İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus elitası varis axtarışında - Oliqarxların qara günləri başlayıb

1555 18.07.2022 12:45 Yazarlar A A

Dəbdəbəli həyatları, yaxtaları, villaları, peşəkar futbol komandaları ilə tanınan rusiyalı milyarderlərin tanınma əlamətləri dəyişib. Rusiyanın Ukraynaya hücumundan sonra onları daha çox ölü vəziyyətdə tapırlar.

Avropa İttifaqı və ABŞ-ın sərt sanksiyaları oliqarxlara ağır zərbə vurub, Qərbin bank hesablarındakı milyardları dondurulub, mülklərinə həbs qoyulub.

Avropa Komissiyası aprel ayınadək rus oliqarxlarının 30 milyard avro dəyərində aktivlərini müsadirə edib. İsveçrədə 15 milyard, Britaniyada 30 milyard ABŞ dolları müsadirə olunub, tonlarla qızıla əl qoyulub.

Komissiyanın məlumatına görə, 6,7 milyard avro dəyərində olan gəmilərə, vertolyotlara, daşınmaz əmlak və sənət əsərlərinə əl qoyulub. Bundan əlavə, təxminən 196 milyard avro məbləğində əməliyyatlar bloklanıb.

Ümumilikdə müsadirə olunmuş sərvət 350 milyard avro dəyərindədir. Bu sərvət Ukraynanın yenidən qurulmasına xərclənə bilər.

Pulları müsadirə olunmuş oliqarxların Kreml şefinə təsirinin böyük olduğu söylənilir. Həmçinin dondurulmuş sərvətdən Ukrayna müharibəsində istifadə olunmasının qarşısı alınıb. Qərbin, xüsusilə də məxfi xidmətin əsas istəyi başqadır. Rus oliqarxları müsadirə olunmuş var-dövlətlərini geri almaq üçün Putinə qarşı çıxmalıdırlar.

Milyarder və bank təsisçisi Oleq Tinkov Putinin Ukraynadakı müharibəsini kəskin şəkildə pisləyib. O, Qərb mediasına müsahibəsində deyir ki, mühafizəçilər tutub, naməlum yaşayış yerində gizlənir.

Bir neçə aydır ki, Rusiyanın xəbər agentlikləri və müstəqil qəzetlər bir neçə rus oliqarxının ölü tapıldığını yazır. Fevralda “Qazprom”un top meneceri 61 yaşlı Aleksandr Tyulakov Moskvadakı mülkünün qarajında ​​kəndirdən asılmış vəziyyətdə aşkar edilib. Görüntü “intihar” olsa da, milyonçunun bədənində döyülmə izlərinin olduğu deyilir.

Leonid Şulman bir müddət əvvəl vanna otağında ölü tapıldı, müstəntiqlər onun biləyində bıçaq yaraları aşkar ediblər. Şulman “Qazprom İnvestholdinq”də nəqliyyat sənayesinə investisiyalara cavabdeh olan şöbə müdiri idi.

1652439598_30.png (1.64 MB)

Apreldə Kremlin keçmiş rəsmisi Vladislav Avayev özünü, ondan əvvəl isə həyat yoldaşı və qızını öldürüb. Avayevin “Qazprombank”ın maliyyə qurumu ilə əlaqəsinin olduğu bildirilir.

Aprel ayında İspaniyanın turistik Lioret de Mar şəhərində ispan polisi Sergey Protasenyanın cəsədini aşkar edib. Onun özünü asdığı, həyat yoldaşı və qızının da hadisə yerində öldüyü bildirilir. Protasenya uzun müddət Rusiyanın neft nəhəngi “Novatek”in baş mühasibi olub.

May ayında milyarder Aleksandr Subbotin 43 yaşında vəfat edib. O, enerji nəhəngi “Lukoyl”un keçmiş rəhbəridir. Subbotinin ölməzdən əvvəl bir şaman tərəfindən müalicə olunduğu və qurbağa zəhəri qəbul etdiyi bildirilir.

İyul ayında rusiyalı oliqarx Yuri Voronov villasının hovuzunda ölü tapılıb. “Daily Mail”in məlumatına görə, Sankt-Peterburqun dəbdəbəli qəsəbəsində yaşayan multimilyonçu başından güllə yarası alıb. Meyitin yanından tapança, hovuzun dibində boş gilizlər aşkar edilib.

Ukraynadakı münaqişənin getdikcə genişlənməsi rus elitasını və oliqarxları çətin duruma salıb. Oliqarxlar arasında ciddi fikir ayrılıqları yaranıb. Putinə yaxınlığı ilə seçilən milyarderlərdən sayılan Deripaska biznes rəqiblərini müxalifətə işləməkdə ittiham edib.

Mixail Fridman və Pyotr Avenin Qərbin sanksiya siyahısında yer tutmasına baxmayaraq, Deripaska onların ölkədə rejim dəyişikliyinə çalışdıqlarını iddia edir. Almaniyada 3 milyondan çox oxucusu olan “Focus” dərgisinin məlumatına əsasən, Rusiyada oliqarxlar Putinə varis axtarışına çıxıblar.

Rusiyalı politoloq Tatyana Stanovaya Ukrayna müharibəsindən sonra rus elitasının qara günlərinin başladığını və buna görə də Putindən üzlüşməyin yollarını aradığını iddia edir.

ABŞ-ın nüfuzlu Karnegi Fondunun analitik mərkəzinin dərc etdiyi məqaləsində Tatyana Stanovaya bildirir ki, Putinin qərarı və müharibənin gedişi Rusiya elitasında şok dalğaları yaradıb: “Elita ilkin şoku həzm etdi. İndi o, yeni reallığı qəbul etməyə və “uzunmüddətli ümidsizliy”ə uyğunlaşmağa çalışır”.

Oliqarxları “siyasi impotent” adlandıran politoloqun fikrincə, Putinin gələcəkdə ölkəyə rəhbərlik edə biləcəyinə dair ciddi şübhələr yaranıb: “Putin zəifləyib və onun dəstəyi dağılır. Lakin bu o demək deyil ki, Putinə yaxın olan hər kəs prezidentə qarşı üsyan etməyə hazırlaşır. Bunun baş vermə şansı əslində çox cüzidir. Rusiya elitası siyasi cəhətdən iflic vəziyyətindədir”.

Stanovayanın fikrincə, hətta kimsə öz maraqlarını güdürsə və ya mövcud vəziyyətə fərqli baxışa malik olsa belə oliqarxlar “siyasi cəhətdən acizdirlər”.

Siyasi cəhətdən nəyisə dəyişdirmək üçün siyasi mexanizmlər praktiki olaraq yoxdur.

Siyasi ekspert Stanovaya sözünə davam edir: “Putinin  “ipi dartan” kimi gücü getdikcə azalır. Amma yenə də o, yeganə “sabitliyin qarantı”dır. Onun davamçıları gələcəkdən qorxurlar və daim öz sıralarından gələn hücumların vahiməsi ilə yaşayırlar. Bir çoxları hələ də onları qoruya biləcək yeganə şəxsin Putin olduğuna inanır”.

Stanovayanın fikrincə, Qərbin sanksiyaları və ya bunun nəticəsində yaranan iqtisadi böhran Putini yıxmaq üçün yetərli deyil. Rus elitası Putindən azad olmağa çalışsa, bu tendensiya onun ətrafını əridəcək.

Təhlilçi yazır: “Putin getdikcə daha çox Rusiyadakı sistem üçün yükə çevrilir. Bundan sonra sistem öz rolunu minimuma endirməyin yollarını axtaracaq. O (və ya varis) dekorativ məqsədlər və sabitliyi qorumaq üçün zirvədə qala bilər”.

Elxan Həsənli, Sürix,
xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR