Quba rayonunda rus mənşəli adlar daşıyan yaşayış məntəqələrinin yeni adları artıq rəsmi olaraq yol nişanlarında da əks olunub.
Musavat.com xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi qanun və imzaladığı müvafiq sərəncama əsasən, rayonda 3 yaşayış məntəqəsinin və 2 inzibati ərazi dairəsinin adı dəyişdirilib.
Belə ki, Alekseyevka inzibati ərazi dairəsi Çinarlı, Timiryazev qəsəbəsi Bəhrəli, Vladimirovka kəndi isə Elbir adlandırılıb.
Ərazidən lentə alınan görüntülərdə yeni adları əks etdirən yol nişanlarının artıq quraşdırıldığı görünür. Bununla da yaşayış məntəqələrinin yeni adları rəsmi istifadəyə verilib.
Yerli sakinlər uzun illərdir gözlədikləri bu qərarın dövlət səviyyəsində reallaşmasını məmnunluqla qarşıladıqlarını bildiriblər.
Şahanə Rəhimli
Musavat.com






