İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “dərin dövləti” Putinə qarşı - Ukraynadakı məğlubiyyətin xəfif anonsu

1877 18.04.2023 08:25 Gündəm A A

“Soydaşlarımızı gözləyən aqibətin bir qədər yüngülləşdirilməsi istiqamətində cəhdlər edilə bilər”

Rusiyanın"Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Ukraynada aparılan savaşın məqsədlərinə nail olunduğunu bəyan edərək, savaşı dayandırmağı təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, öz bloqunda yazıb. Bundan başqa, müvafiq mətn “Vaqner”ə yaxınlığı ilə bilinən “Kepka Priqojina” telegram kanalında yayılıb.

Priqojinin sözlərinə görə, uzunmüddətli müharibə Rusiyanın dağılması üçün ilkin şərt ola bilər. O, uzünmüddətli müharibənin rus elitasında dəstək tapmadığını xüsusilə vurğulayıb.

Vaqner" başçısı yazıda onları “dərin dövlət” adlandırıb. “Dünən xüsusi əməliyyatı (Rusiyada işğalçı savaşa qoyulan ad - red.) dəstəkləyənlərin çoxu indi şübhə altındadır və ya qəti şəkildə baş verənlərə qarşı olduqlarını söyləyirlər. Belə görünür ki, ”dərin dövlət"in nümayəndələri tez bir zamanda öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlığına qayıtmaq istəyirlər", - deyə Priqojin yazıb.

Yevgeni Priqojin: “Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”

Priqojinə görə, elita daxilindəki müharibə əleyhdarları savaşın uğurla davam etdirilməsi üçün verilən qərarları sabotaj edirlər. “İclaslarda susur, şübhələrini bildirirlər. Bürokratik prosedurlarla bağlı qərarlar verilərkən isə qələbəyə yönəlik fəaliyyətə mane olurlar”, - deyə o bildirib.

Priqojinin fikrincə, Ukrayna ordusunun gözlənilən hücumu cəbhə xəttinin yarılması ilə başa çata bilər. “Vaqner” rəhbəri Rusiyanın bundan sonra “DXR, Dnepr və ya Polşa sərhədlərinə” çatmasının olduqca çətin olduğunu etiraf edib. “Belə olan halda, illərdir özünü dünyanın ən yaxşı ordularından biri hesab edən Rusiya ordusunda əvvəlcə tənəzzül əhval-ruhiyyəsi başlaya, daha sonra isə vəziyyət daha da pisləşə bilər”, - deyə o qeyd edib.

Priqojinin etirafı nədən xəbər verir? Putin onu eşidəcəkmi? Bəs yeni səfərbərlik necə, Rusiyanı Ukrayna bataqlığından çıxara biləcəkmi?

Bu arada Putin orduya elektron çağırışlar haqqında qanunu, hərbi xidmətə cəlb olunanların vahid reyestrini və hərbi xidmətdən yayınanlar üçün sərhədlərin bağlanmasını təsdiqləyib.

Elektron çağırışlar haqqında qanunun təxminən bir milyon rusun ölkədən qaçmasına cavab olaraq qəbul edildiyi deyilir. Bundan sonra hərbi xidmətə cəlb olunan şəxsin Rusiyanı tərk etməsi qadağan ediləcək.

Məlumdur ki, hazırda Rusiya vətəndaşlığı olan xeyli sayda soydaşımız bu ölkədə yaşayır. Onların taleyi necə olacaq bu qanundan sonra?

Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət  haldır

Qulamhüseyn Əlibəyli 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirdi ki, Rusiya vətəndaşlığı olan soydaşlarımız Rusiya qanunlarına tabe sayılırlar: “Yeni qanunun sərtləşdirilmiş tələbləri, yəni orduya çağırış haqqında elektron bildirişlərin göndərilməsi, elektron bildirişlərin vahid reyestrinin tərtibi və çağırış üzrə gəlməyən şəxslərə münasibətdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi, o cümlədən həmin şəxslərin Rusiyadan kənara çıxışına qadağa qoyulması Rusiya vətəndaşlığı olan soydaşımıza da eyni dərəcədə şamil olunacaq. Hərbi vəzifəli şəxslərin Rusiya vətəndaşlığından çıxmasına da faktiki qadağa qoyulub. Bu baxımdan, Rusiya vətəndaşlığı olan soydaşlarımızın aqibətinin digər rus vətəndaşlarının aqibəti kimi olacağı şübhə doğurmur. Əlbəttə, diplomatik yollarla soydaşlarımızı gözləyən aqibətin bir qədər yüngülləşdirilməsi istiqamətində cəhdlər edilə bilər. Lakin Rusiyanın indiki vəziyyətində belə cəhdlərin uğurlu olacağına inam olduqca azdır”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev Rusiyada müharibə əleyhdarlarının durmadan artdığını söylədi: “Doğrudur, son dövrlərdə Rusiya cəmiyyətinin müxtəlif təbəqələrində müharibəyə qarşı etirazlar güclənib. Rus siyasi elitası müharibə başlayanda belə hesab edirdi ki, bir neçə gün ərzində qalib gələcəklər, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə öz mövqelərini gücləndirəcəklər. Lakin bu belə alınmadı. Düzdür, Rusiya bəzi əraziləri işğal edib, ancaq indi o ərazilərin saxlanılmasının özü sual altındadır. Ukraynaya olan beynəlxalq yardım, dəstək bu ölkəni getdikcə gücləndirir. Əvvəlki aylarda biz bilirdik ki, Ukrayna silah-sursat cəhətdən çox zəif idi, döyüşçülər vuruşmaq cəhətdən çox zəif idilər. Rusiya isə "Vaqner" dəstəsi ilə, hansı ki, bu dəstə xaricdə, xüsusilə Suriyada, Asiyanın bir sıra ölkələrində gizli olaraq müharibələrdə iştirak edirdilər. Bunu hamı bilirdi. İlk dövrlərdə müharibəyə qarşı əsasən mədəniyyət, incəsənət xadimləri, ziyalıların bir hissəsi çıxış edirdisə, əhalinin çox cüzi bir hissəsi açıq şəkildə narazılığını ifadə edirdisə, indi bu narazılıqlar durmadan güclənməkdədir, sosial təbəqələri, cəmiyyətin bir çox hissəsini əhatə edir. Beynəlxalq sanksiyalar tətbiq edilir və bunun nəticəsində iqtisadi durum da getdikcə zəifləyir. Bilirsiniz ki, Rusiyanın əsas gəlir yeri neft-qaz məhsullarının satışıdır. Bu gəlirlər isə getdikcə azalır. Avropa getdikcə bu resurslardan imtina edir, digər mənbələr axtarır. Rusiyada yaxşı bilirlər ki, Amerikanın, eləcə də digər Avropa ölkələrinin əlavə mənbələr tapmaları gələcək on illiklərdə Rusiyaya çox mənfi təsir edə bilər. Çünki Avropa bundan sonra əvvəlki həcmdə Rusiyadan heç vaxt neft-qaz məhsulları almayacaq. Bu da sözsüz ki, Rusiyanın gələcəkdə iqtisadi-siyasi durumunu getdikcə pisləşdirəcək. Əvvəllər əgər siyasi və hərbi elita Putinə dəstəyini yüksək səviyyədə ifadə edirdisə, indi artıq bunlar arasında da narazılıq getdikcə artır. Çünki hamı başa düşür ki, müharibə uzandıqca, həlak olanların, döyüşlərə çağırılan şəxslərin sayı artdıqca əhali arasında narazılıqlar durmadan yüksələcək. Bunun isə nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq çətindir. Ona görə də belə çağırışlər səslənməyə başlayır ki, əlimizdə olanları saxlayaraq müharibəni dayandırmaq lazımdır. Bəziləri bu məsələnin danışıqlar yolu ilə həllini vacib sayırlar. Artıq siyasi elita onu da yaxşı başa düşür ki, əhali əvvəlki kimi müharibəyə münasibət bəsləmir. Düzdür, xalq indi öz mövqeyini açıq şəkildə bildirməkdən çəkinir. Çünki orada repressiv aparat var. Özü də yeni qanunlar qəbul olundu. Məsələn, hətta döyüşləri müharibə adlandırmaq məsuliyyətə cəlb olunma deməkdir. Müharibə ilə əlaqədar hökuməti tənqid etməkdə də məsuliyyət nəzərdə tutulur. Bu barədə məlumatları yazmaq da məsuliyyət nəzərdə tutur. Ona görə əhali bir qədər susqunluq göstərir. Ancaq bu çox davam edə bilməz. Bunu siyasi elita da yaxşı başa düşür. Güman edirəm ki, yaxın aylarda bu elitada ciddi fikir dəyişiklikləri olacaq".

Hüquqşünas şimal qonşumuzda soydaşlarımızın çox pis bir vəziyyətə düşdüklərini də qeyd etdi: “Müharibənin başlandığı ilk aylarda Rusiya vətəndaşlığı almış, özünün biznesi olan bir çox insanlar ölkəmizə qayıdıblar. Bizneslərini orada tanıdıqları insanlara tapşırıblar, bunlar daha çox azərbaycanlı işçi miqrantlardır, çünki onların vətəndaşlığı olmadığı üçün müharibəyə cəlb oluna bilməzlər. Bu, dəqiq bildiyim məlumatdır. Onlar vaxtında Rusiyadan çıxa biliblər. İndi ölkəmizdə miqrant kimi yaşayırlar. Düzdür, bəziləri Azərbaycan vətəndaşı olan şəxsiyyət vəsiqələrini saxlayıblar. Ondan istifadə edirlər. Qeyri-rəsmi olsa da, ikili vətəndaşlıq var. Hansı ki, həm Rusiya, həm də Azərbaycan pasportları daşıyırlar. Bu da onlara Azərbaycan vətəndaşı kimi yaşamağa imkan verir. Müvəqqəti ölkəmizdə yaşayan miqrantların da vəziyyəti yaxşı deyil. 3 ay keçəndən sonra bir dəfə uzada bilərlər. Sonradan bu uzanma dayandırılır. Onlar geri qayıtmalıdırlar. Ola bilər ki, Azərbaycan hökuməti Rusiyadakı vəziyyəti nəzərə alaraq, onlara bir qədər güzəşt etsin və Azərbaycanda uzun müddət qalmalarına imkan yaratsın. Ancaq Rusiyada vətəndaşlığı olan şəxslərin vəziyyəti çox pisləşib. Çünki artıq telefonlara çağırış məlumatının göndərilməsi ciddi məsələdir. Hərbi komissarlıqlar özlərini çətinə salmırlar. Mesajı aldın-almadın, nömrən işləyir, ya yox, onlara dəxli yoxdur. Çağırış vərəqələri təqdim olunmuş sayılır və sən 7 gün ərzində hərbi komissarlığa gəlməlisən. Gəlmədinsə, artıq məsuliyyətə cəlb oluna bilərsən. Bir çox hüquqlarını itirirsən, iş, bank əməliyyatından, hətta maşın sürmək hüququndan məhrum olunursan. Maşını varsa, yolda kameraya düşür ki, maşın idarə edir, dərhal məsuliyyətə cəlb oluna bilər. Azərbaycanlıların orada Ukraynaya qarşı vuruşmaları nə özlərinə, nə də ölkəmizə sərf edir. Çünki onlar ora işləmək üçün gediblər. Rusiya vətəndaşlığı alanda sevinirdilər. Orada uzun müddət işləmək üçün vətəndaşlıq almağın vacibliyini yaratdılar. Putin o vaxt biclik işlətdi və rus vətəndaşlığı almağı asanlaşdırdı. Sanki bilirdi ki, gələcəkdə haradasa müharibəni başladacaq və digər ölkələrin vətəndaşlarından müharibədə istifadə edəcək, o cümlədən Qafqazdan, Orta Asiyadan və digər yerlərdən gedənlərdən. Artıq Rusiyada yaşı çağırış vərəqəsinə düşə biləcək şəxslərin hamısının ölkədən çıxışına qadağa qoyulub. Xatırlayırsınızsa, müharibənin ilk günlərdə belə məlumatlar yayıldı ki, on minlərlə rus ölkəni tərk edib. Avropaya çox az miqdarda insan məlum səbəblərdən getdi. Adətən qonşu ölkələrə dağıldılar. Artıq indi rus vətəndaşı olanlar birmənalı çıxa bilmirlər və onların vəziyyəti çox ağır olacaq”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR