İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı şahzadənin patriotluğu

1523 27.08.2022 16:55 Yazarlar A A

Adam şahzadələyin dadını çıxaracaq yaşa (19) çatarkən şah atası devrilib, taxt-tac əldən çıxıb, ailə xarici ölkələrə sığınmalı olub, yolları ABŞ-a, Fransaya, Misirə düşüb.

İranın 35-ci şahı Məhəmməd Rza Pəhləvi devrilməsəydi, hər şey sakit axarla davam etsəydi, şahzadə Rza Pəhləvi ölkəsinin 36-cı şahı olacaqdı. İndi o, atasının devrildiyi və öldüyü yaşı da arxada qoyub, amma hələ də şahzadədir və ömrü qürbətdə, mühacirətdə keçir, arzularla yaşayır.

Fəqət Rza Pəhləvinin, eləcə də Pəhləvi sülaləsinin əyan-əşrəfinin hakimiyyət ehtirası sönməyib, hər dəfə İranda kütləvi etiraz aksiyaları olanda, inqilab, üsyan havası duyulanda o da, şah idarəçiliyinin tərəfdarları da həyəcanlanır, aksiyalara böyük ümidlər bəsləyirlər. Və hər dəfə onların gözləntisi puç olur.

İndiki teokratik rejimdən narazı olan İran xalqı 1979-cu ildə üsyanla devirdiyi monarxiya quruluşuna yenidən biət etməyi ağlından keçirmir. Şahsevənlər, əlbəttə ki, var. Amma onların boyunlarını molla ipinə keçirmək fikrində deyillər. Şərqdə elə “zarafat”ları sevmirlər, cəzası ölümdür.

77.jpg (72 KB)

Rza Pəhləvi elə düşünmür, düşünür ki, nə qədər olmasa da, xalq öz şahının xatirəsini əziz tutar, onun hökmdar olmaq istəyən oğluna biət və itaət edər, rəğbət bəsləyər.

Şahzadənin bir neçə gün öncə verdiyi müsahibədə hakimiyyətə iddialı olduğunu büruzə verməsi bu üzdəndir. Bir neçə il öncə “monarxiyanı bərpa etmək fikrim yoxdur, mən respublkaçıyam” deyən Rza Pəhləvi son müsahibəsində İran dövlətini necə idarə etmək istədiyindən danışır.

O və ona suallar verən şahpərəst jurnalistləri hətta İranda islam rejiminin devriləcəyi təqdirdə separatizm meyllərinin şiddətlənəcəyi, yəni azərbaycanlılar yaşayan ostanların üsyana qalxacağı narahat edir. Şahzadə deyir ki, əsas məsələ İranın dövlətçiliyi və bütövlüyünü saxlamaqdır və buna nail olmaq üçün hazırkı İran ordusuna, SEPAH dəstələrinə və İran polisinə güvənəcək.

Yəni elə bir dəyişiklik olmayacaq, sadəcə, dövləti idarə edən ali hakim dairələr dəyişəcək. Niyyət belədir.

12345.jpg (103 KB)

Atası fars, anası Azərbaycan türkü olan şahzadə İranda inqilab istəyir və gözləyirsə, ancaq İranda baş verən bütün inqilabların hərəkətverici qüvvəsi olan türklərin hüquqlarının artması istiqamətində heç bir vəd vermirsə, o zaman o inqilabı kim edəcək və niyə etməlidir? Yalnız bir ailənin 43 ildən sonra yenidən iş başına keçib qaldığı yerdən davam etməsi üçünmü?

Üstəlik, şah Pəhləvinin dövründə İranda baş verənlər, kütləvi repressiyalar, kütləvi qətliamlar, xalqa verilən zülmlər, işgəncələr hələ də unudulmayıb. Düzdür, bütün bunlar klerikal rejim qurulandan sonra da davam etdi, hətta daha şiddətli oldu, amma bir zalımın zülmü ondan əvvəlki zalıma haqq qazandırmır və ona yenidən pənah aparmağa səbəb vermir.

 İndilikdə İranda monarxiyanın bərpası utopik ideyadır. 62 yaşlı şahzadənin sayları 2 milyondan çox olan iranlı mühacirlər arasında nə qədər böyük nüfuzu olsa da, onların çoxu ABŞ-da, Fransada, İngiltərədə, İsveçdə doğulub-böyüyüblər və İran üzü görməyiblər, həm də ata-babalarının İrandan qaçıb gəlib sığındığı ölkələrə tam uyğunlaşıblar, iş-güc, hörmət-izzət yiyəsi olublar. Onların İranla bağlı böyük arzu və iddiaları yoxdur, olsa-olsa valideynlərindən qalma vətən nostaljiləri var.

7766.JPG (17 KB)

                             Şapur Bəxtiyar və Şəhriyar Şafik

Şahzadəni var qüvvəsi ilə dəstəkəyə biləcək, şah hakimiyyətini bərpa etmək üçün qanını qaşıqa qoyacaq şəxslər isə hələ inqilabın ilk illərində inqilab tribunalının rəhbəri Sadiq Xalxalinin əmri ilə “İslam fədailəri” qrupu tərəfindən həm İranda, həm də xarici ölkələrdə bir-bir öldürülüblər. Bu sırada şahzadənin yeznəsi Şəhriyar Şafik, baş nazir Şapur Bəxtiyar, keçmiş nazir Rza Mazluman və yüzlərlə başqaları var.

Rza Pəhləvi nə qədər demokratiyadan-filandan danışsa da, İran millətçisidir. O, hələ 1981-ci ildə İran-İraq müharibəsi zamanı hərbi pilot olaraq müharibəyə qatılmaq üçün İran rəhbərliyinə müraciət edib, ancaq şahzadənin bu təşəbbüsünə müsbət cavab verilməyib.

Şahzadə İrandakı molla rejiminin siyasi hakimiyyətinin əleyhdarıdır, amma özünü qatı dindar adlandırır, Həcc ziyarətində olub. Bununla belə, o, hesab edir ki, İran dünyəvi dövlət olmalıdır, azad və ədalətli seçkilər keçirilməlidir. Pəhləvinin fikrincə, İranın konstitusiyalı monarxiya, prezident və ya parlament respublkası olmasını isə İran xalqı özü həll etməlidir.

İndi o, yalnız Pəhləvi ailəsinin başçısıdır. Kiçik qardaşı şahzadə Əli Pəhləvi 2011-ci ildə intihar edəndən sonra ailədə yeganə kişidir. 84 yaşlı anası Fərəh şahbanu sağdır, iki bacısından biri həyatdadır, digəri – Leyla isə 31 yaşında intihar edib. Rza Pəhləvi ilə Yasmin Pəhləvinin ailəsində üç şahzadə böyüyüb: Nur, İman və Fərəh.

Onun şah olaraq İranda hakimiyyətə gəlməsi möcüzə olar – həm də faciəvi möcüzə...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR