İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Moldovanı qarışdıra bilərmi - prezident Sandudan növbəti SOS!

967 21.12.2023 08:40 Siyasət A A

Politoloq: “Qərb Moldovada ikinci Ukraynanın yaranmasını istəmir”

Bir neçə ildir ki, Moldovanın başı üzərində qara buludlar dolaşır. Daha dəqiq desək, Rusiyanın bu ölkəni qarışdırmaq, onunla müharibəyə başlamaq istəməsi haqda məlumatlar dolaşır. Hətta ötən il belə informasiyalar da var idi ki, Rusiya Ukrayna ilə paralel Moldova ərazilərinə də hücum edə bilər. 

Fakt bundan ibarətdir ki, Moldova sürətlə Rusiyadan uzaqlaşır, Avropaya üz tutur və bu da Moskvanı qıcıqlandırır. Qərbyönlü Maya Sandu prezident olduqdan sonra isə Kişinyov Rusiya ilə bir sıra platformalarda yollarını ayırıb. Artıq MDB-dən çıxmaq məsələsi də gündəmə gəlir. Bunun paralelində isə Moldova rəhbərinin həyəcanlı açıqlamaları da var. Moldova prezidenti Maya Sandu Rusiyanı 2024-cü ilin noyabrında gözlənilən prezident seçkisi öncəsi respublikada sabitliyi pozmaq planları düzənləməkdə ittiham edib. 

“Biz düşünürük ki, Rusiya Federasiyası burada sabitliyi pozmağa çalışmağa davam edəcək. Çox güman ki, bahara yaxın başlayacaqlar. Burada olan insanlar istifadə olunacaq. Taktika dəyişə bilər. Biz yerli seçkilərin dərslərini öyrənməli, onları təhlil etməli və vətəndaşların səslərini və demokratik seçkiləri qorumaq üçün tədbirlər görməliyik”, - Sandu bildirib. 

Bu gedişat nə vəd edir? Rusiya Moldovadakı separatçı rejimi hərəkətləndirmək, yaxud Qaqauziyadakı təsirlərini işə salaraq Moldovanı qarışdırmaq istəyir, yoxsa Ukrayna kimi ona da hücum planı düşünür?

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Maya Sandunun qərbyönümlü siyasəti Rusiyanı qıcıqlandırır: “Rusiya çalışır ki, hər vasitə ilə MDB-ni qoruyub saxlasın və qopmalar davam etməsin. Rusiya Moldovada separatizmi dəstəkləyir və hər vasitə ilə ölkənin daxili siyasətində dəyişiklik etməyə çalışır. Hətta qarşıdan gələn prezident seçkisində Rusiya Moldovada öz namizədinin yenidən hakimiyyətə gəlməsinə çalışacaq. Maya Sandu Moldovada dövlət dilini rumin dili kimi təsdiq etməsi daxili ictimaiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Sandu çalışır ki, Moldova Ruminiyaya birləşməklə Qərbə inteqrasiya olunsun. Bununla yanaşı, bir neçə gün əvvəl Avropa İttifaqının Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarına gəlməsi moldovalılarda yeni ümidlər yaradıb.  Bu məsələ Moldovanı sevindirir və qarşıdan gələn seçkilərdə mövcud iqtidara üstünlük qazandırır. Amma bununla yanaşı, mövcud hakimiyyətə Rusiyanın təsir imkanları da hələ ki qalmaqdadır. Rusiyanın Moldovaya hücum edəcəyi ilə bağlı fikirləri o qədər də reallığa uyğun hesab etmirəm. Çünki bu gün Rusiya yeni bir cəbhə açmaqda heç də maraqlı deyil. Amma bununla yanaşı, öz planlarından əl çəkmək niyyətində də deyil. Ona görə də ilk növbədə, siyasi və iqtisadi alətlərdən istifadə etməklə Moldovada daxili sabitliyi gərginləşdirmək istiqamətində atdığı addımları davam etdirəcək”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlib - Şərh

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, strateji anlamda Rusiya üçün Ukrayna nə qədər vacibdirsə, Moldova da bir o qədər vacibdir: “Burada fərq ondan ibarətdir ki, Ukrayna təxminən 603 min kvadrat kilometrlə 43 milyon əhaliyə malikdir, Moldovada isə 33 min kvadrat kilometrdə təxminən 2.5 milyon insan yaşayır. Bu səbəbdən Moldova indiyədək Rusiya ilə aqressiv, təhrikedici dildə danışmayıb. Yəni Rusiya ilə qarşıdurmaya hələ ki ciddi əsas verməyib. Buna baxmayaraq, rəsmi Moskva bütün imkanlarından istifadə etməklə Moldovada öz siyasətinə cavab verən hakimiyyətin formalaşdırılmasına həmişə cəhdlər edib. Bundan öncə prezident olmuş İqor Dodonla kifayət qədər isti münasibətdə olan rəsmi Moskva son prezident seçkilərində bu üstünlüyünü də itirib. O səbəbdən qarşıdan gələcək seçkilərdə qərbmeyilli və Rusiyadan birdəfəlik aralanmaq siyasəti aparan Maya Sandunun prezident seçilməməsi üçün var gücü ilə çalışacaq. Dediyim kimi, Moldova kiçik dövlət olduğundan problem yaranacağı halda hərbi cəhətdən Rusiyaya qarşı hər hansı müqavimət göstərmək imkanları yoxdur. Həmçinin əhali arasında rusların sayı təxminən 6% olsa da, rusdilli moldovanların sayı bu faizdən daha çoxdur. Hələ də ölkədə rus dilindən qeyri-rəsmi olaraq əsas dillərdən biri kimi istifadə olunur. Eyni zamanda xalq olaraq moldovanlar çox sakit və sülhə meyilli insanlardır. Bütün bunlar açıq-aydın ortada olduğundan Maya Sandu hakimiyyətə gələn kimi gələcəkdə bunun təhlükəyə çevrilməməsi üçün maksimum dərəcədə önləm almağa başlayıb. Biz görürük ki, Sandu hakimiyyəti Qərb və Avropa İttifaqının himayəsi altında olsa da, qonşusu Ukraynadan fərqli olaraq Rusiyanı açıq şəkildə qıcıqlandırmamağa çalışır. Ukrayna, Gürcüstan, Azərbaycan kimi Moldovanın da Rusiya tərəfindən süni yaradılmış Dnestryanı ərazi problemi mövcuddur. Bu günə kimi Moldova həmin problemi güc variantında həll etməyə cəsarət etməyib. Hesab edirəm ki, bu cür siyasətin konturları Qərbdə cızılıb və Qərb Moldovada ikinci Ukraynanın yaranmasını istəmir. Eyni zamanda qərbyönümlü hakimiyyətin davam etməsini istəyir. Moldova xeyli müddətdir ki, Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb, vizasız gediş gəliş tətbiq olunub, çox güman ki, seçkilərə qədər Aİ-yə üzvlüklə bağlı ciddi irəliləyişlər də olacaq. Bu addımların özü indiyədək bir çox rusiyameyilli insanların fikirlərini artıq dəyişib. Ona görə düşünürəm ki, Qərb qarşıdan gələcək seçkilər üçün bütün önləmləri alacaq və bu hazırlıqlar illərdir gedir. Əsas məsələ Moldovada Rusiyaya yaxınlığı ilə seçilən namizədlərin ortaya çıxmamasıdır ki, hələlik elə bir nüfuzlu namizəd ortada yoxdur. Çünki indiyədək Moldovada rusiyameyilli hakimiyyətlər seçki yolu ilə formalaşırdı. Güman edirəm ki, məsələnin ciddiliyi Moskvanı narahat edib və seçki yolu ilə tərəfdarlarının revanş imkanlarını zəif bilir və digər yollarla istəyinə çatmaq istəyir. Görünür, Moldova prezidentini narahat edən əsas amillərdən biri də budur. Amma hesab edirəm ki, Moldova hakimiyyəti Qərbin köməyi və Rumıniyanın birbaşa açıq araçılığı ilə kifayət qədər hazırlıqlarını görməyə çoxdan başlayıb və təxribatların, kənar müdaxilələrin qarşısını öncədən almağa çalışacaq. ABŞ rəsmiləri də bu istiqamətdə işlərini görürlər”.

Qərb Putinə qarşı sui-qəsdə hazırlaşır?- AÇIQLAMA - Editor.az

Kamran Məmmədli

AĞ Partiya başqanının müavini Kamran Məmmədli isə qeyd etdi ki, gələn il Moldovada keçiriləcək prezident seçkiləri Rusiyanın ciddi maraq dairəsindədir: “Moldovanın son zamanlar tam olaraq Qərbə yönəlməsi Rusiyanın bölgədəki nüfuzuna və strateji maraqlarına ziddir. Bu baxımdan seçkilərə müdaxilə və yaxud separatçıları dəstəkləyərək inqilab etmək cəhdini mümkün hesab edirəm. Ancaq Sandu yenidən prezident seçilərsə, Moldovaya Ukraynaya olduğu kimi hücum edilməsini real saymıram. Çünki ilk növbədə, bu, coğrafi baxımdan çox çətindir. Rusiya Moldova ərazisindən kənardadır və iki dövlət arasında Ukrayna yer alır. Ukraynada müharibə getdiyi ərəfələrdə müharibə zonasından birbaşa başqa bir dövlətə hücum etmək real deyil. Həmçinin siyasi baxımdan bu, yanlış addım olardı. ABŞ-ın bütün Avropanı Rusiya ilə qorxutduğu ərəfələrdə Moldovaya hücum ABŞ-ın təbliğatını daha da gücləndirmiş olacaq ki, bu da öz növbəsində bütün Avropanın Rusiyaya qarşı daha kəskin addımlar atması ilə nəticələnəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR