İnsanlara hürriyət, millətlərə istiqlal!

Quttereş Ağdama nə vaxt gedəcək?

885 28.04.2022 15:39 Yazarlar A A

BMT-nin Baş katibi Antonio Quterreş Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla müzakirələrdən sonra Rusiya lideri Valdimir Putinlə görüşdü və sonuncu dayanacağı Ukrayna oldu. Keçirdiyi görüşlərdən sonar dediyi “Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”, fikri də çarəsizliyin nümayişi sayıla bilər.

Vaxtilə ABŞ da BMT-ni “yuxuya verib” İraqa ordu yeritmişdi. Onda da bu, beynəlxalq təşkilat İraqın darmadağın olunmasının qarşısını almaq üçün heç nə edə bilmədi. Ərəb dünyasındakı sonrakı savaşlarda da eləcə. Azərbaycan əraziləri 30 ilə yaxın işğal atında qaldı, BMT Təhlükəsizlik Şurasının kağız üzərindəki 4 qətnaməsi kimi. BMT-nin qətnamələrini sonda Azərbaycan ordusu təkbaşına icra etdi.

İndi də Ukraynanın şəhərləri yerlə bir olur… Cənab Quttereş Kiyev ətrafında yer üzündən silinmiş Borodyankaya, həmçinin dəhşətli soyqırımın törədildiyi Buça şəhərinə gedib. Kadrlara baxanda nə qədər çarəsiz olduğu üzündən hiss olunur, dünyanın qos-qocaman təşkilatının. Amma deyir “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək”. Yəni görüşlərin mənası yoxdur. Əslində elə belə də deyib. Sitat: “İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”.

Aha, maraqlıdır, bəs, elə isə niyə 30 il idi Azərbaycanı işğalçı Ermənistanla boş, mənasız danışıqlar aparmağa vadar edirdiniz? Guya bilmirdinizmi ki, Ermənistan əslində oyuncaqdır, bu işğalın arxasında dayanan qüvvələr var. Elə isə niyə hələ də əl çəkmək istəmirsiniz, cəhənnəm olmuş Minsk Qrupunu “süni nəfəs aparatı”na qoşub da, yenidən bölgəmizə soxmaq istəyirsiniz? Özü də Ukraynadakı müharibənin bitməsini “nə vaxt istəsə” dediyiniz Rusyanın da iştirakı ilə. Necə olur Rusiya Ukraynada işğalçı, soyqırım törədən, qatildir, amma Qarabağ məsələnə gələndə “mələk”, sülhməramlı, Minsk Qrupunun həmsədr ölkəsi?

Başqa bir məqam. Ukraynalıların soyqırıma məruz qalmasından, şəhərlərinin yerlə bir olmasından üzüntüsünü ifadə edən BMT Baş katibi nəyə görə indiyədək yolunu Azərbaycanın darmadağın olmuş şəhər, rayon və kəndlərindən salmayıb? Ermənistanla müharibə il yarımdır bitib, Qarabağın yenidən qurulması istiqamətində gərgin işlər gedir, bəs, BMT Azərbaycana bununla bağlı hansı dəstəyi vermək istəyir?

Azərbaycan çətin günlərində belə, pandemiya ilə mübarizədə BMT-nin təşəbbüsünə qoşuldu, 30-dək ölkəyə yardımlar göndərdi, hətta bu, Vətən Müharibəsi dönəmində də davam etdi. Ancaq BMT Baş katibi Azərbaycan Prezidentinin pandemiya ilə bağlı müraciətinə qarşı çıxan Ermənistanı sözdə də olsa, qınamadı, ona yerini göstərmədi.

Cənab Quttereş niyə Azərbaycanın 20 faiz ərazisinin, mədəniyyət abidələrinin darmadağın edilməsini görmək üçün təşrif buyurmur? Kimdən, nədən çəkinir? Ermənilərdən, yoxsa Rusiyadan? Şuşada BMT-nin Bakı ofisinin iştirakı ilə keçirilən tədbirdən sonra bu qurumun İrəvandakı təmsilçisini az qaldılar məşhər ayağına çəksinlər. Amma BMT Baş Assambleyası çərçivəsində rəsmi İrəvana “qulaqburması” verilmədi. Vaxt var idi bu qurumun tribunasından Xocalı cəlladı Serj Sərkisyan çıxış edirdi, unutmamışıq. BMT Xocalı soyqırımını törədən, “Xocalıyadək azərbaycanlılar onlarla zarafat etdiklərimizi düşünürdülər”, deyən caniyə tribuna Verdi illər boyunca. Hətta Azərbaycanın ərazi bütövlüyünə Baş Assambleyada “bitərəf” qalan vasitəçiləri də gördük. Bütün bunlar Azərbaycan ərazilərinin dərhal azad edilməsini tələb edən qurumun ali orqanında baş verdi. Nələr görmədik ötən illərdə? Heç olmasa indi BMT rəhbərliyi nədən Ermənistanın darmadağın etdiyi Qarabağa səfər etmək istəmir? Buççada, Mariupolda heç olmasa evlərin qalıqları qalıb, Ağdamda məsciddən başqa bir tikili “sağ” saxlanılmayıb, Quttereş niyə gəlib baxmaq istəmir?

Bu günlərdə Ukrayna və Azərbaycan-Qarabağ mövzusunda çox misallar çəkmək olar. Ukraynaya Azərbaycan da humanitar dəstək verir, baxmayaraq ki, savaşdan yeni çıxmışıq, yüz milyardlarla dollarlıq işlər görülməlidir, Qarabağın yenidən qurulması üçün. Əslində Ermənistanın böyük miqdarda təzminat ödəməsini elə BMT rəhbərliyi tələb etməlidir, burada faktlar öz sözünü deyir, Azərbaycanın xüsusi canfəşanlığına zərurət olmamalıdır. Amma davranışlardan görünən budur ki, Beynəlxalq Məhkəmə də ötən illərdə törədilmiş cinayətlərin üstündən keçilməsinə çalışır, yəni “nə oldusa, oldu, boş verin, qonşusunuz” və sair nağıllar...

Buyurun, Qarabağa da gəlin, cənab Quttereş. Görün əsl soyqırım, əsl müharibə cinayətləri necə olur. Qəbristanlıqlarımızı da yer üzündən silib erməni qatillər. Gəncədə yerlə bir edilmiş binada həlak olan körpələr də ukraynalı balalar kimi günahsız idilər, unutmayın!

Əslində Azərbaycan əsgərinə təşəkkür borcunuz da var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR