Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan baş nazirinin müavini ilə Ermənistana neft və neft məhsullarının ixracı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bunu “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.
Qriqoryan Bakı ilə İrəvan arasında yanacaq tədarükü ilə bağlı konkret razılaşmanın olub-olmadığına dair suala belə cavab verib:
“Bəli, danışıqlar aparılıb və əməkdaşlıq üçün imkanlar mövcuddur”.
O vurğulayıb ki, növbəti addımlar artıq özəl ixracatçı və idxalçı şirkətlər vasitəsilə həyata keçiriləcək və mümkün razılaşmaların şərtləri bazar prinsiplərinə əsaslanacaq.
Baş nazirin müavini hansı erməni şirkətlərinin yanacaq alışı planlaşdırdığı, həcmlər və qiymətlərlə bağlı məlumat verməyib. Bildirib ki, bu məsələlər bazar əməkdaşlığı çərçivəsində formalaşacaq.
Mher Qriqoryan həmçinin qeyd edib ki, iki ölkə arasında danışıqlar qarşılıqlı ticarətin digər sahələrini də əhatə edir, lakin detalları hələlik açıqlamayıblar.
Musavat.com






