İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus patriarxdan islamofob - türkofob bəyanat - Kirill Putinə qarşı?

981 16.03.2024 08:00 Siyasət A A

Deputat: “Bu, dini müstəvidə böyük münaqişələrin yaranmasına səbəb ola bilər...”

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya vətəndaşlığını qəbul etmiş hər kəsi “xaçla şərəfləndirib yeni vətənlərinin müdafiəsinə yollamağa” çağırıb. Minval.az xəbər verib ki, müvafiq sənəd Ümumdünya Rusiya Xalq Soborunun saytında yerləşdirilib. Bildirilir ki, Patriarx Kirill Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı din xadimlərinə və bütün dindarlara müraciət edib. Bəyanatda “Müqəddəs rus torpaqlarında pravoslav kimliyi” uğrunda mübarizənin, “Böyük pravoslav rus dövləti” yaratmaq üçün “Kiçik Rusiya”nın (Malorossiya) bütün torpaqlarının toplanmasının zəruriliyi qeyd olunur. Yəni işğalı davam etməyə çağırış edilir.  

Eyni zamanda Kirilin imzaladığı sənəddə demoqrafik böhranla əlaqədar Rusiyanın “islamlaşma təhlükəsi”ndən danışılır, pravoslavlara “xristian olmayanlarla təmas”la bağlı öyüd-nəsihət yer alır.

Bundan əlavə, müraciətdə birbaşa olaraq miqrantların mədəniyyət və inancla tanış edilməsi üçün səylərin göstərilməsi tələb olunur: “Böyük Vətənimiz çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir. İlk dəfə olaraq, bir vaxtlar Konstantinopolun (İstanbul - red.) Müqəddəs Sofiyası kimi, kilsələrimizdəki xaçın İslam ayparası ilə əvəz etmək kimi ölümcül risk altındayıq”. 

Rusiya patriarxının bu islamofob, türkofob bəyanatı nədən, hansı xofdan qaynaqlanır? Kiril niyə təlaşlanıb? Nə üçün o, Türkiyənin də “bostanına” daş atır? 

Patriarx niyə unudur ki, Rusiya cəmiyyətində türk-müsəlman aborigen xalqlar onun mühüm kəsimini təşkil edir və əslində əraziləri vaxtilə imperiya tərəfindən işğal edilmiş xalqlardır. İkinci yandan, Rusiyanın islamofob və türkofob Fransadan, İsveçdən nə fərqi oldu ki? 

Yada salaq ki, prezident V.Putin Qərbdəki islamofobiyanı, Quranın yandırılmasını, Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsini rəsmən pisləyib. İndi Kirill Putinin əleyhinəmi gedir?

Ceyhun Məmmədov - Azərbaycan Respublikasının Milli Məclisi | LinkedIn

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bir çox sahələrdə olduğu kimi dini müstəvidə də bir sıra proseslərin getdiyi açıq-aydın müşahidə edilir: “Bu gün dini müstəvidə də gərginlik özünü bir sıra hallarda dövlətlərin siyasətində göstərir. İlk baxışdan o qədər nəzərə çarpmasa da, bu gün Pravoslav kilsəsi Rusiyada dövlət idarəçiliyində, dövlətin siyasi ideologiyasının formalaşmasında ciddi yer tutur. Həm Rusiyada, həm dünyanın digər ölkələrində İslama meylin artması, hətta son vaxtlar rus əhalisinin İslamı qəbul etməsi müşahidə edilir ki, bu proses Qərbdə də davam edir. Qərbdə - Fransada və ayrı-ayrı ölkələrdə, Rusiyada İslama meyl göstərilir. Bu cür meylləri Rus Pravoslav kilsəsi özü üçün təhlükə hesab edir. Burada xristian təəssübkeşliyi nöqteyi-nəzərindən də bir baxış var. İstanbulda da xeyli sayda pravoslavlar yaşayır. Düzdür, onlar Rusiyaya bağlı olmasalar da, xristianlığın pravoslav qoluna bağlıdırlar. Türkiyədə onların ayrıca dini mərkəzi var, kifayət qədər nüfuzludur. Amma bütün hallarda bəzən açıq, bəzən də gizli formada Türkiyənin islamlaşması, burada tarixən pravoslavlığın geniş yayıldığı ərazidə Türkiyə dövlətinin qurulması dünyanın bir çox dini mərkəzlərini narahat edir. Təəssüf ki, biz Rusiyanın bir tərəfində - siyasətində İslam dünyası ilə, Türkiyə ilə yaxınlaşmasını görürük, digər tərəfdə isə dini mərkəzlərin fərqli bəyanat verdiyini görürük. Hesab edirəm ki, kifayət qədər təhlükəli məsələdir. Dini mərkəzlər daha çox həmrəyliyin təmin olunmasına çalışmalıdır. Onlar ayırıcı yanaşmalardan uzaq olmalıdır. Bu cür yanaşma çox təhlükəlidir və həmin dövlətlərin özü üçün də dini müstəvidə  böyük münaqişələrin yaranmasına səbəb ola bilər”. 

Yada salaq ki, dünyanın bir çox ölkəsində antiislam siyasəti tüğyan edir. Xüsusilə də Avropada islamofobiya meyilləri kəskin artıb və müsəlman aləminə qarşı aparılan bu çirkin kampaniya getdikcə daha nümayişkaranə formada həyata keçirilir. Gah müsəlmanların dini kitabı Qurani-Kərim yandırılır, gah Məhəmməd Peyğəmbərin karikaturası çəkilərək təhqir olunmağa çalışılır və digər bu kimi hallarla insanların dini hissləri ilə oynanılan təxribatlara əl atılır. Dini nifrət zəminində törədilən bu əməllər əsasən Fransa, İsveç, Danimarkada tez-tez baş verir, islamofob əməllərə sözün əsl mənasında göz yumulur, “münbit” şərait yaradılır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR