İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bütün ölkələrə buğda ixracını dayandırmağa hazırlaşır

1026 16.03.2022 08:20 İqtisadiyyat A A

Taxılçılar etiraz edir; Azərbaycan buğda idxalında ağırlığı Qazaxıstana salıb

Rusiya Ukraynaya hücumuna görə üzləşdiyi sanksiyalar üzündən ondan buğda alan ölkələri cəzalandırmağa hazırlaşır. Nə qədər qəribə də olsa, Rusiyadan buğda alan ölkələrin demək olar ki, heç biri Qərbin sanksiyalarına qoşulmayıb: Misir, Türkiyə, Azərbaycan, Çin və sair...

İki gün əvvəl yaxın müttəfiqlərinə - Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarusa taxıl ixracını dayandıran Rusiya hökuməti indi, ümumiyyətlə, ölkədən kənara satışı dayandırmaq niyyətindədir. Rusiya Kənd Təsərrüfatı Nazirliyi Sənaye və Ticarət Nazirliyi ilə birlikdə hökumətə bununla bağlı layihə təqdim edib. Layihədə 15 mart-30 iyun aralığında ölkədən kənara əsas dənli bitkilərin ixracının tamamilə dayandırılması təklif olunur. Söhbət ilk növbədə buğda, çovdar, qarğıdalı və arpadan gedir.

Baş nazirin müavini Vikrotiya Abramçenko təklifi dəstəkləyib. Onun sözlərinə görə, bu, ölkə daxilində istehlakçı və emalçıların ehtiyaclarının tam təmin olunmasına yönəlmiş müvəqqti tədbirdir. Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski təklifin heç bir iqtisadi əsası olmadığını, sırf siyasi addım olduğunu bildirib: “Bizdə taxıl təminatında heç bir kəsir, çatışmazlıq ola bilməz. Hazırkı mövsümdə bu, mümkün deyil. Hətta daşımalarda yaranan problemlər üzündən planlaşdırılan həcmlərin bir hissəsinin ixracı baş tutmayacaq. Yəni daxili tələbatın təmin olunması ilə bağlı bizdə hər hansı problem yoxdur. Hazırda əsas təhlükə səpin prosesi ilə bağlıdır. Səpindəki vəziyyət gələn mövsümdə daha az məhsul əldə olunmasına gətirib çıxara bilər”.

Dünyada taxıl sürətlə bahalaşır

A.Zloçevskinin sözlərinə görə, mövcud şəraitdə hökumət taxılın ixracını tam qadağan edərsə, bu, sırf siyasi qərar olacaq: “Bu qərar taxıl idxalçılarına ciddi zərər vurmaqla növbəti mərhələdə qiymətlərin bahalaşmasını şərtləndirəcək. Lakin eyni zamanda Rusiya taxılının bazarlardakı mövqelərinin itirilməsi nəticəsində bizə də böyük zərər dəyəcək. Bundan əlavə, istehsal olunan məhsulu satıb gəlir əldə edə bilməyən fermer yeni mövsümdə onu becərməyəcək. Bu isə istehsalın kəskin azalması deməkdir”.

Son iki həftədə buğdanın dünya bazar qiyməti 40 faiz artdığına görə Rusiyanın daxilində də artım qeydə alınır. Rusiya ekspertləri bildirirlər ki, ixrac tam qadağan olunsa, dünya bazarında qiymət daha da yüksələcək, ölkə daxilində isə azalacaq. Belə ki, martın 15-dən sonra xaricə satılması planlaşdırılan 6-8 milyon ton buğda ölkədə qalarsa, bu, kəskin qiymət ucuzlaşmasına gətirib çıxarmaqla onun istehsalçılarına böyük zərər vuracaq.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, Ukrayna və Rusiyadan aqrar məhsulların ixracının kəskin azalması, yaxud dayanması qlobal ərzaq qiymətlərinin 8-22 faiz bahalaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Rusiyanın buğda ixracını tamamilə dayandırmasından təsirlənməsi gözlənilən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 2021-ci ildə idxal etdiyi buğdanın 90 faizini Rusiyadan alıb. Təqdirəlayiq haldır ki, 2022-ci ilin əvvəlindən buğda idxalında bu ölkənin payı kəskin azaldılıb, Qazaxıstandan idxal isə artırılıb. Belə ki, yanvar ayında Rusiyadan 9872,19 ton bərk buğda, 36893,31 ton yumşaq buğda, Qazaxıstandan 34736,52 ton yumşaq buğda, meslin və digələri, 12202,5 ton bərk buğda almışıq.  Keçən ilin yanvarında Qazaxıstandan cəmi 3010 ton, Rusiyadan isə 20182,74 ton buğda alınmışdı.

Azərbaycan yanvar ayından həmçinin Qazaxıstandan buğda və çovdar unu idxalını da kəskin artırıb. Bu ilin yanvar ayında xaricdən alınan 847,54 ton buğda və buğda-çovdar ununun 844,91 tonu bu ölkədən alınıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında xaricdən un idxalımız cəmi 157 ton olmuşdu. Onun da 151 tonu Rusiyadan alınmışdı. 2021-ci il ərzində isə Azərbaycan xaricdən 3523,9 ton buğda və buğda-çovdar unu alıb. Bunun 3478,27 tonu Rusiyadan, cəmi 6 tonu Qazaxıstandan gətirilib.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Göründüyü kimi, Azərbaycan buğda ixracını diversifikasiya edə bilib. Fevral-mart aylarında da bu tendensiyanın davam etdiyi şübhəsizdir. Nəzərə alsaq ki, ötən ildən Qazaxıstandan Çin və Əfqanıstana buğda ixracı kəskin azalıb, onda bu ölkədən idxalımızın tamamilə təmin olunması rahatlıqla mümkün olacaq. Hətta Rusiya üzərindən dünya bazarına çıxışın dayanması nəticəsində Qazaxıstan buğdasının tranzitində də Azərbaycanın rolu artacaq. Belə ki, Qazaxıstan ötən ildən etibarən Türkiyəyə buğda ixracını da kəskin artırıb. Bu isə Azərbaycan ərazisindən daşımaların daha da artmasını şərtləndirir. Hesablamalara görə, bu ilin sonunadək Qazaxıstanın 2-3 milyon tona yaxın buğda ixracı potensialı var. Bu isə Rusiya ixracı tam dayandırdığı halda belə Azərbaycanın buğda idxalında çətinlik çəkməyəcəyini göstərir.

Təəssüflər olsun ki, Azərbaycan hökuməti ölkədə mövcud buğda ehtiyatlarının həcmini açıqlamır. Lakin Milli Məclisdəki çıxışı zamanı baş nazir Əli Əsədov bildirib ki, ölkədə zəruri ehtiyatlar var: “Ölkəmizdə əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyatlar yaradılıb”.

Baş nazir bildirib ki, qonşu ölkələrin maliyyə bank sistemlərinin üzləşdiyi təsirlər Azərbaycana təsir etməyib: “Bizim maliyyəmiz stabildir, milli valyutamız dayanıqlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir”.

Ə.Əsədov həmçinin qeyd edib ki, 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasına əsasən, hökumətin qarşısında bir sıra tapşırıqlar var. Bunlar dayanıqlı iqtisadiyyat, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi, antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymətə nəzarətin gücləndirilməsi, qlobal bazarda ərzaq bahalaşmasının ölkəyə təsirinin azaldılması və ərzaq təhlükəsizliyinin təmini, rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması bu vəzifələr sırasındadır: “Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq. Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir. Daxili bazarda ərzaq təhlükəsizliyi istiqamətində tədbirlər görmək məqsədilə Dövlət Ehtiyatlar Agentliyi yaradılıb. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi mədəni irsin bərpası, orada əhali üçün şəraitin yaradılması dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulan əsas prioritetdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR