İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya niyə neftin deyil, qazın pulunu rublla almaq qərarına gəldi – Ekspert şərh edir

2236 23.03.2022 19:53 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya hücumdan sonra Qərb dövlətləri tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq “dost olmayan” ölkələrə qazı rublla satmaq qərarına gəlib. Bu barədə hökumətin martın 23-də keçirilən iclasında məlumat berən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərbdəki tərəfdaşlardan satılan məhsulun pulunu dollar və avro ilə almağın bir əhəmiyyəti qalmayıb.

Buna görə də o, "dost olmayan" ölkələrdən qazın dəyərinin ödənişinin yalnız rublla qəbul olunması barədə "Qazprom" və hökumətə qəti tapşırıq verib.

Onun sözlərinə görə, bu ölkələrin atdığı addımlar dollar və avronun etibarlı valyuta olmadığını göstərir:

"Biz onlardan fərqli olaraq müqavilə öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Buma görə də qazın satışını dayandırmırıq. Sadəcə, ödəniş valyutasını dəyişirik. Bundan sonra mənim tapşırığıma əsasən qaz üçün bütün ödənişlər rublla həyata keçiriləcək. Rublu onlar Rusiyada keçiriləcək şəffaf və açıq valyuta birjalarında əldə edə bilərlər”.

Xatırladaq ki, Rusiya sanksiyalara görə martın 7-də Avropa Birliyi(27 üzv dövlət) və daha 21 ölkəni “dost olmayan ölkə” kateqoriyasına daxil edib. Və bu ölkələrdən yalnız Avropa Birliyi Rusiyadan qaz alır. Avropa Birliyinin rublla ödəniş etməsi realdırmı? Və niyə Rusiya niyə neftinin deyil, qazının pulunu rublla almaq qərarına gəlib?

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Rusiyanın məhz qazın ödənişini rubla keçirmək qərarı bu məhsul üzrə Avropaya təzyiq üçün əlində imkanın olması ilə bağlıdır:

“Məlumdur ki, Avropanın yaxın aylarda, hətta illərdə Rusiya qazından tam imtina etməsi, demək olar ki, mümkün deyil. Putin bunu bildiyi üçün məhz qazın dəyərinin rublla almaqla Avropa Birliyinə təzyiq etməyə çalışır. Bilirsiniz ki, Avropa artıq Rusiya qazından asılılığı ən azı kəskin azaltmaq üçün bütün imkanlarını səfərbər edib. Avropanın Rusiyadan illik qaz alışı 150 milyard kubmetr təşkil edir. Yaxın bir ildə ABŞ və Qətərdən maye qaz alışı, Norveçdən idxalın artırılması, alternativ enerji güclərinin yaradılması,nəhayət, ciddi qənaət hesabına Avropa Rusiyadan qaz alışını 50 faiz azaltmaq qərarındadır. Rusiya üçün bu, çox böyük itkidir və mümkün qədər çalışır ki, qarşısını alsın. Putinin son tapşırığı da məhz Avropanı bu plandan çəkindirmək məqsədi daşıyır”.

Ekspertin fikrincə, Rusiyanın bu addımının nə qədər uğurlu olacağı Avropanın davranışlarından asılıdır:

“Əgər Avropa Rusiya qazından asılılığı 2022-ci il ərzində 50 faiz azaltmaq planından geri çəkilməsə, Rusiya israrlı olacaq. Bu halda, Avropa Rusiyadan qazı rublla almağa məcbur olacaq. Yox, əgər Avropa Rusiya qazından tamamilə imtina qərarı versə, Rusiya məcbur olacaq geri çəkilsin”.

Niyə neft deyil, qaz? R.Ağayevə görə, Avropanın, Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrin Rusiya neftindən imtinası kifayət qədər realdır:

“Artıq ABŞ, Kanada, Avstraliya Rusiyadan neft-qaz alışını tam dayandırıb, ilin sonunadək Böyük Britaniya da dayandıracaq. Hətta Avropa Birliyinin də yaxın 1-2 həftə ərzində Rusiyadan neft alışını dayandıracağı gözlənilir. Amma qaza münasibətdə Avropanın imkanları məhduddur. Ona görə də Rusiya məhz qazın dəyərini rublla almaq qərarına gəlib. Digər tərəfdən, Rusiyanın dollar və avroya çıxışı, demək olar ki, dayanıb. Rublun məzənnəsini saxlamaq üçün çox radikal addımlara gedilir. Bu şəraitdə qəbul edilən qərar müyyən dövr üçün rublun dəyər qazanmasına səbəb olacaq. Təsadüfi deyil ki, Putinin açıqlamasından sonra rubl dollar və avro qarşısında bir qədər möhkəmlənməyə başlayıb”.

Qeyd edək ki, Putinin martın 7-də imzaladığı əmrinə əsasən “dost olmayan” ölkələrə satılan bütün məhsullara görə ödənişlər rublla alınmalıdır. Bu baxımdan, qazın indi elan olunması Rusiyanın Avropa Birliyinin onun neftindən imtina etməyə hazırlaşması barədə məlumatlara cavabı kimi də qiymətləndirilə bilər. Belə ki, bu həftə ərzində Avropa Birliyinin Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir və orada neft alışına qadağanın da olacağı bildirilir. Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Avropa Birliyi belə addım atarsa, dünya bazarında neftin qiymətinin 300 dollara yüksələcəyini bildirib.

R.Ağayev bildirir ki, sanksiyanın psixoloji effekti və onun yaratdığı bazar reaksiyası nəticəsində qısamüddətli dövrdə neftin qiyməti Novakın dediyi səviyyəni görə bilər:

“Amma bu qiymətin bazarda oturuşması 2 səbəbdən real deyil:

1) Dünya iqtisadiyyatı belə yüsksək səviyyəyə tab gətirə bilməz. Pandemiyanın neqativ təsirlərinin yaratdığı yüksək inflyasiyanın, Rusiya-Ukrayna müharibəsi nəticəsində təchizat zəncirindəki pozulmaların ortaya çıxardığı əlavə inflyasiya risklərinin ardınca 300 dollarlıq neftin yükünü qlobal iqtisadiyyat çəkə bilməz. Qiymətlərin həmin səviyyəyə yüksəlib bir müddət qalması kifayət edəcək ki, dünya iqtisadiyyatı dərin resessiyaya girsin. 70-ci illərin ərəb və Körfəz böhranının ardınca enerjidaşıyıcılarının yaratdığı qlobal inflyasiya və onun özüylə bərbər gətirdiyi dərin (həmçinin) uzunmüddətli iqtisadi böhranın tarixinə və səbəblərinə baxmaq kifayətdir.

Həmin dövrdə təxminən 5 il ərzində enerjidaşıyıcıları ilə bağlı xərclərin qlobal ÜDM-ə nisbəti 2 dəfə artaraq 13 faizi ötmüşdü.

Hazırda isə neftin qiymətinin 110-120 dollar arasında hərəkət etdiyi vaxtda artıq enerji xərcləri 15 faiz yaxınlaşır - bu müqayisədən çıxış edərək 300 dollarlıq neft qiymətlərinin iqtisadiyyat üçün yaradacağı nəhəng xərcləri göz önünə gətirin.

2) Hətta Avropa imtina edəcəyi halda belə, Rusiya nefti tamamilə qlobal bazardan çıxmayacaq ki, bazarda embarqoya məruz qalan neft həcmi qədər defisit yaransın. Burada Venesuela və İranın bazara qayıtması ilə bağlı mümkün ssenarini nəzərdə tutmuram. Doğrudur, hər iki ölkənin sanksiyalar nəticəsində bazardam çıxarlan neft həcmi (gündəlik 4 milyon barrel) Rusiyanın əvəzləyə bilər. Lakin hətta hər 2 ölkə Qərblə dil tapsa belə, onların bazara qayıtması 6-8 aydan tez baş verməyəcək.

Rusiya nefti bazardan çıxmayacaq deyəndə onun bazar coğrafiyasını dəyişəcəyini nəzərdə tuturam. Çin və Hindistanın neft və neft məhsulları üzrə illik istehlakı 730 milyon tona yaxındır. Rusiyanın ümumi ixracatı bu göstəricinin cəmi 30 faizini təşkil edir. Halbuki bu ilə qədər Rusiyanın 2 ölkənin istehlakında payı cəmi cəmi 11 faiz (81 milyon ton) olub.

"Sanksiya koalisiyası" Rusiyanın neft və neft məhsullarının təxminən 60 faizini (170 milyon ton) alırdı. Doğrudur, Rusiya Qərbə satdığı neft və neft məhsularının yarısından çoxunu kəmərlər vasitəsilə ötürürdü və oturuşmuş infrastrukturu vardı. Halbuki Çinə satdığı neftin isə cəmi 20 faizini kəmərlə ötürə bilir. Amma şübhəsiz ki, Avropaya kəmərlə satılan nefti tankerlə dünya okeanı vasitəsilə yeni bazarlara çıxarmaq üçün zəruri şərtləri təmin etməyə zaman və xərc lazımdır. Üstəgəl, Rusiya qiymət baxımından daha sərfərli Avropa bazarını itirəcək. Yeni bazarlarda (Çin və Hindistan) OPEC-dəki tərəfdaşları ilə rəqabət isə Rusiyanı onlarla üz-üzə gətirə, uzun müddətdir hasilata kvota tətbiqilə bağlı karter sövdələşməsini riskə ata bilər.

Yeri gəlmişkən, Hindistanın neft tələbatının 50 faizdən çoxunu 4 ölkə - Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Venesuela ödəyir. Çinin tələbatının 50 faizini ödəyən ilk 5-likdə olan ölkələr isə Səudiyyə Ərəbistanı, Anqola, Braziliya, İraq, Küveyt və Omandır”.

Ekspert bildirir ki, yaxın perspektivdə bazarların yenidən bölüşdürülməsi, neft embarqosu olacağı tədqirdə daha ucuz qiymətlərlə yeni bazarlara çıxmaq cəhdləri, qlobal iqtisadiyyatda iqtisadi artım tempinin azalması, Venesula və ya İrandan hər hansı birinin bazara daxil olması ilə bağlı real imkanların yaranması nəinki kəskin qiymət artımlarının qarşısını ala, hətta iqtisadi böhranın dərinləşməsi riski 80-ci illərdə oldduğu kimi enerji bazarında qiymətlərin enişini şərtləndirə bilər.

Dünya Sakit,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR