İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kəşfiyyatının iddiası: “Ukraynada prezident dəyişir”

1121 16.07.2024 08:25 Siyasət A A

Ekspert: “Qərb Zelenskinin dikbaşlığından yorulub və daha loyal, Rusiya ilə danışıqlar masasına otura biləcək siyasətçinin hakimiyyətə gəlməsinin tərəfdarıdır”

Ukraynada şiddətli döyüşlərin davam etdiyi bir vaxtda Rusiyanın Xarici Kəşfiyyat Xidməti (RXKX) ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə alternativ tapmaq üçün səylərini artırdığı haqda məlumat yayıb. RXKX-nin məlumatına görə, ukraynalılar davam edən hərbi əməliyyatlardan narazıdırlar. Mümkün varislər siyahısına keçmiş dövlət başçısı Pyotr Poroşenko, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı, Kiyev meri Vitali Kliçko və başqaları daxildir.

Bildirilir ki, Ukrayna əhalisi davam edən hərbi əməliyyatlara görə getdikcə daha çox narazılıq ifadə edir. Vətəndaşların dövlət qurumlarına inamsızlığı, xüsusən də may ayında Zelenskinin prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra artıb. Bununla bağlı ABŞ Ukrayna liderinə alternativ tapmaq səylərini gücləndirib.  

Bildirilir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ali Radanın keçmiş spikeri Dmitri Razumkovla bu istiqamətdə danışıqlar aparılır. ABŞ-ın Ukraynanın keçmiş rəhbəri Pyotr Poroşenko və Kiyevin meri Vitali Kliçko ilə də əlaqə saxladığı iddia olunur. Döyüş zonasında vəziyyət kəskin pisləşərsə, onlar Zelenskini əvəz edə bilərlər. Rusiya kəşfiyyatına inansaq, ABŞ dövlət katibi Blinken Kiyevə son səfəri zamanı təkcə Zelenski ilə deyil, həm də Razumkovla, eləcə də müxalifət nümayəndələri ilə görüşüb. 

Bildirilir ki, Zelenskinin mümkün varisi kimi Zalujnı ilə də əlaqə saxlanılır. Amma Ukraynada hakimiyyətin necə formatlaşdırılacağı hələlik məlum deyil. Bu, Zelenskinin ABŞ-ın Kiyevdə hakimiyyəti dəyişmək cəhdlərinə necə reaksiya verməsindən asılıdır. Bəs bu barədə yerli ekspertlər nə düşünür?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bu iddialara inanmır: “Ukrayna ilə bağlı ABŞ-ın xüsusi planının birinci mərhələsi artıq başa çatır. Ukrayna iki il beş aya yaxın vaxt ərzində cəlb edildiyi müharibəni uduzmaqdadır. ABŞ-ın bu müharibədə Ukraynanın Rusiyaya qalib gəlməsi kimi bir istəyi yoxdur.  Amerikanın bu müharibədə başlıca hədəfi müharibə vasitəsilə hər iki tərəfi sona qədər zəiflədib əldən salmaq və sonda hər iki tərəfi özündən tam asılı bir duruma gətirməkdir. Müharibənin davam etdiyi 2 il 5 aya qədər vaxt ərzində Birləşmiş Ştatlar demək olar ki, öz məqsədlərinə doğru uğurla irəliləyir. Rusiya rəsmlərinin ABŞ-ın Ukraynada hakimiyyət başına yeni şəxsləri gətirmək cəhdləri barədə səsləndirdikləri fikirlər isə sadəcə olaraq, iki ölkə arasında gedən informasiya müharibəsinin bir parçası ola bilər.  Zelenskinin Ukraynada hakimiyyətin başında olması ABŞ-a çox sərf edir. Çünki adam ölkəsini ABŞ-dan tam asılı bir vəziyyətə salmaq siyasətini uğurla davam etdirir. Bu gün Birləşmiş Ştatlar əlini Ukraynanın üzərindən bir neçə günlük çəkərsə, o regionda Ukrayna adlı bir dövlətin qalmayacağı şübhəsizdir. Ukrayna hakimiyyətinin başında yardımla müharibə aparmaq qədər bir avantüraya gedən birinin olması ABŞ-a onun Rusiya-Ukrayna  müharibəsində qoyduğu hədəfləri reallaşdırmaq üçün çox lazımdı. Bu səbəbdən ABŞ Ukraynanın gələcək taleyi ilə bağlı Zelenskidən daha praqmatik düşünən bir rəhbərin Ukraynada hakimiyyət başına gəlməsini heç vaxt istəməz”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Qərb üçün Ukraynada peşəkar boksçunu daha məqbul sayır: “Əvvəlcə onu qeyd edək ki, hazırda Ukraynada prezidentin dəyişdirilməsi hakimiyyət çevrələrində müzakirə edilən əsas məsələ deyil. Amma elita arasında vaxtaşırı müzakirəyə çıxarılan nüanslardandır. İkincisi, Rusiya xarici kəşfiyyat xidməti qəsdən, bilərəkdən bu məsələni gündəmə gətirə bilər. Söhbət ukraynalılar arasında nəbz yoxlanışından gedir. Ruslar bununla məsələyə Ukrayna xalqının aydın mövqeyini öyrənmək istəyə bilərlər. Amma Volodimir Zelenskinin özünün də gərgin durumdan yorulduğu, psixoloji travmalarla ölkəni idarə etmək istəməməsi göstərilir. Hətta Ukrayna prezidentinin ailəsi də onun bundan sonrakı müddətdə prezident olmasına qarşıdır. Qərb mətbuatında yazılan xəbərlərdə belə deyilir. Hətta bu ilin payızına qədər Zelenskinin hakimiyyətdən gedəcəyi və Avropaya sığınacağı vurğulanır. Peşəkar siyasətçi üçün bu, siyasi arxivə yuvarlanmaq və birdəfəlik tarixə qovuşmaq deməkdir. Amma Zelenski peşəkar siyasi fiqur deyil, hakimiyyətə teatr salonundan gəlib. Qərb də Zelenskinin dikbaşlığından yorulub və daha loyal, Rusiya ilə danışıqlar masasına otura biləcək siyasətçinin Ukraynada hakimiyyətə gəlməsinin tərəfdarıdır. Bu baxımdan, Qərbin ən ağlabatan namizədi keçmiş peşəkar boksçu Vitali Kliçkodur. Çünki o da sələfi kimi peşəkar siyasətçi deyil və oyun qurmaq imkanlarından, manevr etmək istedadından çox uzaqdır. Bir sözlə, Ukrayna cəbhəsində qara fiqurlarla oynayan Rusiya bütün istiqamətlərdə üstünlüyü öz xeyrinə dəyişməyi bacarıb”.

niyameddin.jpeg (88 KB)

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Ukraynada Zelenskinin növbəti dəfə prezident seçilməməsi gözləniləndir: “ABŞ çox yaxşı bilir ki, xalq Zelenskiyə səs verməyəcək. Niyə də verməlidir ki? Zelenskinin siyasi təcrübəsizliyi və dövlət idarəçiliyini bilməməsi Ukraynanı zəlil gününə qoydu. 2 ildən artıq müddətə Ukraynaya böyük faciələr gətirdi. Əlbəttə, biz bilirik ki, müharibəni başladan Rusiyadır. Ancaq Zelenski ABŞ-ın diqtəsi ilə Rusiya ilə qarşı-qarşıya gəlməməliydi. Ukraynanı müharibədən yayındırmalıydı. Qarşı tərəfin gücünü və potensialını düzgün qiymətləndirməliydi. Bugünkü nəticə odur ki, dünyada Ukrayna ən çox qaçqını olan bir ölkəyə çevrilib. 19 milyon əhali qaçqın düşüb. 300 mindən artıq insan həyatını itirib və ya əlil olub. On minlərlə ev dağıdılıb. Şəhərlər məhv olub. Ukrayna ərazisinin 200 min kv.km-i minalanıb. Bütün bunların bərpası üçün Ukraynaya milyard dollarla vəsait lazım olacaq. Kim verəcək bu vəsaiti? Xalq zəlil gününə qoyulub. Təbii ki, burada əsas rolu Qərb oynayıb, Rusiyanı zəiflətmək üçün, iqtisadi sanksiyalara məruz qoymaq üçün. Bir daha bildirmək istəyirəm, Rusiya bütün beynəlxalq hüquq normaları pozub, Ukrayna ərazisini işğal edib. Heç kim Rusiyaya haqq qazandırmır. Ortada olan odur ki, Amerika öz arzusuna çatıb. Eyni kökənli xalqları bir-birinə düşmən edib. Bir məqamı da qeyd edim. Bu il Amerikada prezident seçkisidir. Respublikaçı Tramp prezident seçilsə, böyük ehtimalla Ukrayna məsələsinə yenidən baxacaq. Çünki heç kimə sirr deyil ki, Trampın Rusiya prezidenti Vladimir Putinlə çox yaxın münasibətləri mövcuddur. Bundan sonra Zelenskinin aqibəti necə olacaq?”

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR