İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya erməniləri "savaşı seçməyə" məcbur buraxır: Ağ Ev Kremlin Paşinyanı devirmək planını anons etdi

649 07.06.2026 18:35 Analitika A A

Hazırda Ermənistanın qarşısında bir tərəfdə Rusiya ilə uzunmüddətli iqtisadi, hərbi və siyasi əlaqələr, digər tərəfdə isə ABŞ və Qərb ilə yaxınlaşma perspektivi dayanır... Yəni, növbəti parlament seçkilərindən sonrakı geopolitik seçim yalnız Ermənistanın deyil, Cənubi Qafqazın da təhlükəsizlik sisteminin transformasiyası baxımından, böyük önəm daşıya bilər...

Ermənistanda keçirilən növbəti parlament seçkilərinə paralel olaraq, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma kursu artıq Cənubi Qafqazda geopolitik savaşın əsas qarşıdurma probleminə çevrilib. Ona görə də, Kreml və rəsmi İrəvan arasında yaranan ziddiyyətlər daha kəskin xarakter daşıyır. Son proseslər onu göstərir ki, bu, artıq yalnız Ermənistanın Avropa Birliyi ilə münasibətlərinin genişlənməsi və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması məsələsi deyil. Yəni, Cənubi Qafqazda Rusiya və Qərb arasında amansız mübarizə indi daha ön plana keçməyə başlayıb.

Ona görə də, Rusiya siyasi dairələri orezident Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanı doğum günü münasibətilə təbrik etməsini Kremlin mövqeyinin yumşalmasının göstəricisi hesab etmirlər. Yəni, bu addım sadəcə, yalnız siyasi-diplomatik münasibətlər çərçivəsində izah olunur. Və Kremlin rəsmi İrəvanın xarici siyasət vektoruna yönəlik təməl narahatlıqlarını dəyişmir.

5b23120e40dd079962797c5174243cda.jpg (423 KB)

Məsələ ondadır ki, hazırda əsas mübahisə qaynağı Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcək statusu və rəsmi İrəvanın Avropa Birliyi ilə yaxınlaşma kursudur. Kreml birmənalı şəkildə hesab edirlər ki, Ermənistan Rusiyanın liderliyindəki iqtisadi-siyasi strukturlarda qalmalıdır. Və bu baxımdan, rəsmi İrəvan Qərb təhlükəsizlik və siyasi məkanına inteqrasiya kursunu davam etdirməməlidir.

Ona görə də, Rusiya rəsmi İrəvandan Ermənistanın Aİİ-də iştirakının gələcəyi ilə bağlı məsələnin ümumxalq referendumuna çıxarılmasını tələb edir. Kremlin mövqeyinə görə, belə strateji qərarlar yalnız hakimiyyət səviyyəsində deyil, həm də Ermənistan cəmiyyətinin ümumi siyasi iradəsi ilə qəbul olunmalıdır. Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu barədə açıqlamaları Kremlin mövqeyini daha aydın göstərir.

Çünki o, bildirib ki, Ermənistan istənilən yolu seçməkdə sərbəstdir, ancaq onun nəticələri Rusiyanın hesabına həyata keçirilməməlidir. Yəni, Kreml faktiki olaraq, rəsmi İrəvana mesaj verir ki, əgər, Qərbə yönəlik siyasəti davam etdirərsə, onda Rusiyanın Ermənistana verdiyi mövcud iqtisadi güzəştlər və dəstək mexanizmləri yenidən nəzərdən keçirilə bilər. Və Kremlin bu yanaşma tərzi Rusiyanın Ermənistanla münasibətlərində artıq yeni reallığı ortaya çıxarır.

19f8e786-43fe-498b-a2a9-9f01d7a095c2.jpg (313 KB)

Belə ki, əvvəllər Kreml Ermənistanı Rusiyanın təhlükəsizlik sisteminin əsas elementlərindən biri kimi görürdü. Ancaq indi isə Rusiya rəsmi İrəvanın Qərblə yaxınlaşma kursunu regional təsir balansına ciddi təhlükə kimi qiymətləndirir. Və bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyətinin davranışlarından narazı olan Kreml seçki mərhələsində Ermənistana yönəlik mövqeyini sərtləşdirir, iqtisadi-ticari təzyiq mexanizmlərini işə salır.

Digər tərəfdən isə Rusiyanın təzyiqlərinə paralel olaraq, Avropa Birliyi də Ermənistanla əlaqələrini gücləndirməyə çalışdığını imitasiya etmək üçün daha aktiv addımlar atır. Belə ki, Brüssel rəsmi İrəvana 50 milyon avrodan artıq maliyyə dəstəyi göstərmək və Ermənistan məhsullarının Avropa bazarına çıxışını asanlaşdırmaq planlarını açıqlayıb. Və bu, Rusiyanin tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərinə paralel olaraq, Ermənistan üçün alternativ iqtisadi-ticari istiqamət yaratmaq cəhdi kimi qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyinin bu təşəbbüsləri Paşinyan hakimiyyəti üçün önəmli siyasi imkan yaradır. Çünki Paşinyan hakimiyyəti uzun müddətdir ki, ölkənin iqtisadi və təhlükəsizlik modelinin yenilənməsinə ehtiyac olduğunu vurğulayır. Rəsmi İrəvan hesab edir ki, Ermənistan yalnız bir geopolitik mərkəzdən asılı qalmamalıdır. Və müxtəlif geopolitik istiqamətlər üzrə balanslaşdırılmış münasibətlər qurmalıdır.

Bu baxımdan, Paşinyan hakimiyyətinin son siyasi mesajları da bu geopolitik dəyişimin göstəricisi kimi qiymətləndirilir. Üstəlik, baş nazir Nikol Paşinyan "Qarabağ məsələsi" ilə bağlı əvvəlki yanaşmasından fərqli olaraq, indi gələcək nəsillərə hərbi münaqişə deyil, məhz sülh ötürmək ideyasını ön plana çıxarır. Erməni baş nazir bildirir ki, Ermənistan uzun illər "Qarabağ məsələsi"nin yaratdığı siyasi və təhlükəsizlik dilemması ilə yaşayıb. Ancaq indi isə əsas məqsəd dövlətçiliyi gücləndirmək, regional sabitliyi təmin etmək və ölkənin beynəlxalq mövqeyini yenidən qurmaqdır.

20a61a80-2a9e-4e45-8df6-fa4ba777f595.jpg (278 KB)

Ancaq Kreml bu siyasəti yalnız Ermənistanın ölkədaxili siyasi transformasiyası kimi qəbul etmir. Çünki Kreml tez-tez vurğulayır ki, Avropa Birliyinin Ermənistanla yaxınlaşması Rusiyanın regional maraqlarına zidd istiqamət daşıyır. Rusiya siyasi dairələri hesab edirlər ki, Ermənistanın Qərbə yaxınlaşması yalnız iqtisadi seçim deyil, həm də təhlükəsizlik arxitekturasının dəyişməsi deməkdir. Və bu səbəbdən də Kreml rəsmi İrəvanın qərarlarını Cənubi Qafqazdakı güc balansı prizmasından qiymətləndirir.

Eyni zamanda, ABŞ da bu prosesin geopolitik mahiyyətini açıq şəkildə qeyd edir. Ağ Ev rəsmiləri bildirirlər ki, Kreml Ermənistanın Qərblə əməkdaşlığından narazıdır və Paşinyan hakimiyyətinin gələcək taleyi bu qarşıdurmanın önəmli tərkib hissəsinə çevrilib. Belə ki, Kremlin Paşinyan hakimiyyətinə qarşı sərt mövqeyi Rusiyanın Cənubi Qafqaz siyasətində ön planda yer tutur.

Ona görə də, mövcud situasiya Ermənistan üçün mürəkkəb geopolitik seçim məcburiyyəti yaradır. Belə ki, bir tərəfdə Rusiya ilə uzunmüddətli iqtisadi, hərbi və siyasi əlaqələr, digər tərəfdə isə ABŞ və Qərb ilə yaxınlaşma perspektivi dayanır. Yəni, növbəti parlament seçkilərindən sonra rəsmi İrəvanın geopolitik seçimi yalnız Ermənistanın deyil, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizlik sisteminin transformasiyası baxımından da böyük önəm daşıya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR