İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sarsıdıcı enerji savaşına başladı: Avropa Birliyi real təhlükə ilə üzləşib

3163 06.07.2022 17:19 Analitika A A

Kreml Rusiya iqtisadiyyatını “çökmə mərhələsi”ndən xilas edə bilmir… Ona görə də, Rusiya Avropa Birliyinin qış planlarına “qaz vurmaqla”, intiqam almaq, beynəlxalq rəqiblərini sərt şaxta ilə məğlub etmək qərarı verib…

Ukrayna savaşının əhatə dairəsi genişlənə bilər. Hər halda, bu savaşın Ukraynanın dövlət sərhədlərindən kənara çıxma ehtimalı hər ötən gün daha da ciddiləşir. Üstəlik, Ukrayna savaşının daha təhlükəli ssenarilər üzrı inkişaf etməsi, bu müharibədə birbaşa və dolayısı ilə iştirak edən dövlətlərin maraqlarına uyğundur.

Xüsusilə də, Rusiya üçün savaşın əhatə dairəsinin genişlənməsi daha sərfəlidir. Çünki, hazırda bu nəhəng ölkə öz tarixinin əh taleyüklü mərhələsindən keçir. İndi bütün dünya Rusiyaya qarşı birləşmiş kimi görünür. Kreml Qərb dünyasından tamamilə təcrid edilmiş duruma düşüb, indi yalnız Şərq dünyası üzərindən müəyyən manevrlər etmək məcburiyyətində qalıb.

Digər tərəfdən, Rusiyaya qarşı beynəlxalq sanksiyalar artıq öz real təsirlərini tədricən göstərməyə başlayıb. Son vaxtlar Kreml həm maliyyə-iqtisadi, həm də idxal-ixrac problemləri ilə üzləşir. Kremlə yaxın siyasi dairələr Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyalara davam gətirmə immunitetinin olduğunu iddia etsələr də, hər şey heç də ümidverici xarakter daşımır.

13135124-a73d-4d7a-a1c6-d325367249c8.jpg (237 KB)

Maraqlıdır ki, Kreml artıq Rusiya iqtisadiyyyatının sarsıntı keçirtdiyini gizlətməkdə də çətinlik çəkir. Hər halda, sanksiyalardan öncə toplanmış ehtiyat resursların tükənmək üzrə olduğu barədə məlumatlara daha tez-tez rast gəlinir. İdxaldan asılı olan Rusiya sənayesinin istehsal gücünün ciddi şəkildə aşağı düşdüyünü avtomobil müəssisələrində yaranmış durum birmənalı şəkildə izah edir. Hər halda, bu sahədə 98 faizlik istehsal azalmasının olduğu iddia olunur.

Eyni zamanda, Rusiyanın bəzi yüksəkranqlı rəsmiləri də çox ehtiyatla da olsa, ölkənin üzləşdiyi duruma yönəlik müxtəlif eyhamlar vururlar. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun açıqlaması isə ölkənin fəlakətə doğru sürükləndiyinə qətiyyən şübhə yeri buraxmır. “Moscowtimes.ru” saytının verdiyi məlumata görə, Maksim Reşetnikov bildirib ki, “İstehlak mallarında 75%, dərman perepatratlarında 55% idxaldan asılı olan və ixtiralara görə dünya bazarının 1 faizinə belə, yaxınlaşa bilməyən Rusiya iqtisadiyyatı Ukrayna savaşının başlanmasından sonra özünün ən ağır ticarət təcridi ilə üz-üzə qalıb".

M.Reşetnikov onu da vurğulayıb ki, Rusiyanın rəsmi nümayəndə heyətləri bəzi Asiya dövlətlərinə səfər edərək, həmin ölkələrin biznes çevrələrini Qərb şirkətlərindən boşalan yerlərdə fəaliyyətə inandırmağa çalışsalar da, indiyə qədər bu uğursuzluğun qarşısını almaq mümkün olmayıb. Ona görə də, indi Rusiyanın idxal sahəsində ümumi olaraq, 40% azalma mövcuddur.

394402.jpg (50 KB)

Rusiyalı nazir müxtəlif ölkələr üzrə də bəzi statistik məlumatları açıqlayıb. Onun dediyinə görə, Almaniyadan Rusiyaya idxal daşınmaları 70%, Yaponiyadan 76%, Cənubi Koreyadan 74% azalıb. Kremlin ümid bağladığı Çin isə hələlik köməyə gəlməyə tələsmir və əksinə, bu ölkədən də Rusiyaya ixracat 38% aşağı düşüb. Və bu rəqəmlər də yəqin ki, rusiyalı nazir tərəfindən mümkün qədər “ütülənməklə” təqdim olunub. Halbuki, real vəziyyət tam açıqlanmasa da, elə bu rəqəmlərin özü də Rusiya iqtisadiyyatında fəlakətli durumun hökm sürdüyünü təsəvvür etmək üçün tamamilə yetərlidir.

Moscowtimes.ru saytının nüfuzlu “Bloomberg”ə istinadən yaydığı daha bir məlumata görəsə, Rusiyanın əsas ixrac şirkətlərindən olan “Qazprom” da defolt təhlükəsi ilə üzləşib. Belə ki, Rusiya təbii qazının Avropaya ixracının kəskin azaldılmasından sonra “Qazprom” xarici səhmdarlarına olan bopcların ödənməsində ciddi problemlərlə üzləşməkdədir. ABŞ-a məxsus Citibank Rusiyaya qarşı sanksiyaları bəhanə gətirərək, “Qazprom”un xarici səhmdarlara borc ödənişini bloklayıb.

Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən başlayaraq, Rusiyanın əsas təbii qaz müştəriləri olan Almaniya, İtaliya və Avstriyaya ixrac 40-60 faiz arasında azalıb. Kreml isə bu ağır vəziyyəti Avropa Birliyi ölkələrinə enerji resursları ixracını tamamilə dayandırmaqla, düzəldə biləcəyinə ümid bəsləyir. Rusiya siyasi dairələrində hesab edirlər ki, Avropa Birliyi ölkələrinə təbii qaz ixracını məhz indi kəsməklə, həmin dövlətlərin öz anbarlarını doldurmaq şansından məhrum etmək vacibdir.

4989316.jpg (44 KB)

Kreml savaşın uzana biləcəyini artıq qəbul etməyə başlayıb. Ona görə də, Rusiya rəhbərliyi indi müəyyən enerji risklərinə gedərək, Avropa qitəsini sərt qış aylarında “dondurmaq” niyyətindədir. Bu, Kremlin Avropa Birliyinə Rusiyaya qarşı sanksiyaların cavabı olaraq, “enerji zərbəsi” vurmaq cəhdidir. Və bu məqsədlə yaxın vaxtlarda “Şimal axını” təbii qaz kəməri ilə ixracın da dayandırılması nəzərdə tutulub.

Təbii ki, Avropa Birliyində Rusiyanın bu addımlarının əsas hədəfinin nə olduğunu anlamamış deyillər. Ona görə də, Almaniyanın iqtisadiyyat naziri Habek Rusiyanın bu davranışının yanlış olduğunu düşünməyin doğru olmadığını vurğulayıb. O, bildirib ki, Rusiya yanlış addım atmır, əksinə, Avropa Birliyinə qarşı dəqiq hesablanmış enerji resursları üzərindən iqtisadi müharibə aparmaq niyyətinə düşüb. Və bu savaşa istənilən halda, hazır olmaq lazımdır.

Göründüyü kimi, Rusiya Ukrayna savaşı və sanksiyaların təsiri ilə zəiflədikcə, ən radikal cavab addımları atmağa çalışır. Kremlin indi qış aylarını hesaba almaqla, Avropa Birliyinə qarşı enerji savaşına başlaması əslində, o qədər də məntiqsiz deyil. Ancaq iqtisadiyyatı dərin sarsıntı keçirən, ağır zərbələr alan və hətta çökmə mərhələsinə böyük sürətlə yaxınlaşan Rusiyanın özünün bütün bunlara necə duruş gətirə biləcəyi də olduqca mübahisəli məsələdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Musavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR