İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivləri Qərbi iki yerə böldü - skandal

836 27.02.2024 11:53 İqtisadiyyat A A

London, Paris və Berlin Vaşinqtonla üz-üzə; Bayden hökumətinin, eləcə də Avropadakı bir sıra dairələrin diqqəti dondurulmuş Rusiya aktivlərinə yönəlib

ABŞ-da demokrat siyasi hakimiyyətlə müxalifətçi respublikaçılar arasında Ukraynaya yardımla bağlı yaşanan mübarizə dünyanın diqqətini Rusiyanın dondurulmuş aktivlərinə yönəldib. Bayden hakimiyyəti Ukraynaya 61 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini Konqresin respublikaçılar üstünlük təşkil edən alt palatasından keçirə bilmir. Artıq 6 aydır layihə Konqresdən müsbət rəy almadan qalıb. Avropa İttifaqının Ukraynaya dəstəyi isə müharibədə zəruri olan bütün ehtiyacları qarşılamağa yetərli deyil. Üstəlik, Aİ-nin özündə Ukraynaya 4 ildə 50 milyard avro ayrılmasına dair qərarın qəbulu 3 aya mümkün oldu - Rusiyanın bir sıra Aİ ölkələrindəki tərəfdarları onun qəbulunu xeyli əngəlləyə bildilər.

Belə bir şəraitdə Bayden hökumətinin, eləcə də Avropadakı bir sıra dairələrin diqqəti dondurulmuş Rusiya aktivlərinə yönəlib. ABŞ-da artıq Rusiyaya yardım edən bir şəxsin aktivlərinin müsadirəsinə dair məhkəmə qərarı əldə edilib. Vaşinqton Avropada Rusiya Mərkəzi Bankının həcmi 300 milyard dollar qiymətləndirilən aktivlərinin qısa müddətdə Ukraynaya yönləndirilməsi üçün Aİ liderlərinə təsirləri gücləndirir. 

Məsələnin müzakirəsi ilə tanış olan "Bloomberg" mənbələri bildiriblər ki, London və Vaşinqton Rusiya aktivlərinin tam müsadirə edilməsində israrlıdır. Ottava bu təklifə açıqdır. Paris və Berlin avro üçün mənfi nəticələrə səbəb ola biləcək təhlükəli presedent yaratmaq istəmədikləri üçün buna qarşıdırlar.

Dondurulmuş Rusiya aktivləri Ukraynanın bərpasına xərclənəcək?

Avropa İttifaqı birbaşa müsadirəyə getməmək üçün aktivlərin investisiya edilərək, əldə olunan gəlirlərin Ukraynaya yönəldilməsi mexanizmini hazırlayıb. Artıq hamıya məlumdur ki, Rusiya Mərkəzi Bankının 191 milyard avroluq aktivləri “Euroclear” depozitarisində saxlanılır. Ötən il Avropa Komissiyasının qəbul etdiyi mexanizmə əsasən depozitarinin aktivlərin investisiyasından əldə edəcəyi gəlirin mühüm hissəsi Ukrayna üçün sərf olunacaq. Ötən ilin 9 ayında belə gəlirlərin həcmi 4,4 milyard avrodan yuxarı olub. Bu il isə 6 milyard avrodan yuxarı gəlir əldə olunması gözlənilir. Avropa Komissiyasının qərarı ilə bu gəlirlər Ukraynaya yardım üçün nəzərdə tutulan 50 milyard avronun bir hissəsini təmin etməlidir. 

Hazırlanan mexanizmə əsasən aktivlərin “Euroclear” platformasına yenidən investisiya edilməsindən əldə olunan gəlir ayrıca uçota alınacaq. Bu, Avropa Komissiyasının əvvəllər Aİ səfirləri tərəfindən razılaşdırılmış direktivində nəzərdə tutulub. Sənədlə tanış olan “Financial Times” yazır ki, Aİ ölkələri yekdilliklə “Aİ büdcəsinə Ukraynanı dəstəkləmək üçün bu xalis mənfəətdən formalaşmalı olan maliyyə töhfəsi” barədə qərar qəbul etməlidir. Direktivdə deyilir ki, ödəniş “müqavilə öhdəliklərinə, həmçinin Aİ və beynəlxalq hüquqa uyğun olacaq”.

Üzv ölkələr həm də mərkəzi depozitarların hüquqi və inzibati xərcləri ödəmək üçün lazım olan vəsaitdən əlavə nə qədər tuta biləcəyini müəyyən edəcəklər. Lakin bu il qəbul edilən hansısa qərarla 2023-cü ildə "Euroclear" beynəlxalq platformasında dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə etdiyi mənfəətin Kiyevə köçürülməsi mümkün olmaya bilər. “Financial Times”ın yazdığına görə, Aİ direktivlərinin geriyə qüvvəsi yoxdur. 

Hazırda Böyük Britaniya və ABŞ bilavasitə aktivlərin özünün müsadirəsində təkid edirlər. Fevral ayında G7 liderləri aktivlərin Rusiya işğalçı müharibə zamanı Ukraynaya vurduğu zərəri tam kompensasiya edənə qədər dondurulmuş vəziyyətdə saxlanmasına dair qərar qəbul ediblər. Eyni zamanda onların Ukraynaya yardım olaraq istifadəsi istiqamətində işlərin sürətləndirilməsi qərara alınıb.

Avropalı siyasətçilərin və Avropa Mərkəzi Bankının nümayəndələrinin fikrincə, belə bir addım digər ölkələrin avroya olan inamını sarsıda bilər. Avropa Komissiyası həmçinin aktivlərdən Ukraynaya güzəştli kredit ayrılması üçün girov kimi istifadə olunmasını təklif edir. Aktivlərin böyük hissəsinin saxlandığı “Euroclear”ın icraçı direktor Liv Mostry buna qarşı çıxaraq bildirir ki, “sizə aid olmayan aktivlərdən girov kimi istifadə etmək dolayı müsadirəyə və ya gələcəkdə müsadirə etmək öhdəliyinə çox yaxındır.” Onun sözlərinə görə, belə bir qərarın nəticələri birbaşa müsadirə olunmaqla eyni olacaq.

Mostry "Financial Times"a müsahibəsində həmçinin xəbərdarlıq edib ki, belə hərəkətlər baş verərsə, "Euroclear" məhkəməyə verilə bilər. Çünki Rusiya Mərkəzi Bankı çətin ki, onun aktivlərinin müsadirə olunması və öhdəliklərindən imtina etməsi faktını qəbul etsin: “Aktivlərin müsadirəsi məntiqinə müraciət etdikdə "Euroclear" sisteminə, Avropa bazarlarına və valyuta kimi avroya inam sarsılacaq”.

Onun fikrincə, Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etmək daha az riskli ideya kimi görünür. Belə ki, son bir ildə Belçika depozitarisi Aİ-nin sanksiyaları səbəbindən dondurulmuş aktivlərə investisiya qoymaqdan 4,4 milyard avro qazanıb. Mostry bildirir ki, faiz dərəcələrinin necə hərəkət etməsindən asılı olaraq "Euroclear" da bu il yaxşı qazanc əldə edə bilər. 

Maraqlıdır ki, bir sıra mənbələr “Euroclear” rəhbərliyinin əslində çox böyük həcmli vəsaitlərin hesablarından çıxarılmasını istəmədiyi üçün aktivlərin müsadirəsinə qarşı çıxdığını bildirirlər. Qeyd edilir ki, 191 milyard avronun idarəçiliyi platformaya külli miqdarda əlavə gəlir gətirir. Onların Ukraynaya yönləndirilməsi halında platforma bu gəlirdən məhrum olacaq. Eynilə Rusiya aktivləri olan Avropa banklarının da irihəcmli akitvləri qısa müddət ərzində itirməmək üçün onların müsadirəsinə qarşı çıxdıqları bildirilir. 

Rus rublu ilə bağlı BƏD XƏBƏR

Bankların bu istəklərini Rusiyanın mümkün məhkəmə iddiaları ilə pərdələməyə çalışdıqları iddia olunur. Qeyd edək ki, iki gün əvvəl "Bloomberg" beynəlxalq bankların Böyük Britaniya tərəfindən müvafiq hüquqi standartlar müəyyən edilmədən Rusiya aktivlərinin müsadirə edilməsi halında qlobal maliyyə sisteminin sarsıntılarından ehityatlandıqlarına dair məlumat yayıb. Bankirlər bildirirlər ki, belə bir qərara görə Rusiya maliyyə qurumlarının təqibinə başlaya bilər. Banklar üçün prioritet Rusiyanın aktivlərin ələ keçirilməsində iştirak edən ayrı-ayrı maliyyə institutlarına qarşı irəli sürə biləcəyi hər hansı gələcək iddialara qarşı hüquqi müdafiənin və ya kompensasiyanın müəyyən formasıdır.

Bankirlər həmçinin irimiqyaslı aktivlərin müsadirə əməliyyatlarının Britaniyanın beynəlxalq maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirə və qanunun aliliyinə dair suallar yarada biləcəyindən narahatdırlar. Rusiyanın Böyük Britaniyadakı dondurulmuş aktivlərinin tam həcmi məlum deyil. Leyboristlər Partiyasından olan deputat Kris Bryant 2023-cü ildə Rusiya Mərkəzi Bankının aktivlərinin təxminən 26 milyard funt-sterlinqinin İngiltərədə olduğunu, lakin onun bir hissəsinin Belçikada yerləşən beynəlxalq depozitari “Euroclear”da saxlanıla biləcəyini söyləyib.

Bununla yanaşı, agentlik bankların nə üçün Böyük Britaniyadan hüquqi normaların işlənib hazırlanmasını tələb etdiyini açıqlamır.

Hüquqşünaslar isə bankirlərdən fərqli fikirdədirlər. Fevral ayında Belçika, Fransa, Almaniya, Yaponiya, Hollandiya, Böyük Britaniya və ABŞ-dan olan 10 Qərb hüquq eksperti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin qanuni olacağına dair rəy verib. Vəkillər G7 ölkələrinə göndərdikləri məktubda vəsaitlərin müsadirəsinin beynəlxalq hüquq normalarına uyğun olduğunu bildiriblər. Bu barədə "Bloomberg" məlumat yayıb.

Ekspertlər bildirirlər ki, aktivlərin müsadirəsi beynəlxalq hüquqa zidd deyil, çünki Rusiya özü onun normalarını pozub: “Rusiyanın beynəlxalq hüququn ən fundamental normalarını davamlı şəkildə pozduğunu nəzərə alaraq, onun qanunsuz hərəkətləri nəticəsində birbaşa olaraq dəyən zərərin əvəzi kimi Rusiya dövlətinin aktivlərinin təhvil verilməsi şəklində əlavə əks tədbirlərin görülməsi qanuni olardı”.

Hüquqşünaslar bloklanmış aktivləri saxlayan dövlətlərə onları beynəlxalq mexanizmə köçürməyi tövsiyə ediblər ki, o, pulu depozitə qoyub sonra Ukraynaya köçürsün.

Avropada daha əvvəl aktivlərin ABŞ-dakı prezident seçkilərinə qədər müsadirə olunması tələb edilmişdi. Estoniya Xarici İşlər Nazirliyinin kansleri Conatan Vseviovun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Rusiyanın 150 milyard avro (162 milyard dollar) məbləğində aktivlərinə həbs qoyulması lazımdır, çünki Aİ liderləri Respublikaçılar Partiyasının lideri Donald Trampın yenidən prezident seçilə biləcəyindən narahatdırlar.

Göründüyü kimi, Rusiya aktivlərinin taleyinə çox fərqli yanaşmalar var və hələlik onların müsadirəsi istiqamətində real addımlar atılmayıb. Lakin ABŞ-ın təzyiqi ilə tezliklə belə addımların atılması perspektivi getdikcə daha real görünməyə başlayır. Rusiyada da bu perspektivi görür və mümkün qədər sərt formada Qərbə xəbərdarlıqlar səsləndirirlər. Ölkənin maliyyə naziri Anton Siluanov fevralın 26-da "RİA Novosti"yə müsahibəsində bildirib ki, Rusiyanın Qərbdəki aktivləri ilə istənilən hərəkətlərə simmetrik cavab veriləcək, çünki Rusiyada da Qərbin dondurulmuş aktivləri var: “Bu, bizim üçün sual deyil, biz Qərb ölkələrinin qərarlarına əməl edirik. Bizdə də dondurulmuş vəsaitlər az deyil. Aktivlərimizlə edilən istənilən hərəkətə simmetrik cavab veriləcək”.

Analoji bəyanatlarla Rusiya prezidenti, xarici işlər naziri də bir neçə dəfə çıxış edib. Lakin rusiyalı ekspertlər bildirirlər ki, Rusiyada dondurulan vəsaitlər hansısa Qərb dövlətinin ehtiyatları deyil, ayrı-ayrı şirkətlərin, fiziki şəxslərin aktivləridir. Buna görə də onların müsadirəsi bütün dünya boyu Rusiya vətəndaşlarına məxsus aktivlərə münasibətdə eyni addımın atılmasına gətirib çıxaracaq. Rusiya Mərkəzi Bankının məhkəmələrdə iddia qaldırması ehtimalına gəlincə, ekspertlər belə proseslərin onilliklər boyu davam edəcəyi perspektivini nəzərə almağı zəruri hesab edirlər. 

Qeyd edək ki, Ukrayna tərəfinin hesablamalarına görə, 2023-cü ilin sonunadək Rusiyanın başlatdığı işğalçı müharibədən birbaşa zərər 750 milyard dollar, dolayı zərər nəzərə alınmaqla isə 1 trilyon dollar təşkil edib. Müharibə başa çatıb Rusiyanın təzminat ödəməsini qanuniləşdirən məhkəmə prosesi keçirilsə belə, bu qədər zərərin ödənməsi üçün onilliklər lazım gələcəyi gözlənilir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR