İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama hərəkatının qızıl dövrü- Qənirə Paşayevanın yazısı

358 11.07.2022 18:28 Yazarlar A A

 

Qoşulmama Hərəkatının (QH) özünəməxsus tarixi var və bu tarix içərisində,  Azərbaycan Prezident İlham Əliyevin Hərəkata sədrlik illəri özü bir xüsusi tarixi hadisədir. Müəyyən qədər məlumatı olan hər kəs təsdiq edər ki, QH, Azərbaycan bu quruma üzv olduqdan və ölkə başçısı sədr seçildikdən sonra, yeni üfüq qazanıb, gündəliyi daha da zənginləşib, beynəlxalq nüfuzu, cazibədarlığı artıb.

Danılmaz faktdır ki, Azərbaycan Respublikasının QH-yə sədrliyi həyata keçirən ölkə olaraq irəli sürdüyü təşəbbüslər, ilk sırada həmrəyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, bir sözlə, Hərəkatın institusional inkişafına yönəlib. Bakı konfransında da vurğulandığı kimi, belə bir inkişaf strategiyası dünyada hazırda müşahidə olunan qlobal qütbləşmənin, ərzaq, enerji və digər humanitar böhranların, habelə müharibələrin qarşısının alınması, mürəkkəb, münaqişəli vəziyyətlərdən daha az itki ilə çıxmaq üçün təsirli ola bilər.

Qurumun Parlament Şəbəkəsinin cari ilin iyun ayının son günü keçirilmiş Bakı konfransı da, bu deyilənlər baxımından çox əlamətdar oldu. Bu, ilk növbədə institusionallaşmanın güclənməsi ilə bağlıdır. Bəli, qürurla vurğulayırıq ki, Hərəkatın Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil və başqa bir önəmli təşəbbüs kimi Gənclər Şəbəkəsini qeyd edə bilərik. Bunlar QH-nin institusional inkişafı üçün son illər atılmış təqdirəalyiq səmərəli addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda QH-nin Dəstək Ofisinin yaradılmasıdır.

Hərəkatın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Parlament Şəbəkəsinin iyun ayının son günü keçirilmiş Bakı konfransında çıxışı bu və digər önəmli mövzularda yol xəritəsini cızdı.

Bəlli, olduğu kimi, QH BMT-dən sonra ən böyük ikinci beynəlxalq təsisatdır. Bəli, Hərəkat getdikcə daha faydalı, səmərəli platforma ola bilər. Ümumən parlament diplomatiyası, parlamentlərarası münasibətlərin inkişafı önəmli istiqamət təşkil edir. QH-də bu planda institusionallaşma yalnız üzvü ölkələr arasında həmrəyliyə töhfə olmaqda qalmayıb, eləcə də, müxtəlif parlament qurumları ilə işbirliyini inkişaf etdirmək baxımından faydalıdır.

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Hərəkatda sədrliyi beynəlxalq səviyyədə həmrəyliyə daha çox ehtiyac olduğu dönəmə düşüb. Bu, ilk növbədə “COVID-19” pandemiyası ilə əlaqəliydi. Azərbaycan və Azərbaycan Prezidentinin sədrliyi ilə QH beynəlxalq meydanda pandemiya ilə mübarizədə öz mühüm rolunu fəal surətdə oynadı. Özü də, bu, “COVİD-19”la bağlı ilk beynəlxalq humanitar səfərbərlik çağırış və praktikalarından biri oldu.

Qısaca xatırladaq:

Pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Hərəkatın onlayn Zirvə toplantısı keçirildi, vacib müzakirələr aparıldı və bunun önəmli, praktik nəticələri oldu.

Azərbaycan QH-nin sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Bu yerdə, böyük minnətdarlıqla vurğulayırıq ki, QH və QH-yə üzv ölkələr Azərbaycanın öz haqq işinin müdafiəsi və tarixi Zəfərin beynəlxalq səviyyədə etirafında öz töhfələrini əsirgəmədi. 30 il boyunca dünyada çox böyük ədalətsizliklə üzləşmiş ölkə olaraq Azərbaycan üçün bunun mənəvi dəyəri, hüquqi, siyasi, diplomatik dəyərindən az deyil. Necə deyərlər, heç nə unudulmur, heç kim yaddan çıxmır.

Əlbəttə, Ermənistanın Azərbaycan torpaqlarını uzunmüddətli işğalı faktı yalnız Azərbaycana deyil, bütövlükdə regiona öz mənfi təsirlərini göstərir, kommunikasiyaları bloklayır, yüzminlərlə insanın ən adi hüquqlarını kobud surətdə pozurdu. Və bu, yalnız regional təsirləri ilə deyil, beynəlxalq səviyyədə çox mənfi presedentlər yaratması ilə səciyyələnirdi. Ona görə də, Azərbaycanın qələbəsi bir ölkənin qələbəsi olmaqdan çıxıb, beynəlxalq sülhə, ədalətə, əmin-amanlığa xidmət edən qlobal hadisə dəyərindədir. Azərbaycanın qələbəsi QH-nin təməl prinsiplərinə tam uyğunluq təşkil edir.

QH-nin, digər bir sıra beynəlxalq qurumların və ədalətli ölkələrin bizim haqq işimizə dəstəyi tarixin altın səhifələrində gələcək araşdırmaçılar tərəfindən öyrəniləcək, təqdir olunacaqdır.

15719-1572007405.jpg (317 KB)

Sözlərimi Azərbaycan Prezidentinin nitqindən sitatla bitirirəm. Bu sitat Hərəkatın gələcəyini aydınlaşdıran yol xəritəsi sayıla bilər:

“Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

1623140729_60344957_426411097917481_8436087450413039616_n.jpg (1005 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR