İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Rövşənə plagiat ittihamı - ünlü qələm əhli deyir ki...

2082 12.08.2023 11:46 Gündəm A A

Sabir Rüstəmxanlı: "Ramiz Rövşən kimi şairə bunu "yapışdırmaq" doğru deyil"

Qulu Ağsəs: “Fikrimcə, bu məsələdə bir yanlışlıq var”

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənin “Ruhum, dur, yığış gedirik, sən yuxarı, mən aşağı” şeirinin plagiat olması barədə məlumatlar yayılıb. Sözügedən şeirin türkiyəli şair Nəcib Fazıl Kısakürəyə aid olduğu iddia edilir.

Bir qisim isə hesab edir ki, kimlərsə şeiri türkcəyə tərcümə edərək qarışıqlıq yaratmaq niyyətindədir. Müzakirələrə qoşulan azərbaycanlı şair və yazıçılar isə sosial şəbəkələrdə Xalq şairimizi müdafiə ediblər.

Mövzu ilə bağlı mediaya danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev də ədəbiyyat camiyəsi ilə həmfikirdir. Onun sözlərinə görə, R.Rövşənin kiminsə şeirini oğurlamasına ehtiyacı yoxdur: “Mənim bu müzakirələrdən xəbərim yoxdur. Onu bilirəm ki, Ramiz Rövşən böyük şairdir və onun özgənin şeirini götürməyə ehtiyacı yoxdur, vəssalam! Ayrı bir şey deyə bilmərəm”.

Nə üçün Ramiz Rövşənə qarşı belə bir iddia ortaya atılması ilə bağlı suala cavab olaraq isə  AYB sədri “bu sualı Ramiz Rövşənə versəniz, daha yaxşı olar” söyləyib.

Bəs türkiyəli şair Nəcib Fazıl Kısakürəy kimdir?

Qısa arayış üçün bildirək ki, Nəcib Fazıl Qısakürək 1904-cü il mayın 26-da İstanbulda anadan olub. İbtidai və orta təhsilini Amerikan və Fransız kollecləri ilə “Bəhriyyə” məktəbində (Hərbi Dəniz Liseyi) alıb. O, Cümhuriyyət dövründə şeir, hekayə, pyes, xatirə və s. növdə əsərlər qələmə almış, ustad və “Səkilər şairi” (“Kaldırımlar şairi”) kimi tanınan, 120-dən çox əsəri olan Türk şairidir.

Bəs Ramiz Rövşən həqiqətən Nəcib Fazıl Kısakürəkdən “oğurlayıb”mı?

Sabir Rüstəmxanlı məmurlardan ŞİKAYƏTLƏNDİ

Mövzu ilə bağlı Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışdı: “İlk öncə qeyd edim ki, Nəcib Fazıl Kısakürək ötən əsrdə yaşamış şairdir və ona aid nə varsa hamısı ortadadır. Ədəbiyyatda belə şeylər olur ki, insanın oxuduğu bir şey sonra mexaniki şəkildə beynində ilişib qalır, sonra bu, qəsdli şəkildə etmədən, xüsusi plagiatlıq, oğurluq niyyəti olmadan şeirlərinin arasına, içinə gəlib düşə bilər. Ramiz Rövşən kimi şairə bunu ”yapışdırmaq" doğru deyil. Lap tutaq ki, onun bir şeiri bu cürdür, bəs digərlər yazıları? Bu məsələni ajiotaja çevirmək, Ramiz Rövşənə qarşı kampaniyaya çevirmək doğru deyil.

Ədəbiyyatda yüzlərlə ideyalar havada dolaşır, fikirlər, duyğular bəzən çarpazlaşır, paralelləşir, eyni zamanda, bir insanın beyninə gələn fikir, söz başqasının da beyninə  gələ bilir. Bir daha qeyd edirəm ki, Ramiz Rövşən də nə zamansa Nəcib Fazıl Kısakürəyi oxuya bilər, onun hansısa misrası beynində sürüşüb qala bilər. Amma bu xüsusi qəsd deyil".

Xalq şairi son vaxtlar sosial şəbəkələrdə qaragüruhluğun artmasından, ziyalı insanların gözdən salmağa çalışılmasından gileyləndi: “Ümumiyyətlə son vaxtlar cəmiyyətimiz anlamadığımız şəkildə inkişaf  edir. Yəni kobudluq, vəhşilik, inkarçılıq, çörəyi dizinin üstündə olmaq, kiminsə sözündən yararlanıb verdiyi tərbiyə ilə böyüyüb, sonrada ona qarşı çıxmaq, görülən bütün işləri danmaq, qara yaxmaq, görməzdən gəlmək hər şeyi aqressiv qarşılamaq baş alıb gedir. Sanki bəzi insanlar evindən çıxanda dişlərini qıcayıb çıxır, ”görəsən bu gün nəyə rast gələcəm, onu yeyim, qapım, dağıdım" deyə.

Məsələləri kin-küdrətlə deyil, sevgi ilə müalicə etmək olar. Biz hansı fəlakətli yollardan, necə böyük düşmənlərin arasından keçib gəlmişik və bu gün də həmin düşmənlərin arasındayıq. Amma bu gün də o düşmənlərin arasında ola-ola, özümüzə qarşı düşmən olmağımız ağılsızlığın, şüursuzluğun əlamətidir. Bu gün sosial mediamız təhqirlər, aşağılayıcı, dəqiq olmayan informasiyalarla  doludur. Özü heç kim olmaya-olmaya başqasına qara yaxmaq artıb. Bu mədəniyyətin aşağı olmasının əlamətidir.

Təəssüf ki, sosial medianı intiqam savaş meydanına çeviriblər. Burada çox pis bir proses müşahidə olunur. Ağılsızlar ağıllılara, cahillər ziyalılara, dünyadan xəbərsizlər alimlərə, iş görə bilməyənlər bacarıqlılara qara yaxır. Görünür ki, bunlar idarə olunan prosesdir və millətin dəyərli adamlarını dəyərsiz göstərməyə çalışırlar. Guya bunu etməklə dəyər qazanırlar, əksinə, özləri öz kinləri  içərisində boğulub gedirlər".

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsdən yeni şeirlər

Əməkdar jurnalist, şair Qulu Ağsəsin məsələyə münasibəti belə oldu: “Nə Ramiz Rövşən Nəcib Fazıl Kısakürəkdən, nə də o, Ramiz Rövşəndən götürüb. Fikrimcə, ortada bir yanlışlıq var. Yəni çox mümkündür ki, Ramiz Rövşənin şeiri türkcəyə tərcümə olunub və yanlış olaraq Nəcib Fazıl Kısakürək adından paylaşılıb. Amma anlaşılan deyil ki, bu məsələ niyə belə böyük ajiotaj yaradıb.

Məsələn, mənim “Ağdam” şeirimi Rəşad Məcid səsləndirib və “Tik-tok” sosial şəbəkəsində şeirin müəllifi Rəşad Məcid kimi qeyd olunur və yaxud aparıcı Günay Yermalqızının adından gedir. Yəni bu cür şeylər olur.

Türkiyədə Ramiz Rövşəni və digər görkəmli şairlərimizi o qədər də tanımırlar. Əsas tanıdıqları Bəxtiyar Vahabzadə və Şəhriyardır. İndi də adamlar yaxşı nə varsa onun adına çıxardırlar, bu da ona qarşı olan böyük sevgilərindən irəli gəlir. Ramiz Rövşən ondan heç nə götürməyib, bu mümkün də deyil, eləcə də Nəcib Fazıl Kısakürək Ramiz Rövşəndən heç nə götürməyib. Sadəcə, Nəcib Fazıl Kısakürəy sevərlərinin bu misra xoşlarına gəlib və onun adından paylaşıb".

“Azərbaycan plagiat şair varmı” sualımıza Qulu Ağsəs bu cür cavab verdi: “Əlbəttə ki, bu olub, indi də var və ölkəmizdə bunu tənzimləyən heç bir qurum yoxdur. Ona görə də biz heç kəsə sən oğrusan deyib, günahlandıra bilmərik. Şəxsən mən öz yazımın 50 dəfə əks sədasını, misralarımın oxşarını görmüşəm. Sadəcə mən başqası kimi gedib onu əqli mülkiyyətim kimi qeydiyyatdan keçirməmişəm”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR