İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “hibrid savaşa” başladı: Kremli qıcıqlandıran MDB dövlətləri hədəfdədir

3780 07.07.2022 19:11 Analitika A A

Rusiyanın Ukrayna savaşında vəziyyəti ağırlaşdıqca Kremlin postsovet ölkələrinə qarşı başlatdığı “hibrid savaş” daha da intensivləşə bilər... Bu baxımdan, MDB məkanı üçün daha təhlükəli dövrün hələ irəlidə olduğu da qətiyyən istisna deyil...

Orta Asiya ətrafında yaranmış situasiya gərginləşməkdə davam edir. Belə görünür ki, Ukrayna savaşı üzərində mövcud olan beynəlxalq qarşıdurma tədricən bu regiona sıçramağa başlayıb. Və hazırda Orta Asiyanın beynəlxalq rəqabətdə əsas “düyün nöqtələri”ndən birinə çevrilməkdə olduğu müşahidə edilir.

Bəzi ehtimallara görə, Orta Asiyada gərginliyin artırılmasında hazırda ən çox Rusiya maraqlıdır. Kremldə bu regionu Rusiyanın təsir dairəsindən “sürüşüb”, çüxmaq üzrə olan bölgə hesab edirlər. Həm ABŞ və Qərbin, həm də Çinin bu bölgəyə son vaxtlar daha israrla can atması indi Rusiyanı ciddi şəkildə narahat etməyə başlayıb. Üstəlik, NATO-nun ikinci ən güclü dövləti olan Türkiyənin Orta Asiyada geniş təsir gücünün olması da Rusiyada qıcıqla qarşılanır.

27903_l1vqf6gj8r (1).jpg (58 KB)

Kremldə artıq anlayırlar ki, Türk dünyası çoğrafiyasında inteqrasiya prosesi, eləcə də, Qazaxıstan və Özbəkistan kimi region dövlətlərinin Qərblə daha sıx tərəfdaşlığa can atması Rusiyanın Orta Asiya ilə sərhədlərində NATO-nun yerləşməsinə yol aça bilər. Ona görə də, Rusiyanın bu regionda etnik zəmində toqquşmalar yaratmaqla, Orta Asiyanın beynəlxalq rəqiblərin nəzarətinə keçmə ehtimalını bloklamağa çalışdığı müşahidə olunur. Hər halda, bu regionda baş verən hadisələrdə və qarşıdurmalarda Rusiyanın iştirak etitimalını biruzə verən kifayət qədər məqamlar mövcuddur.

Maraqlıdır ki, hazırda əsasən Qazaxıstan və Özbəkistanın hədəfə alındığı da qətiyyən diqqətdən yayınmır. Özbəkistanda törədilmiş Qarakalpaqıstan böhranı ilə bağlı əsas diqqətlər məhz yenə də Rusiyaya qönəlmiş durumdadır. Rusiya telekanallarının Qarakalpakıstanda baş verən hadisələrdən sonra yerli əhalinin dəstək üçün prezident Vladimir Putinə müraciət etməsi barədə videosüjetlər hazırlaması şübhələri daha da artırıb. Çünki, bu metodlar məhz Kremlin istifadə etdiyi ənənəvi ssenarilərə tamamilə uyğundur.

Digər tərəfdən, Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Qarakalpaqıstanda baş verənlərin “xarici kəşfiyyat tərəfindən uzun illər ərzində hazırladığı plan” olduğunu vurğulaması da olduqca önəmli məqamdır. Düzdür, Özbəkistan prezidenti konkret hər hansı ölkənin adını çəkməsə də, o, əsas hədəfin məhz ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd məqsədi daşıdığını vurğulaması şimal dövlətinə üstüörtülü eyham sayıla bilər. Çünki, məhz Qazaxıstan hadisələrindən sonra Rusiya siyasi dairələri və Kremlin maraqlarının əsas ifadəçisi olan Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistana “dərs çıxartmağı” məsləhət görmüşdülər.

-yeni-e05474dc-f3c9-42b8-897f-f99b3c4a35df.jpg (111 KB)

Görünür, Özbəkistanın Qazaxıstan hadisələrindən çıxartdığı “dərs” Kremli o qədər də qane etməyib. Ona görə də, Rusiya özü “müəllimlik” finksiyasını öz üzərinə götürərək, rəsmi Daşkəndə “dərs vermək” niyyətində düşdü. Və rəsmi Daşkəndin aldığı “dərs”in Rusiyanı nə qədər qane etdiyi yəqin ki, yaxın gələcəkdə daha yaxşı anlaşılmağa başlayacaq.

Ancaq nə qədər qəribə də olsa, Rusiyanın MDB məkanında başlatdığı “dərslər” yalnız Özbəkistanla məhdudlaşmır. Belə ki, Belarusla birlikdə Rusiyanın ən yaxın iki müttəfiqindən biri olan Ermənistanda da Kremlin davranışlarından narahatlıq keçirənlərin sayı artmağa başlayıb. Bəzi erməni politoloqlar Kremlin Ermənistanı hədələməyə başladığını iddia edirlər. Onların fikrincə, rəsmi İrəvanın Ukrayna savaşına münasibətdə birmənalı şəkildə Rusiyanın yanında yer aldığnı bəyan etməkdən yayınmağa çalışması Rusiyanı qıcıqlandırır.       

Erməni analitik Qalust Qriqoryan hesab edir ki, Kreml Ermənistanı artıq hədələməyə başlayıb: “Kreml açıq şəkildə Ermənistana eyham vurur ki, İrəvanda “təsadüfən” nəsə partlaya bilər. Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Biz adıçəkilən təşkilatlarda baş verən hadisələrdən narahat olmaya bilmərik. Üstəlik, Aİİ və KTMT-nin iki ən böyük dövləti – Rusiya və Qazaxıstan arasında açıq, həm də çox sərt münaqişə var. Vəziyyət müharibə həddinə çatmasa da, gərginlik dərəcəsi çox yüksək səviyyədədir”.

1631520778_orta3.jpg (34 KB)

Göründüyü kimi, hətta erməni politoloqlar belə, Kremlin Orta Asiya dövlətləri ilə münasibətlərində ciddi problemlər olduğunu vurğulayırlar. Ermənilərin siyasi-ideoloji xətt üzrə Rusiyaya daha yaxın olduqlarını nəzərə aldıqda, bu, Rusiyanın Orta Asiya regionundakı davranışlarının açıq şəkildə nəzərə çarpdığını göstərir. Üstəlik, erməni analitik Q.Qriqoryan onu da qeyd edib ki, “Rusiyanın müttəfiqi olmaq, onun rəqibi olmaqdan daha təhlükəlidir”.

Belə anlaşılır ki, Kreml MDB məkanında “hibrid savaş” ssenarisini işə salıb. Rusiya postsovet ölkələrinin ən zəif nöqtələrini tam dəqiqliyi ilə bilir. Hələ sovet dönəmindən bu məkanda Kremlə bağlı kəşfiyyat qurumları tərəfindən çoxsaylı “partlamağa hazır bombalar” yerləşdirilib. Və indi Rusiyanın maraqları tələb etdiyindən həmin “bombalar”ın bəzilərini “partlatmağa” çalışırlar.

Ona görə də, ehtimal etmək olar ki, Rusiyanın Ukrayna savaşında vəziyyəti ağırlaşdıqca Kremlin MDB ölkələrinə qarşı başlatdığı “hibrid savaş” daha da intensivləşə bilər. Üstəlik, bu savaşın hədəfində Rusiyanı məmnun etməyən və ya öz davranışları ilə qıcıqlandıran istənilən postsovet ölkəsinin ola biləcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, MDB məkanı üçün daha təhlükəli dövrün hələ irəlidə olduğu da istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR