İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyinin bitməyən təxribatları - Yenə “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert”, “Martuni”...

2472 14.01.2023 13:03 Siyasət A A

2025-ə qədər səbir edək, yoxsa...; cavabımız necə olmalıdır?

“Rusiya sülhməramlılarının komandanlığı STEPANAKERT-GORUS yolu (Laçın dəhlizi) ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında son məlumat bülletenində deyilir.

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiya MN-in yaşayış məntəqələrimizin adlarını ermənicə göstərməsinə dəfələrlə sərt reaksiya bildirib. Hətta müvəqqəti sülhməramlı kontingentin komandanı Andrey Volkov buna cavab olaraq günahı Rusiya MN-in üstünə atmışdı. Göründüyü kimi, heç bir nəticə yoxdur. Diqqət edin, məlumatda üstəlik, “STEPANAKERT” sözü sanki Bakının acığına iri şriftlərlə verilib! O zaman növbəti addımımız nə olacaq? Ruslara düz yazmağı necə başa salmalı? Yoxsa 2025-in 10 noyabrınadək səbir eləməliyik?

Yada salaq ki, Azərbaycan Prezidenti yanvarın 10-da verdiyi müsahibədə Rusiya “sülhməramlı”larının mandatının 2025-ci ildən sonra uzadılmayacağına bir daha açıq işarə vurub. Sitat: “Bu il, məncə, (Ermənistan üçün - red.) son şans olacaq. Çünki ondan sonra 2024-cü ildir, 2025-ci ildə isə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar heç olmasa, burnundan bir az da uzağı görməlidirlər”.

Sərhəd komissiyasının gözlənilən Moskva toplantısı - Brüssel kənarda qalır

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin bülletenlərində yenə də Azərbaycanın yer adlarını təhrif etməsi Azərbaycan tərəfinin ünvanladığı etiraz bəyanatlarının, müraciətlərin onlara təsir etmədiyini nümayiş etdirmək üçündür: “Rusiya Müdafiə Nazirliyinin siyasətinin mahiyyəti budur. İstər toponimlər, istərsə də başqa məsələlərdə bu qurumun mövqeyi çox vaxt Rusiyanın dövlət siyasətindən fərqli olur, Rusiya Prezidentinin imzaladığı sənədlərdən kənara çıxır. Məsələn, 2022-ci ilin 22 fevralında Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən tərəflər daxillərindəki separatizmə qarşı birlikdə mübarizə aparmalıdırlar. Amma bu gün biz bunun əksini görürük, Rusiya Müdafiə Nazirliyi və onun sülhməramlı qüvvələri Azərbaycan ərazisindəki separatçılara dəstək verir, onların fəaliyyəti üçün bütün imkanları formalaşdırmağa çalışırlar, separatçılara sülhməramlılar yük daşıyır.

Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı mövqeyi daha aqressivdir, nəinki Rusiyanın başqa dövlət qurumlarının mövqeyi. Uzun illər ərzində bu nazirlik, onun generalları ilə Qarabağdakı separatçı ermənilər arasında dərin bağlar, qanunsuz əməkdaşlıq münasibətləri formalaşmışdı. 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan erməni silahlılarını darmadağın etdikdən sonra yeni reallıq yaranıb. Rusiya Müdafiə Nazirliyi isə bu reallığı qəbul edə bilmir. Bir sıra rus generallar dəstək verdikləri “ordu”nun diz çökdürülməsi ilə barışa bilmirlər. Azərbaycan toponimlərinin təhrif edilməsində bu amil də rol oynayır. Belə görünür ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycandan edilən rəsmi etirazları nəzərə almaq niyyətində deyil. Ona görə də Azərbaycan bundan sonra etirazlarını, tələblərini artıq Rusiya Müdafiə Nazirliyinə deyil, Rusiya Xarici İşlər Nazirliyinə, Rusiya hökumətinə, Kremlə ünvanlamalı və Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı qanunsuz hərəkətlərinə son qoyulması məsələsi qaldırılmalıdır. Azərbaycan bəyan etməlidir ki, bu qanunsuzluğa son qoyulmasa Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi qaldırıla bilər".

Məhəmməd Əsədullazadə: “Azərbaycan Vaşinqtonla diplomatik təması...”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda əraziləri erməni adları kimi təhrif etməsi Azərbaycanin suverenliyinə hörmətsizlik və separatizmə açıq dəstəkdir: “Azərbaycan Müdafiə Nazirliyinin ard-arda etirazlarına baxmayaraq Rusiya Müdafiə Nazirliyi Azərbaycan qanunlarını pozmaqda davam edir. Bu, bir daha onu göstərir ki, Qarabağda erməni separatizminə dəstək verən və himayə edən, prosesləri gərginləşdirən Moskvadır. Moskvanın marağı burada daim qalmaq və Azərbaycana təzyiq etməkdir. Artıq Rusiya sülhməramlı qüvvələrinin 3 ildən az vaxtı var. Onlar öz mövqelərindən geri çəkilməyəcəklər. Hazırda ermənilərin reinteqrasiyasına da Rusiya mane olur. Azərbaycan onların vaxtının uzadılması müqaviləsinə imza atmamalı və çıxarılmasını tələb etməlidir. Məhz Azərbaycanın istəyi ilə onlar ordadır və Azərbaycan istəməyəcəksə çıxıb getməlidirlər. Onları ərazimizdən çıxaracağıq.

Azərbaycan Müdafiə Nazirliyi yəqin ki, məsələ ilə bağlı yeni bir etiraz bəyanatı verəcək. Hesab edirəm ki, budəfəki bəyanatda Rusiya tərəfinə xəbərdarlıq edilməlidir ki, bizim səbrimiz 2025-ci ildən əvvəl də tükənə bilər və Azərbaycan Rusiya sülhməramlılarının çıxarılması məsələsini qoya bilər. Açıq şəkildə xəbərdarlıq edilməlidir ki, Rusiya Müdafiə nazirliyi bülletenlərində Azərbaycanın yer adlarını təhrif etməyə son qoymasa Azərbaycan sülhməramlıların ərazimizdə çıxarılması məsələsini qaldıracaq. Yəni biz oturub 2025-ci ilə qədər rusların bizə qarşı istədiyi qanunsuzluğu etmələrini seyr eləməli deyilik. Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyıb və Azərbaycanın ərazisində, rəsmi siyasi coğrafi xəritəsində Dağlıq Qarabağ, Stepanakert, Martuni, Mardakert adlı yerlər yoxdur. Rəsmi sənədlərdə yer adları necədirsə, Rusiya tərəfi həmin adları yazmağa borcludur". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR