İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya tankerləri sanksiyalardan yayınmaq üçün “qaranlığa qərq olur”

1585 31.03.2022 09:30 İqtisadiyyat A A

RF İranın təcrübəsindən yararlana biləcəkmi?

Ukraynaya hücuma başlayandan Rusiya neftinin alışından cəmi 3 ölkə (ABŞ, Kanada, Avstraliya) imtina etsə də, şimal qonşumuz öz məhsulunu satmaqda böyük problemlərlə üzləşib. Belə ki, Rusiya neftinin əsas alıcısı olan Avropa şirkətlərinin xeyli hissəsi Ukrayna ilə həmrəylik nümayiş etdirərək alışdan imtina edib, yaxud həcmləri kəskin azaldıblar. “Windward” dəniz kəşfiyyat şirkətinin məlumatına görə, ötən həftə Rusiyaya məxsus ən böyük neftdaşıyan şirkət olan “Sovkomflot”un 172 tankerindən 77-si dolu halda okeanlarda dayanmış vəziyyətdə olub. Bu şirkət dünyada orta tutumlu (500-800 min barel) “Aframaxes” tankerlərinin ən iri sahiblərindən biridir. Hazırda onun Avropaya gedəsi tankerlərinin çoxu ya dolu halda suda fırlanır, ya da uzaq Asiya bazarlarına doğru yönəlir. Çünki ABŞ və Avropanın bank sisteminə tətbiq etdiyi sanksiyalar üzündən onların daşıdığı Rusiya neftini almaq istəyənlər çox azdır. Hətta maye qaz tankerlərinə da yaxın duran yoxdur. Yalnız bir neçə həftə əvvəldən müqavilələşdirilən yükü daşıyan tankerlər Avropa limanlarına daxil olaraq boşala bilir.

Gözləntilər yaxın günlərdə Böyük Britaniyanın ardınca Avropa Birliyi ölkələrinin də öz sularını, limanlarını Rusiya gəmilərinə bağlayacağı istiqamətindədir. Buna görə də indi heç kim Rusiyadan hətta 2 həftəlik müqaviləylə də nəsə almaq istəmir. Nəticə isə Rusiya üçün çox ağırdır: gündə dünya bazarına 5 milyon barel neft, 2,7 milyon barel neft məhsulları çıxaran ölkə hazırda birinci üzrə 3 milyon barel satış həyata keçirsə də, ikincini Belarusdan başqa heç yerə sata bilmir.

Reuters: Rusiya dəfələrlə KXDR neftini sanksiyalardan yan keçərək təmin  edib - ForumDaily

Avropa Rusiya xam neftinin 60 faizini alırdı. Eyni zamanda bu ölkənin dizel, mazut və benzin kimi yanacaqlarının əsas bazarı idi. Ukraynaya hücum başlanan gündən onun neftinə tələb dəfələrlə aşağı düşüb. Rusiya limanlarına istiqamətlənən tanker və digər yük gəmiləri üçünsə tariflər 300 faiz artıb. “Energy Aspects” konsaltinq şirkətinin məlumatına əsasən rekord həcmdə endirimə baxmayaraq, hazırda Rusiya xam neft ixracının 70 faizi alıcı tapa bilmir. Avropanın neft emalı zavodları onu almırlar.

“JPMorgan”ın hesablamalarına əsasən, Rusiyanın Qara dəniz limanlarından gündəlik neft ixracı 1 milyon barel, Baltik dənizi limanlarından ixracı 1 milyon barel, Uzaq Şərq limanlarından ixracı isə 500 min barel azalıb. Qara dənizlə 2,5 milyon barellik neft məhsulları ixracı da tamamilə dayanıb.

Rusiya neftinə Avropa və digər sanksiya tətbiq edən ölkələrin embarqo qoymasının yaxınlarda olması ehtimalı da getdikcə artır. Hazırda diqqətlər qaz bazarındakı proseslərə yönəlib: Rusiya prezidenti Vladimir Putinin qazın dəyərinin rublla ödənməsi üçün qoyduğu müddət martın 31-də bitir. Artıq qazın əsas alıcısı olan Avropa ölkələri rublla ödəniş etməyəcəklərini, Rusiya tərəfi isə rublla ödəniş olmasa, qaz satmayacağını bəyan edib. Bu isə yaxın günlərdə Rusiyadan Avropaya gedən qaz borularında vintillərin bağlanacağı ehtimalını gücləndirir. Analitik mərkəzlərə görə, Rusiya qaz nəqlini dayandıran kimi onun neft və neft məhsullarına da embarqo qoyulacaq.

Rusiya İran neftini daşıyan tankerin saxlanılmasını pisləyib - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa neft embarqosu tətbiq edərsə, Rusiya neftinin iki alıcısı qala bilər. Bunlar Çin və Hindistandır. Hindistan artıq daha çox Rusiya nefti almaq üçün hərəkətə keçib. Onun Rusiyadan gündəlik 230 min barel neft almağa başladığı bildirilir. Lakin bu həcmin yaxın vaxtlarda artması gözlənilmir. Belə ki, Hindistan neft tələbatının 50 faizə qədərini Yaxın Şərq ölkələrindən alır. Fars körfəzi vasitəsilə bu neftin nəqli çox ucuz başa gəlir. Bu şəraitdə Rusiya uzaq Hindistana neft sata bilmək üçün kəskin qiymət endiriminə getməlidir. Analitik mərkəzlər Hindistanın Rusiyadan neft alışının aylıq 10 milyon bareldən yuxarı olmayacağını proqnozlaşdırırlar. Halbuki Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən Rusiyanın aprel ayında Avropa embarqo tətbiq etməsə, gündəlik sata bilmədiyi həcm 3 milyon barelə yaxın olacaq. Avropa embarqo tətbiq etsə, bu həcm 4 milyon bareli keçə bilər.

Hesab edilir ki, Rusiyanı yaranmış böhrandan yalnız Çin xilas edə bilər. Bu ölkənin 2020-ci ildə nefti aşağı qiymətlərindən istifadə edərək topladığı böyük ehtiyatların xeyli hissəsindən artıq istifadə olunub. Gündəlik neft idxalı 10,5 milyon barel olan Çin ehtiyatlarını bərpa etmək üçün Rusiyadan alışı artıra bilər. Lakin Pekin hələlik buna getməyə tələsmir. Belə ki, ölkənin Rusiyadan neft alışını kəskin artırması müşahidə olunmur. Bunun bir səbəbi Rusiyanın Avropa limanlarından neftin Çinə çox uzun müddətə - 40 günə gedib çıxmasıdır. Əsas səbəb Çinin Rusiya neftinin daha da ucuzlaşmasını gözləməsidir. Avropanın embarqo qərarı hazırda Brentdən 35 dollar ucuz satılan Rusiya neftinin çox kəskin ucuzlaşmasını şərtləndirəcək. Məhz o zaman Çinin irəli duraraq Rusiyadan neft alışını artıracağı gözlənilir.

Rusiyaya məhdudiyyət hədələri

Bu arada martın 29-da Rusiya neftini daşıyan Adriatik neft kəmərinin operatoru olan Xorvatiya şirkəti Serbiyaya neft nəqlini mayın ortalarından etibarən dayandıracağını elan edib. Şirkət bunu Rusiyaya qarşı sanksiyalarla izah edib.

Beləliklə, Avropa Rusiya neftindən imtina edərsə, Rusiyanın öz məhsulunu satmaq imkanları ən azı yaxın bir neçə ay ərzində kəskin məhdudlaşacaq. Lakin yeni nəql marşrutları tapıldıqdan sonra aşağı qiymətə də olsa, Rusiyanın öz neftinin satışını böyük ölçüdə bərpa edəcəyi gözlənilir. Amma İrana münasibətdə olduğu kimi, sanksiyalar ikili tətbiq olunarsa (dolayı yolla neft alanların da sanksiyalara məruz qoyulması), Rusiyanın öz neftini cənub qonşumuz kimi gizli yollarla satmaqdan başqa yolu qlamayacaq.

Qeyd edək ki, 2010-cu ildən neft embarqosu ilə üzləşən İran müxtəlif sxemlərlə gündəlik neft satışını 2 milyon barelə çatdıra bilmişdi. Lakin 2018-ci ildə ABŞ-ın ikili sanksiya tətbiq  etməsindən sonra bu həcm 700 min barelə qədər azaldı. İran öz neftini bir neçə sxem əsasında satırdı. Bunlardan biri Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela kimi ölkələrə qeydiyyatsız və aşağı qiymətlə ixrac idi. Həmin ölkələr nefti emal edərək hazır məhsulları satırdılar. Əvəzində İrana dərmanlar, pestisidlər, qızıl verilirdi. Daha bir sxem radarları söndürülən tankerlərlə neftin dənizə çıxarılması, gecə vaxtı sudaca başqa tankerlərə boşaldılması və digər ölkələrin nefti ilə qarışdırılıb satılması idi.

VİRTUAL AZƏRBAYCAN

Son zamanlar Rusiyanın bəzi şirkətlərinin gizli yolla neft satışına başladığına dair məlumatlar yayılmaqdadır. AmerikanınSəsi yazır ki, Ukraynada müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların təsirlərinin başladığına işarə olaraq, neft və neft məhsulları daşıyan Rusiya tanker gəmilərinin kimliklərini və yerlərini göstərən sistemləri söndürdüyü müşahidə edilib. Bu, Rusiyanın sanksiyalardan yayınma cəhdləri ilə əlaqələndirilir.

Mütəxəssislər deyir ki, qaranlığa qərq olmaqla gəmilər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmədən, çox vaxt dənizdə gəmidən-gəmiyə köçürmə yolu ilə yükləri boşalda bilər.

Dəniz riskini qiymətləndirmək üçün süni intellektdən istifadə edən İsrail firması Windward Ltd. tərəfindən toplanan məlumatlara görə, sanksiyaların tətbiqindən sonra Rusiyaya bağlı gəmilərin gündəlik olaraq qaralması insidentlərinin sayı kəskin şəkildə artıb. Bu, xüsusilə Rusiya xam neftini daşıyan tankerlərə aiddir.

İşğaldan əvvəl Windward Rusiya xammalı ilə yüklənmiş tankerlərin identifikasiya sistemlərini sıradan çıxararaq gündə iki və ya üç insidentini izləyib. İndi gündə təxminən 20 bu kimi fakt sənədləşdirilib.

Windward şirkətinin baş direktoru Ami Daniel AmerikanınSəsinə deyib: “Biz Rusiya gəmiçiliyi və ticarəti arasında yüklərinin hara getdiyini sistemli şəkildə gizlətmək üçün sinxronlaşdırılmış səyləri görürük”.

Beləliklə, Rusiya şirkətləri artıq indidən gizli neft satışını təcrübədən keçirirlər. Lakin bu təcrübənin ikili sanksiyalar şəraitində nə qədər uğurla tətbiq olunacağı sual altındadır. Belə ki, İran öz məhsulunu Qərbin nəzarəti zəif olan Fars körfəzi vasitəsilə gizli sata bilirsə, Avropaya açılan Rusiya limanlarından bunu etmək qat-qat çətin olacaq. Bu isə Rusiyadan gizli neft almaq istəyənlərin daha az olacağından xəbər verir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR