İnsanlara hürriyət, millətlərə istiqlal!

Repetitorlar: təhsilin üz qarası, biznes şəbəkəsi, yoxsa...

1255 19.04.2023 10:43 Təhsil A A

Ekspertlər deyir ki, repetitorluq ləğv edilsə, ali məktəblərə qəbul olunanların sayı 20-30 faiz həddinə düşər

Hazırda repetitorluq Azərbaycan təhsil sisteminin ayrılmaz və aparıcı bir qoluna çevrilib. Universitetə hazırlaşan abituriyentlərin 90 faizinin fərdi müəllim yanına getdiyi heç kimə sirr deyil. Şagirdlərin repetitorlara müraciəti kütləvi hal almaqdadır. Bir neçə il öncə repetitorlara əsasən buraxılış illərində daha çox müraciət edilirdisə, artıq ölkəmizdə, xüsusilə də paytaxtda repetitor yanına ibtidai sinifdən şagird axını müşahidə olunur.

Mətbuatda Elm və Təhsil Nazirliyinin repetitor fəaliyyəti göstərən müəllimlərə qarşı tədbirlər görüləcəyi barədə məlumatlar yayılıb. Bəzi təhsil ekspertləri bu təkliflə çıxış ediblər, hətta deputatlardan da bu fikirdə olanlar var. Məsələn,  deputat Qüdrət Həsənquliyev repetitorluğun ləğvini təklif etmişdi. “Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir”? - deyə o bildirmişdi.

 “Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, repetitor fəaliyyəti dünyanın heç bir yerində ləğv edilməyib. Nazir bildirib ki, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər: “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək”.

Qeyd edək ki, bir müddət əvvəl repetitorların vergiyə cəlb olunacağı məsələsi gündəmə gəlmişdi. Repetitorlar vergi ödəyicisi kimi uçota alınmağa başlandı. Amma problem ondadır ki, repetitorların heç də hamısı uçota alınmayıb. Bildirilir ki, az hallarda repetitorlar özləri, əksərən isə vergi orqanlarının təkidi ilə uçota alınırlar.

Elçin Əfəndi: “İmtahanlar tədris ili başa çatdıqdan sonra keçirilə bilər” -

 Elçin Əfəndi

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a dedi ki, repetitorluq təkcə müstəqillik əldə etdikdən sonra yox, ondan əvvəlki dövrdə də ali təhsil müəssisəsinə qəbul olmaq üçün hansısa fəndən müəllim yanına üz tuturdular: “Nəticə etibarilə həmin şəxslərin müəyyən fənn üzrə bilikləri əldə etməsi onların ali təhsil müəssisələrinə qəbul olmalarına imkan yaradırdı. Amma günümüzün reallığı ondan ibarətdir ki, 2000-ci illərin əvvəllərindən artıq repetitorluq geniş vüsət aldı. Fənn saylarının çoxluğu artıq valideynləri bir deyil, bir neçə fənn üzrə hazırlığa qoymağa sövq elədi. Elə ailələr var ki, birinci sinfə gedən uşağı belə repetitor yanına qoyur. Dərd orasıdır ki, bu gün repetitor bazarında bəzi şəxslər var ki, tədris etdiyi ixtisas barədə özünün pedaqoji təhsili yoxdur. Yaxud da eləsi var ki, tamamilə yad bir ixtisas sahibidir, amma faktiki olaraq fəaliyyət göstərirlər. Bütün bunlar qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. Repetitorluğu təbii ki, ləğv edə bilməyəcəyik. Çünki bu təkcə bizim ölkəmizdə deyil. Amma günün reallığı ondan ibarətdir ki, ali təhsil müəssisələrinə hər il 80-90 min ərizə təqdim edilir. Onların içərisindən təxminən 48-50 min nəfər qəbul olur. Biz əgər repetitorluğu ləğv etsək, bu, təxminən 20-30 faiz həddinə düşər. Təsəvvür edin ki, orta məktəb biliyi əsasında ali təhsil müəssisələri cəmi 5-10 min adam qazanacaq. Nə qədər plan yeri boş qalacaq. Məhz bugünkü gündə tədris mərkəzləri, kurslar, repetitorlar sayəsində ali təhsil müəssisələri qazanır və qəbul aparılır. Burada sual "repetitorluğu ləğv etmək yox, qarşısını necə almaq olar" kimi qoyulmalıdır. Qarşısını almaq üçün qəbul imtahanı formatında dəyişiklik edilməlidir. Fənn sayı minimallaşdırılmalıdır. Bu gün hər hansı bir şagird 6-7 fənn üzrə deyil, 2-3 fənn üzrə bilikləri qiymətləndirilib, ali təhsil müəssisələrinə qəbul olub-olmayacağına aydınlıq gətirilməlidir. Hazırda valideynlər istismar olunurlar. Bir fənn üzrə 70-80 manat xərc çəkirlərsə, 6-7 fənn üzrə ən azı 420-500 manat, hətta bəziləri 1000 manat ödəniş etməli olur. Əgər bu gün valideyn övladına təhsili kənarda axtarırsa, bu o deməkdir ki, bu gün orta məktəblərdə verilən təhsil kifayət qədər keyfiyyətli deyil. Nəticədə orta məktəb proqramı ilə qəbul proqramı arasında bir ziddiyyət var. Qəbul imtahanında fənn sayı minimallaşarsa, artıq valideynlərin də xərc yükü, şagirdlərin də dərs yükü azalar".

Ekspert müəllimlərin vergi prosesinə cəlb edilməsi ilə bağlı suala belə cavab verib: “Ölkədə 160 mindən çox müəllim orta məktəbdə dərs deyirsə, onun yüz mindən çoxu repetitor fəaliyyəti ilə məşğuldur. Ondan kənarda isə 300-400 minə yaxın şəxs repetitorluqla məşğul olur. Onlar vergiyə cəlb edilsə, bu, büdcəyə əlavə vəsait daxil olması deməkdir”.   

Ekspert: “Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə  uyğundur” - 11.09.2021, Sputnik Azərbaycan

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dedi ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir: “Bunun səbəbləri kifayət qədər dərindir. Bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz”.

Ekspert əlavə edib ki, əslində təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb: “Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən "geri qaldıqları" üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Valideyn iki repetitora 200 manat verməkdənsə, 5 fəndən kursa göndərir, tədris mərkəzinə övladını və iki repetitora verdiyi haqqı ödəyir. Eləcə də, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR