İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada benzin böhranı dərinləşir: bütün ölkə əziyyət çəkir

933 27.06.2026 01:14 Dünya A A

Rusiyanın müxtəlif bölgələrində yanacaq qıtlığı davam edir. Bir sıra yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırıb, işləyən məntəqələrdə isə uzun növbələr yaranıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Nəşrin yazdığına görə, Smolensk, Voronej, Ryazan, İrkutsk, Nijni Novqorod, Novqorod vilayətləri, Başqırdıstan, Kareliya, Moskva vilayəti və digər regionlardan sürücülər benzinin çatışmadığını bildirirlər.

Məlumata əsasən, Smolensk, Voronej və Ryazanda bəzi yanacaqdoldurma məntəqələrində benzin tamamilə tükənib. İrkutsk və Samarada yanacaq doldurmaq istəyən avtomobillərin növbəsi kilometrlərlə uzanır. Petrozavodsk, Nijni Novqorod, Kalininqrad vilayəti və digər bölgələrdə isə bir nəfərə satılan yanacağın həcminə 20-60 litr arasında məhdudiyyət tətbiq edilib.

Moskvadan daxil olan məlumatlarda da bəzi "Rosneft", "Qazpromneft" və "Tatneft" yanacaqdoldurma məntəqələrinin yanacaq olmadığı üçün bağlandığı bildirilir. "Teboil" məntəqələrində isə yalnız AI-95 markalı benzin satılır və hər avtomobil üçün maksimum 25 litr limiti tətbiq olunur. Növbədə gözləmə müddətinin təxminən 35 dəqiqə olduğu qeyd edilir.

Bir sıra regional hakimiyyət orqanları yanacağa tələbatın kəskin artdığını etiraf edərək benzin və dizel satışına limitlər tətbiq edib. Kalininqrad vilayətində bir dəfəyə maksimum 30 litr benzin və 60 litr dizel satılmasına icazə verilir. İşğal altındakı Krımda da yanacaq problemlərinin davam etdiyi təsdiqlənsə də, onların aradan qaldırılması üçün görülən tədbirlər açıqlanmır.

İyunun 26-da Tomsk vilayətinin rəhbərliyi də yanacaq çatışmazlığını təsdiqləyib. Halbuki Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bundan əvvəl ölkədə daxili bazarın tələbatını ödəmək üçün kifayət qədər yanacaq ehtiyatının olduğunu bildirmişdi.

Bu arada, Belqorod vilayətində hakimiyyət Ukraynadakı müharibənin iştirakçılarına yanacaqdoldurma məntəqələrində növbədənkənar xidmət göstərilməsinə icazə verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR