İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Məmmədov qeyd dəftərindəki 60 milyonun kimə məxsus olduğunu AÇIQLADI 

5680 16.09.2022 19:44 Kriminal A A


“Baku Steel Company” MMC - poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

Sentyabrın 16-da keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri etiraz edib. Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbsdə olduğu üçün məhkəmə iclası təxirə salınmasını istəyiblər. Hakim isə bildirib ki, digər vəkillərin iştirakı ilə proses davam edə bilər.

Daha sonra təqsirləndirilən şəxs vəkillərin suallarını cavablandırıb.

Rasim Məmmədov bildirib ki, əvvəllər "Azəri-Çıraq-Günəşli" yatağında idarə rəisi olub.

"Orda idarə rəisi olan yeganə azərbaycanlı mən idim. Gəlirim "Baku Still Company"ni almağa imkan verirdi. O vaxt BP-nin nəqliyyat, yemək, işçi və yük daşımalarını mənim şirkətlərim həyata keçirirdi. Buna görə də kifayət qədər pulum var idi. 500 min qazancım olurdu. Hörmətli hakim, bu arada mən ilk milyonumu 26 yaşımda qazanmışam. "Baku Stell Company" şirkətini aldım. Bundan başqa, digər bir şirkətdən isə əldə olunan 53 milyon manatlıq gəlirin 25 faizi mənə qalmışdı. 2011-ci ildə həmin şirkəti tam aldım. 12,5 milyon manatı aeroportda həmin şirkətin nümayəndələrinə verdim. 4-5 torba pul idi. 125 kilo edirdi”.

Daha sonra vəkillər Rasim Məmmədova iş adamları Əşrəf Kamilov və Əli Kərimli ilə hansı əlaqələri olduğunu soruşublar. Belə ki, onlar Rasim Məmmədovun şirkətlərində rəhbər vəzifələr tutublar. Təqsirləndirilən şəxs deyib ki, onlarla yaxın tanışlığı yoxdur: “Əşrəfi bir dəfə Fazil Məmmədovun yanında görmüşəm. Onun yaxın dostudur. Əli Kərimlini isə ümumiyyətlə tanımıram. Mən onlardan hər hansı tapşırıq almamışam. Onlar “Baku Steel Company”nin fəaliyyətinə hər hansı maddi yardım etməyiblər. Pulu var idi onların? Mən Azərbaycan Sənaye Bankından kredit götürüb iş görmüşəm”.

Rasim Məmmədov sualları cavablandırarkən şirkətin rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiklərini deyib: “Şirkət 10 ildə 220 milyon manat qazanc əldə edib. Talama varsa, qazanc necə ola bilər? “Baku Steel Company”də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçir. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi. Və orada nüfuzlu adamların qohumları çalışır. Yeyinti olsa, gizlətmək mümkün olmazdı. Mənə deyirlər metalı baha qiymətə almısan.  Tonunu 450 manata almışam da. Bu gün “Baku Steel Company” 520 manata alır”.

Hakimlər Rasim Məmmədovdan şirkətin hansı formada fəaliyyət göstərdiyini izah etməsini istəyiblər. İş adamı deyib ki, metalı baha qiymətə almaq vacib deyildi, əsas olan çox mal almaq idi: “Soba onsuz da işləyirdi. 20 min ton da olsa, 50 min ton da olsa qoşurduq. İşçi səhərdən axşama kimi otursa da eyni maaşı alırdı, bütün gün işləsə də. Ona görə bizə vacib idi ki, metalı baha alsaq da, sobaya daha çox mal ataq. Beləcə işıq pulundan , işçi maaşından qənaət etmiş olurduq”.

Rasim Məmmədov deyib ki, onun qeydlər apardığı dəftərdə göstərilən 60 milyon manat özünə məxsusdur: “O pul öz pulumdur. Çünki şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada pul silmək mümkün deyil.

İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. Əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pul ödətdiriblər mənə.
2015-ci ildə Şahin Mustafayevlə bir italyan şirkəti ilə 1,2 milyard manatlıq müqavilə bağladıq. Amma sonradan iş alınmadı.

Bizdən armatur almaq istəyən xarici şirkətlər deyirdilər ki, malı 750 manata alacağıq. Amma sənəddə 1000 manat göstərin. Yerdə qalan pulu da “otkat” kimi geri qaytarırdıq. Oradan hər hansı qazancımız olmayıb. Yəni xarici satışdan 60 milyon manat qazanc əldə etməyimiz doğru deyil”.

Rasim Məmmədovun vəkilləri deyib ki, Dövlət Gömrük Komitəsindən rəsmi sorğu verərək “Baku Steel Company”nin xarici satışları ilə bağlı bütün məlumatları alıblar. Həmin məlumatlar məhkəməyə təqdim edilib.

Proses sentyabr 19-da davam etdiriləcək.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR