İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu davası, xaçşəkilli dəhliz və qırmızıpapaqlılar arzusu

1799 15.09.2022 17:30 Yazarlar A A

Biz uşaq vaxtı qonşular arasında yol, çəpər, arx üstündə davalara həvəslə tamaşa edərdik. Kənd yeriydi, hərdən mərəkələr qopurdu. Maraqlı olurdu. Tərəflər yaba, balta-dəhrə, kürəkeş kimi təsərrüfat alətləri ilə, paya, çomaq kmi qədim tərəkəmə silahları ilə yaraqlanır, üz-üzə durur, söyüşür, bir-birinə qarğışlar tökürdülər.

Bizim vecimizə də deyildi, bir kənardan durub baxırdıq. Hesab edirdik ki, hind filmlərinə baxırıq. Hətta istəyimiz o idi, aksiyon olsun, tərəflərin dəliqanlıları “vuraram”, “yıxaram” kimi hədələrdən əməli işə keçsinlər və biz də görək ki, hansı ailənin Şakası daha çevik, daha güclüdür.

Fəqət haraya gələnlər qan tökülməsinə imkan vermirdilər, azacıq süpürləşmə olan kimi araya girib tərəfləri ayırırdılar, onlar da öz çəpərlərinin arxasında dayanır, arada dartınıb-çəkinirdilər. Söyüşlər və qarğışlar isə dayanmırdı.

Bir dəfə iki qonşumuz (biri qohum olmaqla) elə bir qovğaya girdi. İndi onların çoxu rəhmətə gedib deyə adlarını çəkmirəm. Dava yol üstündəydi. Qonşunun biri öz birmərtəbəli evinin yanında ikimərtəbəli və daha geniş ev tikdirmək üçün bünövrə tökmüşdü və məlum olmuşdu ki, o bünövrənin üstündə qaldırılan evin küncü o biri qonşuya gedən maşın yolunu kəsəcək. Əslində orada balaca maşın keçəsi qədər yol vardı, amma istifadə olunmurdu, hamı oradan cığır kimi istifadə edirdi. Cığır yenə qalacaqdı, amma maşın yolu olmayacaqdı. Həmin qonşunun isə aşağı tərəfdən başqa maşın yolu vardı, ancaq deyirdi, buradan da yol olmalıdır.

Bu işin üstündə qarşıdurma çox böyüdü. Düzdür, bir-birinə xəsarət yetirən olmadı, amma az qalmışdı ki, başyarma, qıçqırma hadisələri baş versin. Bir də eşitdik ki, kimsə qışqırır: “Qırmızıpapaqlılar gəlir!”.

Baxdıq ki, kimsə çağırıb və hadisə yerinə kapitan rütbəli sahə müvəkkli və bir serjant gəlib. Onların qovğa yerində peyda olması ortalığı sakitləşdirmədi, gərilmiş əsəbləri soyutmadı. Milis işçiləri tərəflərin uca səslə irad etdikləri qarğışlı, söyüşlü çıxışlara qulaq asa-asa başlarını itirdilər, kimin haqlı olduğunu kəsdirə bilmədilər və özləri də bərk əsəbiləşdilər. Kapitan arada əlini belinə atıb tapançasını çıxardı, havaya atəş açmaq istədi, vaz keçdi. Bax, bu yerdə dalaşanlar bir az özlərinə gəldilər. Tapançanın zəhmi və “hamınzı basaram qoduqluğa” hədəsi öz rolunu oynadı. Qovğa yatdı.

İxtilaf isə tam həll olunmadı. Ev tikildi, maşın yolu kəsildi, yerində piyada keçişləri üçün dəhliz qaldı, qonşular arasında intriqa uzun müddət sürdü. Axırının necə olduğunu isə lap axırda yazacam.

Bu hadisəni yadıma Zəngəzur dəhlizi üstündə Ermənistan və Azərbaycan arasında gedən dava salıb.

Ağzımızda söz danışmışıq, sənəd imzalamışıq, razılaşmışıq ki, Zəngəzurdan, konkret olaraq Mehri rayonunun ərazisindən bizə Naxçıvana (oradan da o yana) gedib-gəlmək üçün dəhliz (dəmiryol, maşın yolu və s.) lazımdır. Amma ermənilər deyir ki, yox, 40-dır, 1 əskik deyil, dəhliz vermərik (yeri gəlmişkən, dəhlizin uzunu 40 km olmalıdır). Onların niyyəti budur ki, bizə eləcə cığır-yol versinlər və təhlükəsizliyə təminat verməsinlər, qeyzlənəndə yol kənarında, kol dalında dayanıb avrobuslarımıza, qatar vaqonlarımıza daş atmaq hüququnu özlərində saxlasınlar.

Bizə isə enli yol lazımdır. Söz danışmışıq.

Tərs kimi, cənub qonşumuz İran da deyir ki, sizə yol lazım deyil, guya elə olsa, sərhəd dəyişilər və onların qırmızı xətti bozarar. Yəni ermənilər bizə dəhliz versə, guya ki, İranla Ermənstan arasındakı dəhliz qapana bilər. Halbuki məsələnin həlli var. Biz də öz dəhlizimizin ortasından (ya altından, ya da üstündən) perpendikulyar şəkildə İran və Ermənistana dəhliz verərik. Nəticədə dəhliz xaç şəkli alar və tərəflər sərbəstcə, hərə öz yoluyla gedər.

Yoxsa bu düz olmur, biz ermənilərə hər cür yol veririk, onlar Xankəndiyə gedib-gələ bilirlər, amma biz Naxçıvana sərbəst gedib-gələ bilmirik.

Bax, belə olanda dava düşür və ermənilər istəyir ki, hadisə yerinə qırmızıpapaqlılar (bordo beretlilər) gəlsin, göyə güllə atsın və biz dəhliz sevdasından vaz keçək.

P.S. Kəndimiz işğal olunandan sonra bizim qonşuluqda yol üstündə dalaşanlar İmişlidəki çadır şəhərciyində qonşu olmasalar da, bir-birinin yaxınlığında məskunlaşmışdılar və tez-tez oturub “keçmiş gözəl günlər”dən danışırdılar, deyirdilər: “Heyf deyildimi keçən günlər? Gül kimi yaşayırdıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR