İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iqtisadiyyatı dünyada 4-cü olacaq? - Putinin hədəfi realdırmı

630 05.03.2024 10:31 İqtisadiyyat A A

İqtisadçı: “RF resurslarını daha çox şərq istiqamətinə yönləndirərək, iqtisadi artımı təmin etmək niyyətindədir, lakin...”

Yaxın gələcəkdə Rusiya dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevriləcək. Bunu Rusiya lideri Vladimir Putin Federal Məclisə son müraciətində bildirib. Onun sözlərinə görə, 2023-cü ildə Rusiya iqtisadiyyatı artım göstəricisi üzrə bütün G7 ölkələrini geridə qoyaraq dünya iqtisadiyyatının orta artım tempindən də yüksək sürətlə böyüyüb: “Bu gün Rusiya alıcılıq qabiliyyəti paritetinə görə, ümumi daxili məhsula görə Avropanın ən böyük iqtisadiyyatıdır və dünyada beşinci ən böyük iqtisadiyyatdır. Artımın tempi və keyfiyyəti ümid etməyə və hətta iddia etməyə imkan verir ki, biz yaxın gələcəkdə daha bir addım ata biləcəyik - biz dünyanın dörd ən böyük iqtisadi gücündən birinə çevriləcəyik”.

Qeyd edək ki, 2023-cü ildə Rusiyanın nominal ÜDM-də 3,6 faizlik artım qeydə alınıb. Ölkənin nominal ÜDM-nin həcmi 171 trilyon 41 milyard rubla, Rusiya Mərkəzi Bankının indiki məzənnəsi ilə 1 trilyon 872 milyard dollara bərabər olub. Artım faizi göstəricisinə görə Rusiya həqiqətən inkişaf etmiş ölkələrin bir çoxunu qabaqlayıb. Lakin ÜDM-in həcminə görə Rusiyanın dünya dördüncüsü olması mövcud şərtlər daxilində utopiyaya bənzəyir. Ən azı ona görə ki, 2023-cü ildə  iqtisadiyyatının böyüklüyünə görə Yaponiyanı qabaqlayaraq dünyada 4-cü yerə yüksələn Almaniya ÜDM-nin həcmi 4,5 trilyon dollara yaxın olub. Ondan sonra gələn Yaponiyada ÜDM 4,2 trilyon dollara bərabərdir. Bu isə o deməkdir ki, yaxın illərdə dünya dördüncüsü olmaq üçün Rusiya iqtisadiyyatı 2,5 dəfəyə qədər böyüməlidir. 

Nəzərə almaq lazımdır ki, Almaniya ÜDM-i 2023-cü ildə 4,5 trilyon dollara 0,3 faiz azalaraq düşüb. Bu azalmanı şərtləndirən əsas amillər sırasında Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə üzündən enerjidaşıyıcılarının qiymətindəki bahalaşma, sənaye sektorunda enerjiya qənaət rejiminin istehsalı azaltması, qlobal səviyyədə Almaniyanın istehsal etdiyi məhsullara tələbin azalması və sair göstərilir. 

Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun ekspertlərinin yanvarın sonunda təqdim etdiyi proqnoza əsasən, cari ilin sonunda Almaniyanın ÜDM-i 0,7 faiz artacaq. 

Ümumiyyətlə, son 15 ildə Almaniya iqtisadiyyatının orta illik artım tempi 1 faiz civarında olub. Ərazi və əhalicə Almaniyadan dəfələrlə böyük olan Rusiyanın orta artım tempi bundan iki dəfə yüksək olsa da, bu proses keyfiyyət baxımından dəfələrlə geri qalır. 

İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2024-cü ildə Rusiya iqtisadiyyatının artımı baza şəraitində 2,3 faiz, mühafizəkar halda isə 1,4 faiz təşkil edəcək.

Rusiyada iqtisadi artımın əsas drayverləri təbii sərvətlərin hasilatına bağlı sahələrdir. Neft-qaz, kömür, mis, qızıl, alüminium və sair istehsalı sahələri birlikdə Rusiyada ÜDM artımının 40 faizdən yuxarısını təmin edir. 

2023-cü ildə gözləntilərə əsasən sənaye istehsalının təbii sərvətlərdən kənar sahələrində artım xeyli sürətlənib. Lakin bu, hərbi sənayenin sifarişləri ilə bağlı olub, dayanıqlı xarakter daşımır və Ukraynada müharibə başa çatdıqdan sonra rolu sıfıra enəcək. 2023-cü ildə Rusiyanın istehsal sənayesində ən yüksək artım templəri maşınqayırma kompleksi - (23,3 faiz artım), kimya sənayesi kompleksi (6,2 faiz artım) və metallurgiya kompleksinə (9,5 faiz artım) məxsus olub. Onlar birlikdə istehsal məhsulunun ümumi artımının təxminən 89%-ni təşkil edir.  Hər üç sahə bilavasitə müharibəyə xidmət göstərir və dövlətin hərbi sifarişləri səbəbindən kəskin artım var. 2023-cü ildə emal sənayesində artımın hərəkətverici amilləri aktiv idxal əvəzetməsi və dövlət müdafiə sifarişlərinin artması olub. Öz növbəsində idxalın əvəzlənməsinin həyata keçirilməsi, dövlət müdafiə sifarişinin artırılması, silahlı qüvvələrin sayının artması və əhalinin qocalması baxımından demoqrafik meyllər işçi qüvvəsi çatışmazlığına səbəb olub.

Rəsmi statistikaya əsasən, 2023-cü ildə Rusiyada işsizlik səviyyəsi 3,2 faiz təşkil edib. Bu aşağı göstərici bilavasitə işçi çatışmazlığı ilə bağlıdır. Belə ki, Rusiya əhalinin yaşlanması, təbii azalması dövrünü yaşayır. Ölkə əhalisinin illik cüzi artımı bilavasitə miqrasiya prosesi ilə bağlıdır. Hər il milyonlarla xarici ölkə vətəndaşı Rusiyaya gəlir. Lakin Ukraynadakı qanlı müharibə hər gün minlərlə şəxsin məhvinə səbəb olur. Rusiyanın orduya cəlb edərək Ukraynaya göndəriləsi insan ehtiyatları sürətlə azalır. Yerli əhalini müharibəyə cəlb etməmək üçün hakimiyyət xaricdən əmək miqrantı kimi gələnlər üçün şərtləri ağırlaşdırır ki, onlar vətəndaşlıq almaq məcburiyyətində qalsınlar. Bu, artıq xeyli ölkədən Rusiyaya gələn əmək miqrantlarının sayının azalmasına səbəb olub. Bir tərəfdən orduya cəlb olunma, digər tərəfdən isə miqrantlara qarşı qaydaların sərtləşdirilməsi ölkədə işçi çatışmazlığını sürətlə artırır. Rusiyalı ekspertlərin hesablamalarına görə, müharibə dayansa, yaxın illərdə ölkədə işçi çatışmazlığı 4,5 milyon nəfərə qədər artacaq. Lakin müharibənin indiki templərlə 2 və daha çox il davam etməsi işçi sayında azalmanı daha böyük rəqəmlərə çatdıra bilər. Bu, Rusiyada inkişafa və sənaye istehsalına mane olacaq ən böyük amillərdən biri kimi qiymətləndirilir. Kadr çatışmazlığı həmçinin əlavə inflyasiya riskləri daşıyır: müəssisələrin işçilər uğrunda mübarizəsi nəticəsində maaşlar əmək məhsuldarlığının artımını üstələyən sürətlə artır.

Rusiyada iqtisadi artıma daha bir təhdid qlobal enerji keçidi prosesinin sürətlənməsi, həmçinin Qərbin imtina etməsi nəticəsində əsas ixrac məhsulları olan neft və qazdan gəlirlərin kəskin azalması yarada bilər. Hazırda Rusiya öz əsas gəlir mənbəyi olan neftini etalon markalardan xeyli aşağı qiymətə sata bilir. Məsələn, bu ilin fevral ayında Primorsk limanında (FOB) Rusiyanın Urals markalı neftinin bir bareli Brent etalon markasından 17,68 dollar aşağı satılıb. Novorossiysk limanında bu neftin Brentlə müqayisədə endirimi 17,45 dollar olub. 

2025-ci ildən etibarən Rusiyanın Avropaya ildə 15 milyard kubmetrlik qaz satışı da mümkün olmayacaq  - Ukrayna öz ərazisindən tranziti tam dayandırır. Bu həcmlərin tezliklə digər bazarlara yönəldilməsi isə gözlənilən deyil.

Rusiya Bankının 2023-cü ildə hazırladığı “Trendlər nə deyir” adlı hesabatında ölkənin gələcək iqtisadi transformasiyanın konkret mərhələləri müəyyənləşdirilib. Orada qeyd edilir ki, logistika və istehsal zəncirlərinin pozulması nəticəsində idxal olunan avadanlıqlar köhnələcək və yararsız hala düşəcək, Rusiya yeni təchizatçılar axtarmalı olacaq. Bəzi zəncirləri dəyişdirilmiş formada bərpa etmək mümkün olacaq, bəziləri isə tamamilə məhv olacaq. Təchizat zəncirlərinin özləri əlavə bağlantılar əldə etdikləri üçün vasitəçi xidmətlərin böyüməsi, idxalın dəyərinin kəskin artması baş verəcək.

İdxalın əvəzlənməsi zərurəti ilə əlaqədar daxildə sənayenin inkişafına çalışılacaq. Lakin bu proses daha aşağı səviyyədə, daha az texnologiya və rəqəmsallaşma ilə həyata keçiriləcək.

Rusiya iqtisadiyyatına sanksiyaların mənfi təsirləri də artım prosesində nəzərə alınması mühüm amildir. Belə ki, Qərb Rusiyanın gəlir imkanlarını məhdudlaşdırmaq, onun inkişaf üçün zəruri texnologiyaları (bura Qərbin qadağan etdiyi, hərbi sənayedə istifadə oluna biləcək mallar da daxildir  -red.) əldə etməsinə  imkan verməmək üçün ikincili sanksiyaları getdikcə gücləndirir. Artıq bu ilin əvvəlindən bəri Rusiyanın 3 ən böyük ticarət tərəfdaşı ilə qarşılıqlı ticarətinin maliyyələşməsi mümkünsüz hala gəlib. Söhbət Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərindən gedir. ABŞ hökumətinin 2023-cü ilin dekabrında qəbul etdiyi qərardan sonra hər üç ölkənin bankları Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina ediblər. Artıq bu prosesin ilkin nəticələri üzə çıxır. Fevral ayında Türkiyədən Rusiyaya mal və məhsul ixracı illik ifadədə 33 faizdən çox azalıb. Rusiya mətbuatında eyni prosesin Çin  və BƏƏ ilə ticarətdə də müşahidə olunduğuna dair məlumatlar yayılmağa başlayıb. Bu, o deməkdir ki, Qərb Rusiyanın kənardan qabaqcıl texnologiyalar idxalının qarşısını maksimum səviyyədə almaqda qərarlıdır. Belə texnologiyalar olmadan iqtisadiyyatın yüksək və keyfiyyətli artımını təmin etmək isə mümkün deyil. Qabaqcıl texnologiyalar olmadığı bir şəraitdə Rusiya ən yaxşı halda İran və Şimali Koreya yolu ilə gedə bilər...

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiya iqtisadiyyatı təbii resurslara əsaslanır: “Rusiyanın əhalisi də hazırda dünyanın dördüncü iqtisadiyyatına sahib olan Almaniyanın əhalisindən 2 dəfə çoxdur. Putinin Rusiya iqtisadiyyatının dördüncü olması bəyanatı ondan xəbər verir ki, resurslarını daha çox şərq istiqamətinə yönləndirərək, iqtisadi artımı təmin etmək niyyətindədirlər. Lakin bu yolla dayanıqlı artımın təmin olunması mümkün deyil. Bu baxımdan,düşünmürəm ki, mövcud şərtlər daxilində Putinin qarşıya qoyduğu hədəflərə çatmaq mümkün olsun”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR