Rusiyalı hərbçilər Kursk vilayətində ukraynalı əsirləri edam edib. Sosial şəbəkələrdə rus hərbçilərinin silahsız Ukrayna hərbçilərini güllələdiyini əks etdirən yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitro Lubineç məlumat verib.
“Yayılan videoda azı beş ukraynalı hərbçinin güllələndiyi görünür. Biz bir daha Rusiya ordusunun beynəlxalq humanitar hüquqa qarşı açıq-aşkar hörmətsizliyini müşahidə edirik”, – deyə Lubineç bildirib.
Onun sözlərinə görə, bu hadisənin müharibə cinayəti kimi qeydə alınması üçün BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb.
“Belə vəhşilikləri əmr edən və icra edənlər ciddi şəkildə cəzalandırılmalıdır”, – o əlavə edib.
Məlumata görə, edam edilən hərbçilər Kazak Lopan qəsəbəsində əsir götürülən dron operatorlarıdır. Həmin ərazi bir müddət əvvəl yenidən Rusiya nəzarətinə keçib.
Xatırladaq ki, atəşkəs danışıqları çərçivəsində Ukrayna hərbi əsirlərin mübadiləsi, mülki şəxslərin azad olunması və zorla köçürülən ukraynalı uşaqların geri qaytarılmasını tələb edir.
Musavat.com