İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qazına alıcı axtarır - Azərbaycan üçün əlavə imkanlar yaranır

1191 21.09.2022 11:26 İqtisadiyyat A A

Tehranla Moskvanın qaz alverindən Bakıda məlumatsızdırlar?

Avropa Rusiya qazından istifadəni minimuma endirib. Hazırda Rusiyadan alınan qaz qitənin tələbatının 10 faizinə bərabərdir. Moskvanın qaz şantajına qarşı bütün mümkün kənar mənbələrdən qaz alışını artıran Avropa qış hazırlıqları planına artıqlaması ilə əməl edir. Avropa Qaz İnfrastrukturu Operatorları Assosiasiyasının məlumatına əsasən Avropa Birliyinin qaz anbarı olan 18 ölkəsindən 14-ü 1 noyabra qədər anbarların 80 faiz doldurulması planına indidən əməl edib. Sentyabrın 19-na Avropanın qaz anbarları 86 faizə yaxın dolu olub.

Avropanın qaz təchizatının 35 faizini maye qaz, 29 faizini Norveç, 12 faizini Şimali Afrika ölkələr, 10 faizini isə Böyük Britaniya təmin edir.

“McKinsey” beynəlxalq konsaltinq şirkətinin Rusiya bölməsi - indi “Yakov və partnyorları” adlanan şirkətin hesablamalarına əsasən, bu ilin sonunadək qaza olan tələbatı ödəmək üçün Avropa ölkələrinə Rusiyadan nəqlin dayanmaması, yaxud qaz istehlakının 7-12 milyard kubmetr azaldılması lazım gələcək. Şirkət mütəxəssislərinə görə, belə qənaət üçün Avropada bəzi sahələrdə istehsal dayanmalıdır: “Bu il Avropada qaza tələbat 470 milyard kubmetr təşkil edəcək. Bunun 196 milyard kubmetri Avropa Birliyinin özündə istehsal ediləcək, 135 milyard kubmetr maye qaz idxalından, 28 milyard kubmetr Rusiyadankənar boru xətləri ilə nəql ediləcək. Rusiyadan isə bu il nəql tamam dayanmasa Avropaya 68 milyard kubmetr qaz veriləcək - bunun artıq 54 milyard kubmetri nəql olunub. Qış mövsümündə Avropanın qaz tələbatı 300 milyard kubmetr hesablanır ki, bunun da 194 milyard kubmetri istehsal olunacaq, yaxud alınacaq, 75 milyard kubmetri anbarlardan götürüləcək, indiki qənaət rejimi davam edəcəksə, 19 milyard kubmetrə də qənaət ediləcək. Beləliklə, qış mövsümü üçün Avropaya əlavə 12 milyard kubmetr qaz tələb olunacaq. Qışın daha kəskin keçməsi, Çində maye qaza tələbatın artması, çatdırılmada hər hansı problemin yaranması şəraitində bu həcm 20 milyard kubmetrə qədər arta bilər”.

Qazprom”un qaz hasilatı 10% azalıb

 

“Yakov və partnyorları”nda hesab edirlər ki, 2023-cü ildə Rusiya qazından tam imtina Avropa üçün 40-60 milyard kubmetrlik defisit demək olacaq ki, bu da Fransa və Polşanın birlikdə illik istehlakına, yaxud gübrə, neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma kimi sahələrin istehlakına bərabərdir. Şirkət iddia edir ki, hazırda Avropada azot gübrələri istehsalı 70 faiz, alüminium istehsalı 25 faiz, poladəritmə 5 faiz ixtisar olunub və hətta qış mülayim keçsə də bu vəziyyət dəyişməyəcək.

“Qazprom” şirkəti də sentyabrın 20-də Avropa ölkələrinə xəbərdarlıqla çıxış edib. Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, anbarların doldurulması Avropanın qışı raha keçirməsini təmin etməyəcək, çünki ehtiyatlar qitənin 2 aylıq tələbatını ödəməyə yetəcək.

Qeyd edək ki, bu ilin 1 yanvar-15 sentyabrında “Qazprom”un qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalmaqla 301 milyard kubmetr təşkil edib. Rusiyanın daxili qaz şəbəkəsində tələbat 3,3 faiz azalıb. Xarici ölkələrə ixrac isə 39 faiz azalmaqla 84,8 milyard kubmetr təşkil edib. Rusiya qazının yalnız bir istiqamətdə - Çinə ixracında artım var. Çinə qaz nəql olunan “Sibirin gücü” kəməri sentyabrın 22-dən 29-dək planlı təmirə dayandırılacaq.

Avropada isə böyük qaz istehlakçıları qənaət tədbirlərini getdikcə sərtləşdirirlər.

Rusiyadan nəqlin dayanması yalnız İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığına səbəb ola bilər. “İl Mattino” qəzetinin yazdığına görə, oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsinin təxminən 8 faizi (6,4 milyard kubmetr) həcmində qaz çatışmazlığı yarana bilər. Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.

Fransa və Almaniyada oktyabrın 1-dən etibarən evlərdə, ofislərdə temperaturun 1 dərəcə azaldılmaqla 19-a salınması, binaların üzərindəki reklam və adbildiricilərdə işıqlandırmanın saat 22.00-06.00 aralığında tam söndürülməsi kimi addımlar atılacaq. Fransada aparılan sosioloji sorğuların nəticələrinə əsasən əhalinin 71 faizdən çoxu evində, ofisində istiliyin 19 dərəcəyə endirilməsinə razıdır.

Anbarlar dolur, ancaq qaz kəsilsə... - Almaniya

Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müllerin fikrincə, anbarların doldurulması ölkənin enerji təhlükəsizliyini gücləndirir: “Qaz anbarlarını 91 faiz doldurmaqla Almaniya yeni mərhələyə çatıb. Yaradılan ehtiyatlar enerji təchizatında təhlükəsizliyi artırır, fövqəladə vəziyyətlərdə problem yaranmasının qarşısını almağa imkan verir”.  Agentlik rəhbəri anbarların tam doldurulmasının təmin olunacağını qeyd edib.

Almaniyanın kansleri Olaf Şols isə bəyan edib ki, artıq 2023-cü ilin sonuna doğru ölkəsi Rusiya qazından asılılıqdan tam qurtulacaq: “Biz qaz nəqli mənbələrini elə şaxələndiririk ki, istənilən vaxt bir mənbədən aldığımız həcmi digər mənbələrlə əvəz edə biləcəyik. Bu isə bizim Rusiya qazından asılılığımızın tamamilə aradan qalxması demək olacaq. Həmçinin bu şaxələndirmə aldığımız qazın qiymətində də əlverişli həddi təmin edəcək”.

Avropaya qaz ixracı 145 milyard kubmetrdən 54 milyard kubmetrə qədər azalan Rusiya ixrac edə bilmədiyi qazı yandırmaqla məşğuldur. Finlandiya qurumlarının məlumatına əsasən Rusiya gündə azı 4 milyon kubmetr qazı yandırır. Ölkə Çinə ixracı artırmaq üçün zəruri infrastrukturu yaratmağa çalışır, lakin bunun üçün ən azı 3-4 il vaxt lazımdır. Hazırda Rusiyanın qaz anbarları 92 faizə yaxın doldurulub. Qışa qədər bu göstərici 100 faiz olacaq. Ölkədaxili qaz şəbəkəsinin genişləndirilməsi də yaxınmüddətli dövrdə baş tutacaq proses deyil. Buna görə də Rusiya ya qaz üçün yeni alıcı tapmalı, ya Avropaya satmağa davam etməli, ya da yandırmalıdır. Hələlik Moskva yeni alıcılar tapmağa çalışır. Belə alıcılardan biri İran ola bilər. İranın “Fars” agentliyinin yaydığı məlumata əsasən,  Tehran Rusiyadan gündə 15 milyon kubmetr qaz almaqla bağlı razılaşma əldə edib. Bu həcmin 9 milyon kubmetri Azərbaycan, 6 milyon kubmetri isə Türkmənistan üzərindən svop yolu ilə alınacaq. Bununla da İran həm özünün əhalinin sıx məskunlaşdığı şimal-qərb rayonlarının qaz təchizatını yaxşılaşdıracaq, həm də Türkiyə və İraqa daha çox həcmdə qaz ixracını təmin edəcək. Eyni zamanda İran Rusiyadan aldığı qaz həcminə uyğun maye qazı Fars körfəzindən Rusiyanın müştərilərinə yola salacaq.

İran Milli Neft Nazirliyinə istinad edən “Fars” agentliyi bildirir ki, maye qaz “Qazprom”un iştirakı ilə istehsal olunacaq.

Qeyd edək ki, İranın Azərbaycan üzərindən Rusiyadan qaz alacağını avqust ayında İranın neft naziri Cavad Ouci də açıqlamışdı.

Azərbaycan Energetika Nazirliyi

“Yeni Müsavat”ın sorğusuna cavab olaraq Rusiyadan İrana qaz ötürülməsi barədə hansısa razılaşma olmasından məlumatsız olduqlarını bildiriblər. Müvafiq sorğumuza SOCAR-dan cavab gözləyirik.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın Rusiya qazını İrana ötürmək üçün müvafiq infrastrukturu var. Belə ki, Rusiyadan Azərbaycana qaz ötürülən Hacıqabul - Şirvanovka - Mozdok boru kəməri Sovet dövründən  1983-cü ildən işə salınıb. İllik ötürmə qabiliyyəti 10 milyard kubmetr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.

Sovet dövründə və ondan sonra bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən, Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib. 2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib. Hazırda kəmər demək olar ki, istifadəsizdir. Onunla nəql olunacaq qazı İran sərhədinə çatdırmaq isə Hacıqabul - Astara - Astara (İran) boru kəməri ilə mümkündür.

Ümumi uzunluğu 210 km olan magistral qaz boru kəməri 1970-ci ildə istismara verilib və keçmiş SSRİ-nin İrandan gələn qazla təmin edilməsi üçün istifadə olunub. 2006-cı ildə qazın Azərbaycandan İrana tədarükü üzrə svop əməliyyatlarına başlanılıb və  Naxçıvana verilən qazın əvəzində Azərbaycandan İrana qaz bu kəmərlə ixrac edilir.

Cari ili  yanvarından Azərbaycan İran üzərindən Türkmənistandan svopla qaz alışını bu kəmərlə həyata keçirir.

Rusiya qazının İrana ötürülməsi Azərbaycan üçün əlavə imkanlar yaradır. Belə ki, svop əməliyyatlarının reallaşması zamanı ərazisindən qaz ötürülən ölkə nəql olunan həcmin müəyyən hissəsini özünə götürür. İran Naxçıvana verdiyi qaza görə Azərbaycandan 15 faiz həcmində artıq qaz alırdı - baxmayaraq ki, dünyada bu həcm 7 faizi keçmir. Azərbaycan Rusiyadan İrana ötürülən qazın dünya ortalamasına uyğun hissəsini götürməklə eyni həcmdə qazı ixraca yönəltmək imkanı əldə edə bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR