İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşadətin beləsi...

3196 10.11.2022 11:30 Yazarlar A A

 

Belə baxanda düz deyirlər ki, adi kriminal hadisə ölkənin ictimai-siyasi gündəminə oturmamalıydı. Bax, söhbətin hansı kriminal hadisədən getdiyini yazmıram, amma hamınız bilirsiniz ki, mətləb hansı mətləbdir.

Amma elə deyil, bu hadisə ölkənin ictimai-siyasi gündəminə çıxmalı, müzakirə predmeti olmalıydı və oldu. Xalq bilir hansı məsələ aktualdır və müzakirəyə layiqdir.

Hərçənd bəlkə də qətl törədən şəxs məşhur meyxanaçı olmasaydı, söhbət bu qədər şişməzdi. Məsələn, Yasamalda Rəşad adlı taksi sürücüsü İsgəndər adlı qonşusunu bıçaqlasaydı, bu informasiya saytların xəbər lentində gedərdi, amma sosial şəbəkədə buna dair nəinki minlərlə, hətta yüzlərlə və ya onlarla şərh yazılmazdı.

Məşhurların bəxti belədir, hansı addımı atırlarsa, xəbər olur – hətta maşınları cızılanda da, telekanallardan çəkiliş qrupu gəlir, çəkir, millətə göstərir.

Burada isə qətl törədilib, adam ölüb və bir tanınmış, istedadlı şəxs gedib girib türməyə.

Hadisənin detalları hələ açılacaq. Ortaya elə təfərrüatlar çıxa bilər ki, bu gün “yaxşı eləyib öldürüb” deyənlər “düz eləməyib” deyə bilər, hətta bəziləri “gərək İsgəndər Rəşadı öldürəydi” fikrinə gələrlər. Yəni təfərrüatları gözləyək, tələsməyək.

Fəqət biz həmişə olduğu kimi dərhal prokuror eynəyi taxır, hakim toxmağı götürür, vəkil mantiyası geyirik: ittiham, mühakimə, müdafiə edirik. Jurnalistlərimiz ayrıca öz üzərlərinə təhqiqatçı-detektiv missiyası götürür, hadisə şahidlərini danışdırır, ifadə alır, qətlin motivlərini araşdırır, hökm çıxarmağı isə oxucu-tamaşaçıların öhdəsinə buraxırlar.

İndilikdə biz gərək kütləvi şəkildə gözəgörünməzə şükür edək. Şükür edək ki, bura Amerika, Meksika deyil və hər arzu edənin belində tapança yoxdur. Yoxsa biz nə rəşadətlər göstərərdik.

ABŞ-dan günaşırı kafe-barlarda törədilən qətliam xəbərləri gəlir ha, bax, hamısı odlu silahların əlçatanlığı üzündəndir. Bizdə tapança alıb qurşamaq elə asan və qanuni olsaydı, qətliam statistikasına görə ABŞ-a çatar və ötərdik (bu da iqtisadi inkişaf deyil ki, SSRİ 60-cı illərdə “doqnat”-“pereqnat” edə bilməsin).

Yəni biz amerikalılara baxanda daha hirsli camaatıq, sadəcə, silahmız yoxdur, bıçaqla effektiv işləmək olmur. Qızmış adam kütləvi davada ən çoxu iki adam bıçaqlayır, üçüncüdə bıçağı əlindən alır, danaboyun edib aparırlar bölməyə. Bir də var, adam tapançanı çəkə, daraqdakı yeddi güllənin hərəsini bir adama vura. Hələ ehtiyat güllə darağı varsa, demək, dünya mediasının xəbərlər bülletenində yer alası hadisə törətmək imkanına malikdir.

Bu baxımdan şanslıyıq. Hökumət də qanacaq-qabiliyyətimizi, eləcə də sinir sistemimizdəki boşluqları bilir deyə odlu silah gəzdirməyə icazə vermir. Silahı olanlardan da tutub alırlar. Bəzən “yoldan, zibillikdən tapmış” kimi sənədləşdirdikləri də olur, amma eybi yox, mərdшməzarlıq nəyə lazımdır?

Xüləseyi-kəlam, 3-5 faiz sırf humanist və çox qorxaq adamları çıxmaq şərtilə səhər evindən kefikök çıxmış kişilərin mütləq əksəriyyəti axşam evinə yox, birbaşa polis bölməsinə aparıla bilər – qatil olduqları üçün. Hələ daha pis variant morqa aparılmaqdır. Heç kəsin bu ikisindən sığortası yoxdur.

Məsələn, adi yoldur, sürüb gedirsən, bir də görürsən, avaranın biri ya öz lüks avtomobilində, ya da böyrü-başı vuruq “07”-sində lotuluq edir, sağdan, soldan soxulur, hələ əlini pəncərədən çıxarıb sarsaq-sarsaq jestlər edir, ağzının tərpənişindən də hiss edirsən ki, sənə söyür. İlk reaksiya belə olur ki, köpəyoğlunun gədəsini saxlatdırıb eşşək qədər döyəsən. Sonra deyirsən, lənət şeytana. Bu yerdə fikir haçalanır. Yol da həmin momentdə haçalanırsa və üstündə yarım vedrə qan gəzdirən gədə cəhənnəm olub başqa istiqamətə gedirsə, yol münaqişəsi salam-səfa ilə bitir. Çox vaxt elə olur.

Bir də var, avara xuliqanı saxlatdırasan, düşən kimi cibindən bıçaq çıxara. Sən də məcbursan vintaçan götürəsən. Bəzi adamlar sırf belə situasiyalar üçün avtomobilinin baqajında beysbol çomağı (bita) gəzdirir. Deyirlər, Rusiyada bir dənə də beysbolçu yoxdur, amma hər il on minlərlə beysbol çomağı satılır. Sürücülər alır.

Ona görə də ehtiyatlı olmaq lazımdır. İnsanlar öldürülməkdən və adam öldürməkdən qorxmalıdırlar, bilməlidirlər ki, bir variantda həyat birdəfəlik bitir, ikinci variantda isə iztirablı həyat başlayır.

İndi elə çıxmasın ki, müəllif öyüd-nəsihət verməklə məşğuldur. Əlbəttə, yenə hamı özü bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR