İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçovu əclaf və yaramaz sayan Titarenko- Ömrünün sonuna qədər xəstəxanada saxlanılıb

2795 24.09.2022 15:55 Yaxın tarix A A

 

“O, əclaf və yaramazdır. Mən bu ifadələri söyləməkdən çəkinmirəm və heç kimdən qorxmuram...” Bu ifadələri 1985-ci ildə şair Yevgeni Titarenko SSRİ-nin ilk və sonuncu prezidenti, həmin dövrdə isə Mərkəzi Komitənin baş katibi olan Mixail Qorbaçovun ünvanına söyləyib. Məhz bundan sonra Yevgeni Titarenko məcburi şəkildə Voronejin Orlovka qəsəbəsində yerləşən psixiatriya dispanserinə yerləşdirilib.

Yevgeni Titarenko kim olub, şairi Qorbaçovun ünvanına bu ifadələri işlətməyə nə vadar edib?

1935-ci ildə Altay diyarının Rubtsovo rayonunda anadan olan Titarenkonun böyük bacısı Raisa Titarenko 1980-ci illərin ən məşhur simalarından biri, Mixail Qorbaçovun həyat yoldaşı olub. Yevgeni 7 illik təhsilindən sonra Leninqradda orta ixtisas hərbi-dəniz məktəbinə qəbul olunub. Amma üç ildən sonra dərsləri mütəmadi buraxdığına və təhsildən yayındığına görə onu bu təhsil ocağından xaric ediblər. Məktəbdən qovulduqdan bir il sonra Yevgeni hərbi xidmətə çağırılıb, hərbi dəniz qüvvələrində xidmət edib. Ordudan tərxis olunduqdan sonra isə Donetskdə şaxtada işə düzəlib.

Uşaqlıq illərindən yaradıcılığa meyl göstərən Yevgeninin hələ o vaxtlar ara-sıra yerli qəzetlərdə məqalələri, kiçik hekayələri dərc olunub. Bu həvəs illər ötsə də onda tükənməyib. O, 1959-cu ildə sənədlərini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutuna verib və imtahanlardan yüksək qiymət alaraq bu institutun tələbəsi  adını qazanıb.

İnstitutu bitirdikdən sonra onu təyinatla Voronej şəhərinə göndəriblər, Yevgeni bu şəhərdə kitab nəşriyyatında redaktor vəzifəsində çalışıb. Bir neçə il ərzində onun üç kitabı işıq üzü görüb. Xüsusilə uşaq ədəbiyyatı sahəsindəki kitabları daha çox populyarlıq qazanıb.

Yevgeni Titarenko Voronojde öz həmkarı, osetinli şairə Zoya Qaboyeva ilə ailə həyatı qurub. Onlara yataqxanada ayrı otaq verilib. Artıq həmin dövrdə Qorbaçov Stavropol diyar Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Yevgeninin Raisa ilə daim əlaqələri olub. Qorbaçov 1978-ci ildə Mərkəzi Komitəyə katib seçiləndə bacı-qardaş arasında daha sıx münasibətlər yaranıb. Raisa Qorbaçovanın tapşırığı ilə Yevgeniyə Voronejdə ayrıca mənzil verilib. Bununla yanaşı Raisa qardaşına hər ay pul və həmin dövr üçün əlçatmaz sayılan ərzaq məhsulları göndərib. Bununla da Yevgeni Titarenkonun həyatı öz normal axarında gedib. Ancaq bu, çox da uzun sürməyib. “Rahat” həyat Yevgenini öz yolundan çıxarıb. O, əvvəlcə ara-sıra alkoqol qəbul etsə də, sonralar bu vərdiş halına çevrilib. Bəzən isə sutkalarla evinə getməyib. Bu cür həyat tərzi ailənin dağılmasına səbəb olub. Yevgeni mənzilini həyat yoldaşı və qızına verərək evdən çıxıb.

Həmin ərəfədə Yevgeni İrina adlı bir musiqiçi xanımla tanış olub. Şəhər rəhbərliyi şairə başqa bir mənzil verib. Yevgeni ilə İrina bu mənzildə yaşayıblar. Onu da qeyd edək ki, İrina da alkoqolizm xəstəliyindən əziyyət çəkib. Onların yaşadığı mənzil əsl fahişəxananı xatırladıb. Günün istənilən saatında bu mənzildə neçə-neçə cütlüklər kef məclisləri qurublar.

Sözsüz ki, qardaşının bu vəziyyəti ilə bağlı mütəmadi olaraq Raisa Qorbaçovaya məlumat verilib. Bütün mümkün variantlardan istifadə edilsə də, Yevgeninin həyat tərzini dəyişmək mümkün olmayıb.

Qorbaçov baş katib seçildikdən sonra Yevgenin mövcudluğu Qorbaçovlar ailəsi üçün əsl problemə çevrilib. Hər hansı bir formada Yevgenini susdurmaq mütləq sayılıb. Qorbaçov ilk dəfə antialkoqol kampaniyasına başladıqda isə Yevgeni kütlələr arasında onun ünvanına ən aşağılayıcı təhqirlər söyləyib.

Son çıxış yolu kimi Yevgenini psixiatriya dispanserinə salmaq seçilib. Yevgeni milislərin gücü ilə Orlovkadakı tibb müəssisənə aparılıb. Raisa Qorbaçovanın tapşırığı ilə onu ayrıca palatada saxlayıblar. Palata soyuducu, televizor və digər avadanlıqlarla təchiz edilib. Otaq palatadan daha çox orta səviyyəli mehmanxana nömrəsinə bənzəyib. Hər gün soyuducu yeni ərzaqlarla təmin edilib, qara kürüdən tutmuş təzə meyvə tərəvəzlərə qədər. Bu məhsulların içində yalnız Yevgenin arzuladığı alkoqol olmayıb.

Məhz həmin dövrdə Orlovka qəsəbəsi qeyri rəsmi olaraq “qapalı” qəsəbəyə çevrilib. Bu qəsəbəyə yalnız DTK-nın icazəsi ilə girib çıxmaq mümkün olub. Yevgeni ətraf mühitdən tam təcrid edilib.

Bəzi versiyalar görə Yevgeninin psixiatriya dispanserinə salınması və tam təcrid edilməsi heç də onun alkoqolizm xəstəliyi ilə bağlı olmayıb. Belə ki, Raisa Qorbaçova birinci xanım olaraq öz qardaşını ən yüksək səviyyədə, hətta xarici ölkələrdə müalicə etdirmək imkanında olub. Araşdırmaçıların qənaətinə görə Yevgenini cəmiyyətdən təcrid edilməsinin əsas səbəbi onun Qorbaçovlar ailəsi haqqında bəzi sirləri bilməsi olub ki, Mixail Qorbaçov bu sirlərin açılmasını istəməyib.

1991-ci ilə qədər yuxarıda qeyd etdiyimiz kimi Yevgeni ayrıca palatada saxlanılıb. Qorbaçov hakimiyyətdən getdikdən sonra isə o, ümumi palataya köçürülüb. Sonralar Yevgeninin müalicə həkimi onu da açıqlayıb ki, Yevgeni Titarenkonun bu xəstəxanada müalicə olunmasına ehtiyac da olmayıb.

Bəli, bu ehtiyac olmasa da, Yevgeni Titarenkonu ömrünün sonuna qədər psixiatriya xəstəxanasından buraxmayıblar. Bu müalicə müəssisəsində onun xəstəliyinin üstünə bir neçə xəstəlik də gəlib.

Yevgeni Titarenko 2018-ci ildə həmin xəstəxanada vəfat edib. Onu xəstəxana yaxınlığındakı əsasən kimsəsizlərin dəfn edildiyi qəbiristanlıqda dəfn ediblər.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR