İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məşhur azərbaycanlı “znatok”u axtarışa verdi - Nonsens, yoxsa...

1367 14.05.2022 09:20 Gündəm A A

Hüquqşünasdan sərt reaksiya: “Azərbaycan bir sürü erməni canini tam qanuni əsaslarla axtardığı halda...”

Azərbaycanlı jurnalist, “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyununun iştirakçısı, tanınmış “znatok” Rövşən Əsgərov Rusiyada axtarışa verilib. Bu haqda məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb. “Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - deyə məlumatda qeyd olunub.

Bununla belə, söhbətin hansı maddədən getdiyi açıqlanmayıb. Amma belə bilinir ki, o, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin dördüncü hissəsi ilə ittiham olunur. Bu ittihama əsasən, onu 5 ilədək həbs cəzası gözləyir. İttihama səbəb znatokun facebookda Georgi Jukovu öz şəxsi istifadəsi üçün Almaniyadan qənimət kimi əmlak çıxarıb aparan “stajlı qarətçi” adlandırması olub. Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi bu ilin aprelində başlanıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur. Belə ki, Rusiya İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda guya rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

Rövşən Əsgərov isə barəsində başlanan cinayət işi ilə bağlı açıqlamasında nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”.

Qeyd edək ki, Rövşən Əsgərov həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Hazırda da Azərbaycanda olduğu və Rusiyaya qayıtmayacağı deyilir. Onun Rusiyaya təhvil verilməsi mümkünmü? Qanunlarımız nə deyir?

Yada salaq ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi bir sıra erməni caniləri - Araik Arutunyan, David Babayan və s. vaxtaşırı Rusiyaya sərbəst səfərlər edir, hətta orada Kremlə yaxın şəxslərlə görüşürlər. Amma Rusiya hüquq-mühafizə orqanları onları Bakıya təhvil verməyi ağılının ucundan belə keçirmir.

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rusiya İstintaq Komitəsi erməni caniləri buraxıb dünyada tanınan bir azərbaycanlının barəsində belə qondarma cinayət işi başlaması təəssüf doğurur: “Azərbaycan bir sürü erməni canini tam qanuni əsaslarla axtarır. Rusiya bu axtarış işinə nəinki dəstək vermir, üstəlik imkan düşdükcə, hərbi canilərin həbsini, qanuni cəzaya çatdırılmalarını əngəlləyir. Rövşən Əsgərovla bağlı nə qədər istəyirlər araşdırma apara bilərlər. Amma bu araşdırmanın nəticəsi olaraq ortaya qoyulan cinayət işinin dəlilləri də əsaslı olmalıdır”.

 

Hüquqşünas hesab edir ki, Rusiya İstintaq Komitəsinin başladığı cinayət işinin heç bir perspektivi yoxdur: “Cinayət işi başlanılsa da, ağlı başında olan hər kəs bilir ki, belə səfeh işlərlə uzağı özünü gülünc vəziyyətə qoya bilərsən. İnsanları zorla keçmişə sitayiş etdirmək olmaz. Azərbaycan vətəndaşı olan Rövşən Əsgərovun Rusiya İstintaq Komitəsinin başladığı cinayət işinə əsasən qarşı tərəfə verilməsi istisnadır. Əgər Rusiya hesab edir ki, Rövşən Əsgərov cinayət törədib, bunu sübut edən dəlil və faktlara əsaslanan cinayət işini yekunlaşdırıb Azərbaycan tərəfinə təqdim etməlidir. Bundan sonra Azərbaycanda həmin cinayət işi üzrə müvafiq araşdırma aparılmalı, suallar yaranarsa, Rusiya tərəfi həmin sualları cavablandırmalı, əlavə sübutlar tələb olunarsa, təqdim etməlidir. Bundan sonra işə Azərbaycan məhkəməsində baxılmalı və uyğun hökm çıxarılmalıdır. Prosesdə Rusiya tərəfinin nümayəndəsi iştirak edə bilər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR