İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist müxalifət Paşinyana qarşı yeni kampaniyaya başlayıb - gizli məqsəd

840 02.12.2023 13:26 Siyasət A A

Politoloq: “Onlar sülh sazişini yubatmaq üçün ən müxtəlif yollara əl atır”

Ermənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, bu, artıq vəziyyətlə barışmaq müqaviləsidir. Ankara və Bakının yazdığı hər şeyi hazırkı erməni müzakirəçilər imzalayacaqlar. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika Partiyasının idarə heyətinin üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

“Ermənistan hakimiyyəti Bakı hansı tələbi irəli sürürsə onu yerinə yetirir. Bakı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, baş nazir Nikol Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi, Azərbayan anklavları istəyir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır.  Üstəlik, Ermənistanın yüksək vəzifəli məmurlarından birinin sözlərinə görə, artıq 4 kəndin məsələsi həll olunub”, - deyə o, yerli “24TV” kanalının efirində bildirib. 

Şarmazanovun bildirdiyinə görə, Ermənistanı təmsil edən müzakirəçilərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə heç bir təsəvvürləri yoxdur.     

Şarmazanovun dediklərində həqiqət payı var, yoxsa bu açıqlamalar sadəcə olaraq Paşinyan hakimiyyətinə qarşı olan siyasətçinin ittihamlarıdır?

Bu halda sülh sazişindən söhbət gedə bilməz" - Xəyal Bəşirov News 365

 Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda zaman-zaman Nikol Paşinyan hakimiyyətini ittiham edən bu cür fikirlərin şahidi oluruq. Bəzi məqamlarda əslində Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi qələbələri sanki Paşinyanın səriştəsizliyi, bacarıqsızlığı ilə əlaqələndirən iddialar irəli sürürlər. Bu fikirlər və iddialar əsassızdır: “Məqsəd bir tərəfdən Azərbaycanın güclü olmadığı barədə Ermənistan cəmiyyətində fikir formalaşdırmaqdır, digər tərəfdən Nikol Paşinyana qarşı erməni cəmiyyətində rəyi kəskinləşdirməkdir. Bu yolla revanşist qüvvələr gələcəkdə Nikol Paşinyanı mühakimə etmək üçün əsas yaradırlar. Hər bir halda Azərbaycan bu günə qədər Ermənistanla sülhə məcbur etmə prosesində əldə etdiyi bütün uğurları öz gücünə əldə edib. Ermənistan tərəfi Azərbaycanın qələbəsinin qarşısını almaq üçün hər şeyə getdi, hətta cəbhə bölgəsi olmayan şəhərlərimizə, dinc insanların üzərinə raketlərlə zərbə endirdi. Ancaq Azərbaycan öz haqq yolunda qətiyyətlə irəlilədi və qələbəni əldə etdi. Azərbaycan bundan sonra da haqlı mövqeyində israrla davam edəcək və istədiyinə nail olacaq. Azərbaycana aid olan bir qarış torpaq belə, Ermənistanın işğalı altında qala bilməz. Bunu Şarmazanov və onun kimlər yaxşı bilir. Bilirlər ki, Azərbaycan dediyini edir. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır. Bunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Lakin Ermənistan sülh sazişini yubatmaq üçün ən müxtəlif yollara əl atır. Bir tərəfdən də Şarmazanov kimi revanşist ünsürlər Paşinyanı devirib hakimiyyətə gəlmələri üçün xüsusi kampaniya aparırlar. Onun son dedikləri də bu kampaniyanın tərkib hissəsidir. Ermənistanın bugünkü acınacaqlı vəziyyətə gəlib çıxmasının kökündə bir zamanlar uzun müddət hakimiyyətdə olmuş indiki revanşist qüvvələrin yanlış siyasəti dayanır. Onlar Ermənistanı uçuruma sürüklədilər. İndi öz günahlarını öz üzərlərindən atmağa çalışırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR