İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qlavlit” – 69 il mətbuatı “qayçılayan” qurumun yaranmasından 100 il ötür yaxın tarix

1894 05.06.2022 21:05 Yaxın tarix A A

100 il öncə, 1922-ci il iyunun 6-da Rusiya Xalq Komissarları Sovetinin dekreti ilə yaradılan “Qlavlit” (Ədəbiyyat və nəşriyyat işləri üzrə baş idarə) mətbu əsərlərə senzura və kütləvi informasiya vasitələrində dövlət sirrinin qorunmasını həyata keçirən orqan kimi fəaliyyətə başlayıb. Az sonra SSRİ-nin bütün müttəfiq respublikalarında da “Qlavlit” fəaliyyətə başlayaraq ciddi bir qurun kimi tanınmağa başlanıb.

Maraqlıdır, bu qurumun ciddiliyi nədən ibarət olub? “Qlavlit”in nizamnaməsinin bir neçə bəndinə nəzər yetirməklə bu suala cavab tapmaq olar:

  • SSRİ ərazisində senzura orqanlarına rəhbərlik:
  • bütün növ çap və yayım işlərinə ilkin və sonrakı nəzarətin təşkili;
  • çap və yayım məhsullarında dövlət sirlərinin yayılmamasına nəzarət;
  • xarici ədəbiyyatın SSRİ-yə gətirilməsinə və SSRİ-dən xaricə sovet ədəbiyyatının çıxarılmasına nəzarət;
  • SSRİ-də olan xarici müxbirlərin xaricə ötürdükləri məlumatlara nəzarət;
  • SSRİ-də kitab və jurnalların nəşrinə icazə və qadağa, nəşriyyatların dövlət qeydiyyatına alınması;
  • SSRİ-də nəşr olunan bütün çap əsərlərinin dövlət biblioqrafik uçotu;
  • senzura orqanları tərəfindən ictimai kitabxanalardan və kitab mağazalarından yığışdırılmalı olan siyasi zərərli ədəbiyyatların siyahılarının dərc edilməsi və ikinci əl kitab mağazalarında kitab satışına nəzarət;
  • kitabxanalarda xüsusi ədəbiyyat fondlarına malik olmaq hüququna icazələrin verilməsi, kitabxanalarda xüsusi ədəbiyyat fondlarının və muzeylərdəki xüsusi fondların saxlanması və istifadəsi qaydası haqqında məcburi qaydaların dərc edilməsi;
  • çap işlərinin siqnal və məcburi (ödənişli və pulsuz) nüsxələrinin müəyyən alıcılara çatdırılması haqqında SSRİ-nin bütün mətbəə müəssisələri və nəşriyyatları üçün məcburi olan əmrlərin verilməsi;

Bir sözlə, “Qlavlit”in dördkünc icazə möhürü olmadan mətbu orqanlara, kitablara, verilişlərə, filmlərə yaşıl işıq yanmayıb. SSRİ-də “Qlavilit”siz kiçik bir məqalənin belə çapına icazə verilməyib.

Fəaliyyət göstərdiyi 69 ildə qurumun adı bir neçə dəfə dəyişilsə də, funksiyası eyni olaraq qalıb və səlahiyyətləri daha da artırılıb. Hər 3-5 ildən bir qurumun ştat vahidlərinin sayı artırılıb. 1927-ci ildə “Qlavlit”in 86 əməkdaşı olduğu halda, 1939-cu ildə onların sayı  6027-ə çatıb. 69 il ərzində “Qlavlit”ə 11 nəfər rəhbərlik edib.

“Qlavlit”in baş idarəsi 9 şöbə və katiblikdən ibarət olub. Bununla yanaşı müttəfiq və muxtar respublikalarda, diyar və vilayətlərdə qurumun idarələri fəaliyyət göstərib. Onlar birbaşa SSRİ Nazirlər Sovetinə tabe olublar. Bu qurumlar SSRİ Nazirlər Sovetinin büdcəsindən maliyyələşdirilib. Digər təminat və təchizat məsələləri də birbaşa Moskva ilə həll olunub. Eyni zamanda “Qlavlit”in yerli qurumları öz hesabatlarını, iş planlarını, kadr təyinatlarını birbaşa Moskvaya təqdim ediblər. Yerli partiya qurumlarının “Qlavlit”in fəaliyyətinə müdaxiləsinə icazə verilməyib.

İosif Stalin “Qlavit”in fəaliyyətinə xüsusi diqqət yetirib və bu quruma kifayət qədər böyük səlahiyyətlər verib. Bu “səlahiyyət”lərin nəticəsi olaraq təkcə 1937-ci ildə 400 milyon nüsxə antisovet çap məhsulu dövriyyədən çıxarılıb, antisovet ədəbiyyatların, qəzetlərin çapının qarşısı alınıb.

Bu göstəriciyə baxmayaraq “Qlavlit” əməkdaşları elə həmin ilin sonlarında repressiyadan yan keçə bilməyib. İki ay ərzində baş idarənin 60 əməkdaşı işdən azad edilib, 17 nəfər partiya sıralarından xaric olunub, 8 nəfər həbsə göndərilib. Mərkəzi Komitədə “Qlavlit”in fəaliyyəti müzakirə ediləndə belə nəticəyə gəlinib ki, idarə əməkdaşları “xalq düşmən”lərinə geniş meydan veriblər. Məhz həmin iclasda “Qlavit”in rəhbəri Sergey İnqulov antipartiya fəaliyyətində ittiham olunub və tutduğu vəzifədən azad edilib. Daha sonra isə “NKVD” tərəfindən həbs edilərək güllələnib. Bundan sonra “Qlavlit”də ciddi kadr islahatları aparılıb, qurumun rəhbər vəzifələrinə namizədlər Stalinlə razılaşdırıldıqdan sonra öz vəzifələrinə təsdiq olunublar.

“Qlavit”in ən “məhsuldar” dövrü Pavel Romanovun quruma rəhbərlik etdiyi dövr sayılıb. Romanov bir illik fasilə ilə 1957-ci ildən 1986-cı ilə qədər “Qlavlit”in rəhbəri olub. Təkcə 1958-ci ildə xaricdən SSRİ-yə göndərilən 250 min nüsxə çap məhsulu məhv edilib, səhifələrində antisovet və antisosialist materiallar olan 6 milyon nüsxə kitab, jurnal, qəzet və digər çap məhsulları kitabxanalardan yığışdırılıb. Hətta Romanovun dövründə sovet dissidentləri öz aralarında “Qlavlit”i “Həqiqət nazirliyi” adlandırıblar.

“Qlavlit” 25 oktyabr 1991-ci ildə bir qurum kimi ləğv edilib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR