İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüsur tapanda sevinən paranoiklər, qərəzkarlar...

2173 15.07.2022 08:05 Yazarlar A A

 

Ötən ayın bu vaxtları saytımızda bir texniki qüsur gedib. Gənc əməkdaşımız “Yeni “səkkizlik” yaranır – aralarında Türkiyə də var” başlıqlı yazıya illüstrativ şəkil yerləşdirmək üçün Google axtarış saytında qardaş ölkənin xəritəsinin gözəgəlimli şəklini tapıb, sayta qoyub.

Heç demə, həmin xəritədə Türkiyənin sərhədləri 1-2 santimetr o yan-bu yana imiş, qonşu dövlətlərin ərazisinə girir, o cümlədən Naxçıvanı “götürürmüş”, ancaq saytımızın admini buna fikir verməyib. Bəlli bir müddətdən sonra digər əməkdaşımız xəritənin ölçülərinə fikir verib, ana fotonu dəyişdirib, daha effektiv şəkillə əvəzləyib və texniki xəta aradan qaldırılıb.

Fəqət şəklin bir müddət saytın ana səhifəsində qalması kifayət edib ki, bədxahlar onu skrin-şot edib saxlasınlar və zamanı gəldiyində ondan kompromat kimi istifadə etsinlər.

İki gündür rastıma çıxır, sosial şəbəkədə həmin təhrif olunmuş xəritənin saytımızda gedən materialı müşayiət etməsini göstərən şəklin skrin-şot edilmiş variantını paylaşır, media qrupdan, qəzetin təsisçisi Rauf Arifoğludan cavab verməyi tələb edirlər.

Bəziləri hətta əlaqədar orqanları görəvə çağırır. Naxçıvanın “Türkiyəyə birləşdirilməsi”ni Türkiyə və Azərbaycan arasında nifaq salmaq təşəbbüsü kimi qələmə verənlər, təhrif olunmuş xəritənin dərcini “vətənə xəyanət” kimi tövsif edənlər var.

Adam bu paranoidal-isterik kampaniyaya baxır və düşünür ki, nə yaxşı, ötən əsrin 30-cu illəri deyil, yoxsa Stalinlə bağlı bir hərflik səhvə (“qlavnokomanduyuşiy” sözü “qavnokomanduyuşiy” kimi gedibmiş) görə Qazaxıstanda bir qəzetin bütün redaksiya heyətinin güllələnməsi ilə nəticələnmiş hadisənin eynisi təkrarlanardı, hamımız əlli-ayaqlı gedərdik.

Düşüncə həmin düşüncədir, bir adamdan, onun buraxdığı qəzetdən xoşun gəlmirsə, adi texniki qüsuru üfləyib böyüdür, bir yalan uydurub yeridir, itələyib, “vətənə xəyanət” maddəsinin altına salırsan, torbasını tikir, başını yeyirsən, sonra rahatlıq tapırsan. Hələ yaxşı ki, kiminsə nə məqsədləsə tərtib etdiyi, daha dəqiqi, rənglərini dəyişdirdiyi xəritədə Naxçıvan Türkiyənin rənglərinə bağlı olub, İranın və ya Ermənistanın yox. Elə olsaydı, bu işin altından çıxmaq olmazdı. Yəqin ki, qərəzkar paranoiklər aidiyyatı dövlət strukturlarının binalarının önündə “vətən xainləri”nin cəzalandırılması tələbi ilə piket-filan keçirərdilər.

Açığı budur ki, bu texniki qüsurdan nəinki media qrupun təsisçisinin xəbəri olmayıb, hətta saytın baş redaktoru olaraq dünən Feysbuk paylaşımlarından xəbər tutmuşam ki, belə bir şey olub.

Onlayn rejimdə çalışırıq, gün ərzində sayta 200 civarında xəbər qoyur, o xəbərlərə 500-ə qədər şəkil yerləşdiririk. Mühəqqəq, hər gün N qədər qüsurlar (hərf səhvləri, yanlış şəkillər və s.) da gedir, sonradan ya özümüz görür, düzəldirik, ya da xeyirxah oxucularımız siqnal verir, nöqsanı aradan qaldırırıq. Bədxahlar isə o qüsurların şəklini kəsib saxlayır, sonradan paylaşaraq ya qəzetimizi gözdən salmağa çalışırlar, ya da öz aləmlərində R.Arifoğluya zərbə vurmaq qəsdinə dolurlar.

Bu, heç stəkanda fırtına yaratmaq da deyil, bu, hamam vannasını çalxalayıb suyunu öz üst-başına tökməkdir.

Günortadan sonra patriot olanların bu kimi cəhdləri artıq hiddət yox, gülüş doğurur. Əlacı kəsilmiş bekar adamlardır, bütün günü oturub izləyirlər, vay amandır, hansısa diplomatın, məmurun, deputatın keçirdiyi görüşdə fonda görünən dövlət bayrağımız qırışlı olsun, yaxud düz asılmasın, elə bir qovğa-mərəkə başlayır ki, sanasan, elə həmin şəkillə də dövlətçilik əldən gedib. Bu kimi formalizmə dayanan isterika üzündən gərək diplomatlarımız hansısa görüşdə iştirak edərkən dövlət bayrağımızın qoyulma (asılma) tərzini, rənglərinin simmetriyasını və orijinala uyğunluğunu (yaşıl çox açıq, göy çox tünd, qrımızı solğun ola bilər), parçanın səliqəli ütülənmiş olub-olmamasını kontrol eləsinlər. Çox yox, buna təxminən yarım saat vaxt lazımdır... Amma kənardan dəlilik kimi görünməzmi?

Biz Türkiyə-Azərbaycan dostluğundan yazanda, hələ sovet vaxtı bu üçrəngli bayrağımızı qaldırdığımıza görə döyüləndə, təqib olunanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşularaq rus əsgəri ilə əlbəyaxa davaya çıxanda ata-anası bir-birilə tanış belə olmayan, müstəqillik dövründə doğulan uşaqların gəlib bizə dövlətçilik, bayraq, himn dərsi keçməsi adamı çox sinirləndirir. Onların bunu səmimi şəkildə etməsi belə adamları qıcıqlandırır, o da ola qərəzlə, məkrli niyyətlə edəndə.

Qərəzkarlar özlərinə gəlsinlər, nəfəslərini havayı tükədirlər. Müasir dövrdə texniki qüsurlara görə heç kəsi güllələmirlər. Amma kimsə bunu vətən təəssübkeşliyi ilə edirsə, 5 saniyəyə qüsuru diqqətimizə çatdırıb, həllinə nail ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR