün mütləq bərbad olur...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR