İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın amerikalılara qarşı sanksiyası - gülünc addım, yoxsa...

1194 07.09.2022 08:10 İqtisadiyyat A A

Moskva Bayden Administrasiyasının Rusiya vətəndaşlarına qarşı genişlənən şəxsi sanksiyalarına cavab olaraq ABŞ Konqresinin üzvlərindən, yüksək rütbəli məmurlardan, biznes və ekspert icmalarının nümayəndələrindən, eləcə də, mədəniyyət xadimlərindən olan daha bir qrup şəxsə qarşı sanksiya tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, ümumilikdə 25 nəfər ABŞ vətəndaşının Rusiya Federasiyasına daimi əsaslarla girişi qadağan olunub. Rusiya XİN-in siyahısında “stop siyahısı”na daxil edilmiş Amerika vətəndaşlarının adları açıqlanıb.

Belə ki, Rusiyanın qara siyahısına düşən ABŞ vətəndaşları arasında tanınmış aktyorlar Şon Pen və Ben Stiller, eləcə də tanınmış siyasi ekspert Pol Qobl da var. Rusiyanın bu qarşılıq addımının mövcud duruma hansısa təsiri olacaqmı? Yoxsa bu, mənasız və gülünc bir işdir?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu sanksiyaların effektini zəif sayır: “İndiyədək ABŞ və Rusiya bir-birilərinə qarşı müxtəlif sanksiyalar tətbiq ediblər. Bunlar əsasən iqtisadi sahələri əhatə edən sanksiyalardır. Hansı ki, onlar tətbiq olunmamışdan öncə nəticələri hesablanır və qarşı tərəfə vurulacaq ziyan təxmini müəyyən olunur. Bununla bərabər fərdlərə də sanksiyalar tətbiq olunur ki, onların iqtisadi sanksiyalar kimi güclü təsirləri olmasa da, siyasi baxımdan bir aksiya kimi dəyərləndirilir. Hazırkı situasiyaya baxanda görürük sanksiyalar əsasən ilk olaraq ABŞ tərəfindən tətbiq olunur və Rusiya buna cavab olaraq sanksiyalar tətbiq edir. Amma məsələ ondadır ki, Rusiyanın tətbiq etdiyi cavab sanksiyalarının təsiri özünün məruz qaldığı sanksiyaların təsirindən qat-qat azdır. Amma diplomatiyada ”güzgü effekti ilə cavab" deyilən bir qayda mövcuddur. Nəticəsindən, təsirli olub-olmamasından asılı olmayaraq sanksiyaya məruz qalmısansa, buna eynilə cavab verirsən. Rusiyanın hazırda yürütdüyü siyasət bu şəkildədir. Neft və qaz satışı ilə bağlı Rusiyanın hər hansı sanksiya tətbiqi istisna olmaqla, digər sanksiyaların heç bir effekti yoxdur. Qaz sanksiyalarının Qərbə ciddi təsirləri olsa da Rusiyanın hazırda əsas gəlir mənbəyi olan bir sahəni zəiflətməsi özünün vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də hesab edirəm ki, ABŞ vətəndaşlarına tətbiq olunan son sanksiyalar cavab xətrinə atılan addımdır.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev: “Son sanksiyalara cavab xətrinə atılan addımdır”

ABŞ və Qərb zatən özü aylar öncə Rusiya ərazisində olan bütün biznes şəbəkələrini bağlayıb, həcmi on milyardlarla ölçülən investisiyalarını geri çəkib və hazırda orada iqtisadi marağı olan nə bir biznesmen, nə də bir şirkət var. Kiminsə marağı olsa belə öz ölkələrində ciddi problemlərlə üzləşərlər. Məsələlər bu həddədirsə inanmıram ki, hazırda Rusiyada hər hansı sahədə iş görmək istəyən, layihələr həyata keçirməyə çalışan ABŞ vətəndaşı olsun. Bura siyasətçilər, mədəniyyət işçiləri, bir sözlə, ABŞ-ın üzdə olan bütün təbəqəsi aiddir. Amma Rusiyanın məruz qaldığı eyni sanksiyaların effekti çox böyükdür. Böyük biznesmenlər, bankirlər və s. sanksiyalara məruz qalmaqla indiyədək milyardlarını itiriblər, əmlaklarına həbs qoyulub, girişlərinə qadağa var. Bundan əlavə, Rusiyanın bir çox müğənniləri, artistləri, jurnalistləri, ictimai-siyasi sahədə çalışan mütəxəssisləri fərd olaraq sanksiyalara məruz qalıblar ki, onlar da bu situasiyadan çox narahatdırlar. Çünki onların Qərbdə əmlakları mövcuddur, bir çoxları xaricdə ciddi layihələrdə iştirak etməklə böyük pullar qazanırdılar və s. Eyni fikirləri sanksiya tətbiq olunan ABŞ vətəndaşları haqqında demək mümkün deyil. Çünki bayaq dediyim kimi hazırda onları Rusiyaya bağlayan maddi, yaxud mənəvi bir hər hansı səbəb yoxdur. Ona görə də rəsmi Moskvanın son sanksiyalarını cavab xətrinə verilən cavab kimi dəyərləndirirəm".

AĞ Partiyada yeni təyinat olub.

Rəhim Əhmədzadə: “Rusiyanın enerji sanksiyaları xaricindəki qərarlarının əhəmiyyəti olmayacaq”

AĞ Partiya başqanının müavini, siyasi analitik Rəhim Əhmədzadə Kremlin əlində olan əsas kartdan danışdı: “Xatırlayırsınızsa, ABŞ və Avropa ölkələri Rusiyanın Ukrayna addımına Putinə yaxın bankları və milyarderləri hədəf alan iqtisadi sanksiyalarla cavab verdi. Bununla belə, keçmişdə oxşar situasiyalarda təcrübə bu cəza üsulunun çəkindirici olub-olmaması ilə bağlı mübahisələrə səbəb olmuşdu. Hər kəs bu sanksiyaların nə dərəcədə əhəmiyyətli olacağını düşünürdü. Yəni Baydenin ”ən ağır sanksiyaları tətbiq edəcəyik hədəsi Putini dayandıracaqmı" sualı bütün dünyanı düşündürən sual idi.

Sizin də bildiyiniz kimi, beynəlxalq ictimaiyyətin Putinə ilk reaksiyası iqtisadi sanksiyalar oldu. Almaniya kansleri Olaf Şolz “Şimal axını 2" qaz kəməri layihəsinin dayandırıldığını açıqladı. Böyük Britaniyanın o zamanki baş naziri  Boris Conson sanksiyaların birinci mərhələsi çərçivəsində beş Rusiya bankının və Putinə yaxın üç rusiyalı milyarderin hədəf alındığını açıqladı. Avropa İttifaqının Xarici Siyasət rəhbəri Josef Borrell Rusiyanın Aİ-nin maliyyə və kapital bazarlarına çıxışını əngəlləyəcəklərini açıqlamışdı. Eyni zamanda ABŞ prezidenti Co Bayden Vaşinqtonun qəbul etdiyi sanksiya qərarlarını açıqlayanda, ”Rusiya hökumətinin Qərb maliyyəsi ilə əlaqələrini kəsəcəyik. Qərbdən pul yığa bilməyəcək, bizim  bazarlarımızda və Avropa bazarlarında Rusiyanın varlığına  son  qoyacağıq" demişdi.  Heç şübhəsiz ki, Rusiya bu sanksiyalardan  ciddi zərbələr  aldı. Amma  bütünlükdə Rusiyanın geri addım  atdığını demək doğru olmaz. Rusiya öz işğalçı planlarını icra etməyə  davam  etdi. Nə dərəcədə müvəffəq oldu ya yox, o, əlbəttə, ayrı  mövzudur.  Lakin  bir  məqamı  da  qeyd edim ki,  Qərbin Rusiyaya qarşı sanksiyaları yeni deyil.  Artıq 8 ildir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 2014-cü ildə Rusiya Krımı işğal edəndə ABŞ-ın o zamankı prezidenti Barak Obama və o vaxt onun müavini olan, Ukrayna siyasətinin formalaşmasında söz sahibi olan Bayden Rusiyaya qarşı  sanksiyaların müəlliflərindən  idi.  Yuxarıdakıları  qeyd etməkdə məqsədim odur ki, ABŞ  və  Avropanın bu qədər gücləri olmasına baxmayaraq tətbiq etdikləri sanksiyalar Rusiyanı öz yolundan döndərmədisə, Rusiyanın ABŞ-a qarşı sanksiyaları nə dərəcə əhəmiyyətli ola bilər ki? Sadəcə və çox önəmli məqam odur ki, Rusiyanın əlində enerji, yəni qaz kartı var. Və bu kart yaxın  müddət üçün bütün bərabərlikləri poza bilər. Hazırda Rusiya qazının qalxan qiymətləri və ümumiyyətlə, Avropaya qaz satışını durdurmaq qərarları  bir  çox ölkələrdə inflyasiya rəqəmlərinə də təsir edir. Hətta daha ciddi böhranlar  da gözlənilir. Ona görə də nəticə olaraq Rusiyanın enerji sanksiyaları xaricindəki addımlarının hər hansı bir əhəmiyyətinin olacağını düşünmürəm".

ABS Azerbaycani yeni dunya nizaminda yaninda gormek isteyir" - Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Yaxşı olardı ki, Rusiya Ukrayna ərazisindən çıxsın və...”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bu ölkəyə ABŞ-ın sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Təkcə ABŞ deyil, Avropa İttifaqı və digər strateji müttəfiqləri də bu addımı atıb. Rusiyanın iqtisadiyyatında ciddi şəkildə təlatümlər yaşanır və ölkə iqtisadiyyatının əsasını təşkil edən qaz-neft sektorunun satışında problemlər ortaya çıxır. ABŞ sanksiyaları Moskvanın siyasətinə təsir edəcək. Məhz Vaşinqtonun strateji planı bundan ibarətdir. Rusiyanın ABŞ-a sanksiyalar tətbiq etməsi, cavab addımları təsirsizdir. ABŞ şirkətləri Rusiyadan çıxır və iş adamları bu ölkəni tərk edir. Belə olan təqdirdə Rusiyanın cavab addımları nəticəsizdir. Sadəcə, bu, Moskvanın nə qədər zəif siyasət ortaya qoyduğunu göstərir. Rusiya ABŞ-la iqtisadi əməkdaşlıq edərək öz iqtisadi tempini qoruyurdu. Rusiyanın cavab addımları, sadəcə, Kremldə bir təsəllidir və Vaşinqtonda bunu gülərək qarşılayırlar. Bu sanksiyalarin heç bir təsir mexanizmi yoxdur və ümumiyyətlə, bu şəxslər Rusiyaya səfər etmir. Yaxşı olardı ki, Rusiya Ukrayna ərazisindən çıxıb, sivil dünya ilə siyası - iqtisadi əməkdaşlığını inkişaf etdirərdi. Proseslər Rusiyanın əleyhinə işləyir və Moskva getdikcə uduzur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR