İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan “sürüşkən müttəfiqə” Xankəndi mesajı: Kreml İrəvanı niyə Şuşadan “vurdu”

3392 15.07.2022 18:17 Analitika A A

Paşinyan hakimiyyəti gözləmədiyi halda, Minsk Qrupu həmsədri olan ölkənin - Rusiya səfirinin Şuşaya səfəri nəticəsində olduqca çıxılmaz vəziyyətə düşdü, rəsmi İrəvanın Kremllə Brüssel arasında “oyun qurması” artıq təhlükəli olacaq... Kreml Ermənistanın üçtərəfli anlaşmalardan kənara çıxmaq cəhdlərinə cavab olaraq, Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya prosesinə rəsmi Bakı ilə eyni mövqedən yanaşa biləcəyini sezdirir...

Ermənistan siyasi rəhbərliyi ATƏT-in Minsk Qrupundan hələ də əl çəkmək istəmir. Bu ölkənin baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan davamlı olaraq, Minsk Qrupu həmsədrlərinin “Dağlıq Qarabağ münaqişəsi”nin nazımlanması prosesində oynadığı “əvəzsiz rol”dan danışırlar. Və bunu hər hansı ölkənin ən aşağı ranqlı təmsilçisi ilə görüşdə belə, dəfələrlə təkrarlayırlar.

Halbuki, rəsmi İrəvan özü də bilir ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq həll edilib, bu məsələ artıq çoxdan müzakirə mövzusu deyil. Üstəlik, “əvəzsiz rol”undan danışdırları Minsk Qrupu da artıq fəaliyyət göstərmir. Rəsmi Bakı bu qurumun “dəfn” olunduğunu dəfələrlə bəyan edib. Yəni, Azərbaycan üçün belə bir qurum artıq çoxdan mövcud deyil. Üstəlik, Minsk Qrupunun həmsədrləri də bir-biri ilə ünsiyyəti kəsiblər.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB) 

Ona görə də, rəsmi İrəvanın Minsk Qrupu ilə bağlı ümidləri boş olmaqla yanaşı, həm də özünətəlqindən başqa bir şey deyil. Paşinyan hakimiyyəti hələ də inanmaq istəmir ki, mövcud olmayan Minsk Qrupunun Cənubi Qafqazda hər hansı məsələnin həllində heç bir “əvəzsiz rolu” ola bilməz. Və bu, Paşinyan hakimiyyəti üçün sadəcə, sülh prosesinin ləngidilməsi cəhdlərində qeyri-effektiv bloklayıcı vasitədir.

Əslində, rəsmi İrəvanı bu məsələdə hələ də həvəsləndirən əsas faktor məhz iki həmsədr ölkənin – ABŞ və Fransanın Minsk Qrupu çərçivəsində problemlərin həllinə hazır olduqlarını vurğulamalarıdır. Çünki, ABŞ və Fransa da əslində, Minsk Qrupunun bundan sonra fəsliyyət göstərməyəcəyindən tamamilə əmindir. Sadəcə, bunun siyasi məsuliyyətinin Rusiyanın üzərinə yüklənməsinə cəhd göstərir. Hər halda, hazırda yalnız Rusiya Minsk Qrupunun artıq fəaliyyət göstərmədiyini açıq mətnlə bəyan etməkdədir.

Bunun qarşılığındasa, ABŞ və Fransa Ermənistanı Rusiyadan narazı salıb, Kremlin təsir dairəsindən uzaqlaşdırmaq üçün rəsmi İrəvana müxtəlif istiqamətlərdə siyasi dəstəyi davam etdirirlər. Ancaq Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın Kremldən uzaqlaşması üçün ABŞ və Fransanın verdiyi dəstək qətiyyən yetərli deyil. Kreml bunu tam dəqiqliyi ilə bildiyindən hər an xəyanətə hazır olan Ermənsitana birbaşa təzyiqləri artırır. Və son günlər baş verən hadisələrə də elə bu konteksdən yanaşmaq olar.

Məsələ ondadır ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov işğaldan azad edilmiş Şuşaya səfər edib. Şübhəsiz ki, rus səfirin bu addımı kifayət qədər geopolitik əhəmiyyət daşıyır. Və bu səfər rəsmi İrəvanın mövqelərinə Kremlin sarsıdıcı zərbəsi kimi də qəbul edilə bilər.

62d03df6e9ebb62d03df6e9ebc165781451862d03df6e9eb762d03df6e9eb9.jpeg (444 KB) 

Məsələ ondadır ki, Rusiya səfirinin Kremldən icazə almadan Şuşaya səfər etdiyinə yalnız sadəlövhlər inana bilərlər. Kremlin bu addımla hansı məqsədi güdməsindən asılı olmayaraq, rus səfirin Şuşaya səfəri ilk növbədə Rusiyanın 44 günlük savaşın nəticələrini və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təsdiqləməsi anlamına gəlir.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Rusiya Minsk Qrupunun üç həmsədrindən biridir. Bir müddət öncə rəsmi Bakı xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri üçün Şuşaya səfər təşkil etmişdi. Ancaq həmin səfərdə Minsk Qrupuna həmsədr ölkələrin – ABŞ, Fransa və Rusiyanın səfirləri iştirak etməmişdilər. Rəsmi İrəvan o vaxt bu məsələni həmsədrlərin “Dağlıq Qarabağ münaqişəsi”nin həll olunmadığının mesajını vermələri kimi təbliğ etməyə çalışırdı. Üstəlik, bunu Ermənistanın xarici siyasət uğuru olaraq, təqdim edirdi.

İndisə, rəsmi İrəvan gözləmədiyi halda, Minsk Qrupu həmsədri olan ölkənin - Rusiya səfirinin Şuşaya səfəri nəticəsində olduqca ciddi fakt qarşısında qalıb. Paşinyan hakimiyyəti artıq anlamalıdır ki, “Dağlıq Qarabağ münaqişəsi” və “status” kimi Minsk Qrupunun müzakirə prezdmeti sayılan “xəyali mövzular” artıq Rusiyanın gündəmində deyil. Yəni, Kremli artıq “erməni xəyalları” daha maraqlandırmır. İndi Rusiya üçün müttəfiqlik fəaliyyəti barədə Bəyannamə imzaladığı Azərbaycanla ortaq reallaşdıra biləcəyi geopolitik, geoiqtisadi və geostrateji layihələr daha böyük önəm daşıyır. Və Kremlin strateji hədəfləri baxımından, Minsk Qrupu da Rusiya üçün “dəfn” olunmuş qurumdur.

Rəsmi İrəvan indi Kremlin dəyişməkdə olan mövqeyinə və Rusiya səfirinin Şuşa səfərinə etiraz etməyə cəsarəti çatacaqmı? Əlbəttə ki, Paşinyan hakimiyyətindən Kremlə “meydan oxuyacaq” səviyyədə etiraz cəsarəti gözləmək sadəlövhlük olardı. Əslində, Rusiya səfirinin Şuşa səfərindən yetərli zaman keçsə də, rəsmi İrəvanın yalnız susmaqla reaksiya verməsi də bunu təsdiqləyir. Yəqin ki, Paşinyan hakimiyyəti bu olaya reaksiyasını sadəcə, bəzi erməni politoloqların “Rusiya kimi müttəfiqin varsa, düşmənə ehtiyac yoxdur” məzmunlu şərhləri ilə məhdudlaşdıracaq.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB) 

Göründüyü kimi, rəsmi İrəvan Rusiyaya nə qədər yaxınlaşmağa, Kremlin birmənalı dəstəyini arxasına almağa çalışsa da, istəyinə tam şəkildə nail ola bilmir. Kreml Paşinyan hakimiyyətinin ABŞ və Qərblə paralel tərəfdaşlıq münasibətləri qurmaq cəhdlərindən narahatdır. Rusiya Ermənistanın müttəfiqlik münasibətlərinə sadiq qalacağına qətiyyən əmin deyil. Ona görə də, bir tərəfdən Ermənistanı cəzalandırır, digər tərəfdənsə, ABŞ və Avropa Birliyinin xüsusi maraq dairəsinə düşən Azərbaycanla strateji münasibətlərini qorumağa çalışır.

Bu baxımdan, hesab etmək olar ki, Kreml “sürüşkən müttəfiq” olduğunu hər addımı ilə təsdiqləyən Ermənistana Şuşadan sarsıdıcı zərbə vurdu. Rusiya rəsmi İrəvana üçtərəfli anlaşmaların fəaliyyət çərçivəsindən kənara çıxılmasının Ermənistana baha başa gələcəyinin açıq mesajlarını verməyə çalışır.

Eyni zamanda, rəsmi İrəvan lazımi nəticələr çıxartmazsa, Kreml Azərbaycanın Xankəndi və ətraf bölgəsi üzərindən də Ermənistana qarşı təzyiq mexanizmlərini işə sala biləcəyinə eyham vurur. Yəni, Kreml dolayısı ilə yaxın gələcəkdə Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya olunması prosesinə rəsmi Bakı ilə eyni mövqedən yanaşa biləcəyini sezdirir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR