İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılı “qızıl qiymətinə” qaldıran səbəblər

887 18.07.2024 11:14 İqtisadiyyat A A

Qızılın qiymətindəki bahalaşmanın bir səbəbi kimi tələbat artımının istehsal artımından daha yüksək olması göstərilir

Dünya bazarında qızılın qiymətinin bahalaşması prosesi davam edir. İyulun 17-də avqust fyuçersləri üzrə 1 unsiya qızılın qiyməti 2465 dollara çatıb. Beynəlxalq analitik mərkəzlərə görə, qızılın belə bahalaşması dünya mərkəzi banklarının bu il gözlənilən pul siyasətini yumşaltma qərarlarının ləngiməsi ilə bağlıdır. 

Bir neçə gün əvvəl ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pouell son zamanlar ABŞ-da inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə doğru irəliləməsinə inamın artdığını deyib. O əlavə edib ki, tənzimləyici uçot dərəcəsini azaltmağa qərar vermək üçün inflyasiyanın 2 faizədək enməsini gözləməyəcək.

Doğrudur, analitiklər FED-in bu ay keçirəcəyi toplantıda faizləri azaldacağını gözləmirlər. Lakin bu qərarın sentyabrda verilməsi ehtimalı demək olar ki, 100 faiz qiymətləndirilir. FED-lə yanaşı Avropa Mərkəzi Bankı, İngiltərə Bankı və Çin Xalq Bankının pul siyasətini yumşaltmağa yaxın vaxtlarda başlayacaqları gözlənilir.

Qızılın qiymətindəki bahalaşmanın bir səbəbi kimi tələbat artımının istehsal artımından daha yüksək olması göstərilir. Belə ki, son onillikdə qızıl hasilatı sektoru bir sıra problemlərlə üzləşib: hasilat xərcləri artıb, ehtiyatlar tükənir və investisiyalar yetərli olmayıb: Qərb qızıl hasilatı şirkətləri mədən imkanlarını genişləndirməkdənsə, dividentlər ödəməyə və səhmlərin geri alınmasına üstünlük verirlər.

Kəşfiyyat xərcləri 2012-ci ilin pik həddi ilə müqayisədə 50 faiz azalıb, dünyanın ən böyük qızıl hasilatı şirkətləri arasında divident ödənişləri isə fırtınalı şəkildə artıb. Məsələn, "Newmont Mining" 2020-ci ildən 2022-ci ilə qədər ödənişini üç dəfə artıraraq səhm üçün 14 sentdən 55 sentə yüksəldib. "Barrick Gold" 2022-ci ildə dividentlərini iki dəfə artırıb və 1 milyard dollarlıq səhmi geri alacağını açıqlayıb.

Kəşfiyyata investisiyaların azalması səbəbindən hasil edilə bilən qızıl ehtiyatları azalır və bu ehtiyatların keyfiyyəti pisləşir ki, bu da son nəticədə daha yüksək mədən xərclərinə gətirib çıxarır. Mədən sənayesinin ən mühüm göstəricisi olan AISC - mədənin saxlanması üçün ümumi xərc - 2020-ci ildən bəri 30 faiz artaraq 1300 dolları keçib. 

Dünyada qızıl hasilatı həcminə görə Çin birinci yerdədir - 2023-cü ilin sonunda orada 370 ton qızıl hasil edilib. Eyni zamanda çinlilər öz resurslarını sürətlə tükədirlər. Çində sübut edilmiş qızıl ehtiyatları 2023-cü ilin sonuna 3 min ton təşkil edir. Böyük istehsal həcmləri filizin keyfiyyətinin aşağı düşməsinə və istehsal xərclərinin artmasına səbəb olur.

Qeyd edək ki, qızıl ən qədim və ən etibarlı, eyni zamanda minilliklər ərzində nə populyarlığını, nə də alıcılıq qabiliyyətini itirməyən tək aktivdir. O, pulu inflyasiyadan və digər maliyyə-iqtisadi şoklardan qoruya bilən alət hesab olunur. Qızıl dünyanın ən mühüm mübadilə alətlərindən biridir. Məsələn, bu gün London Birjasında və bütövlükdə Amerika qızıl bazarında onun dəyəri təkcə qiymətli metalın dinamikasını əks etdirmir, həm də bütün maliyyə bazarlarında əhval-ruhiyyənin göstəricisidir. Son zamanlar qızılın qiyməti və ona tələbat kəskin şəkildə artıb, çünki böhran zamanı bu metaldan investisiya sığınacağı kimi istifadə çox populyarlaşıb.

Qızılın cari qiyməti investorlara qlobal iqtisadiyyatın artım perspektivlərini təhlil etməyə və digər birja alətlərinin qiymət artımı meylləri və dinamikasına dair proqnozlar qurmağa imkan verir.

2023-cü ildə qlobal mərkəzi banklar tərəfindən illik xalis qızıl alışı 1037 ton təşkil edib. Bu, mərkəzi bankların 1082 ton qiymətli metal aldıqları 2022-ci ilin rekord ilinə demək olar ki, bərabərdir. Dünyada qızıla ümumi tələbat (birjadankənar bazar istisna olmaqla - red.) 4448 ton təşkil edib. Birjadankənar bazar da daxil olmaqla, 2023-cü ildə ümumi qızıl tələbi 4,899 tonla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Çin 2023-cü ilin sonunda ehtiyatlarına 225 ton qızıl əlavə edərək ən aktiv alıcı olub - bu, 1977-ci ildən bəri ölkə üçün ən böyük alış həcmidir. Çinin qızıl ehtiyatları 2235 tona və ya dünyanın ümumi qızıl-valyuta ehtiyatlarının 4,3 faizinə çatıb. Hələ 2019-cu ildə bu pay 2,9 faiz idi. 2024-cü ilin birinci rübündə Çin artıq rəsmi olaraq 189 ton qızıl alıb, qeyri-rəsmi alışların həcmi isə 543 ton qiymətləndirilir.

Son iki ildə digər əsas qızıl alıcıları Türkiyə, Hindistan, Polşa və Sinqapur olub.

Dünya Qızıl Şurasının (WGC) məlumatına əsasən, dünyan mərkəzi bankları 2024-cü ilin may ayında ümumi ehtiyatlarını 10 ton artırıblar. Bu, artıq 12-ci aydır ki, mərkəzi bankların qızıl alışlarında artım davam edir. Lakin statistikaya görə, ilin əvvəlindən alış həcmləri hər ay azalır. Belə ki, mart ayında ümumi alışlar 39 ton, apreldə 36 ton, may ayında isə 23 ton təşkil edib. Son 12 ayda orta aylıq bank alışları 42 ton olub.

May ayında ən böyük alıcılar arasında Polşa (+10 ton), Türkiyə (+6 ton) və Hindistan (+4 ton) liderlik edib. Qızıl satışına gəlincə, Qazaxıstan may ayında 11 ton sarı metal satıb. Ay ərzində ümumi satışlar isə 12 ton təşkil edib. Ümumilikdə qızıl ilk yarım il ərzində demək olar ki, 20 faiz bahalaşıb.

Hesab olunur ki, Trampın prezidentliyi qızıl üçün həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər. Belə ki, Trampın prezident olması vergilərin azaldılmasına gətirib çıxara, borcdan kapitala keçidi dəstəkləyə və nəticədə faiz dərəcələrinin azaldılması tempini ləngidə bilər. Digər tərəfdən, vergilərin azaldılması ABŞ-ın fiskal balansını pisləşdirəcək ki, bu da dolların vəziyyətini zəiflədə və alıcıları qızıl kimi təhlükəsiz aktivlərə doğru itələyə bilər.

Bu amillərin təsiri ilə qızılın bir unsiyasının 2,500 dollar səviyyəsini keçməsi proqnozlaşdırılır. 

WGC-nin son hesablamalarına görə, 2024-cü ilin əvvəlindən qızıl alışı sahəsində Türkiyə birinci, Çin ikinci, Hindistan isə üçüncü yerdədir.

Maraqlıdır ki, may-iyun aylarında Çin Milli Bankı ardıcıl iki ay qızıl almayıb. Bank alışlara fasilə verəcəyinə dair ilk mesajını açıqlayanda -  iyunun əvvəlində qızılın qiyməti bir gündə 3,5 faiz azalıb.

Onu da qeyd edək ki, Azərbaycan qızılın həm hasilatçısı, həm də alıcısıdır. Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda 2614 kq qızıl istehsal edilib. 2022-ci ilə nisbətən qızıl istehsalı 17,7 faiz azalıb. Bu azalma Gədəbəy rayonunda baş verən etirazlardan sonra əsas hasilatçının istehsalı dayandırması ilə bağlıdır. 

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda 1 003,7 kq qızıl istehsal edilib.2023-ci ilin ilk 6 ayı ilə müqayisədə qızıl istehsalı 2,9 faiz artıb, 2024-cü il iyul ayının 1-nə ölkədə 247,7 kq isə qızıl hazır məhsul ehtiyatı yaranıb.

İstehsal olunan qızılın mühüm hissəsi ixraca yönəldilir. Belə ki, Azərbaycan 2023-cü ildə dünya bazarlarına 3 min 719,75 kq qızıl ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 32 faiz azdır. Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri 162 milyon 755,82 min (azalma 12 faiz) dollar təşkil edib. 2023-cü ildə ixracın bütün həcmi İsveçrənin payına düşüb.

2024-cü ilin yanvar-mayında isə qızıl ixracı 1199,09 kq təşkil edib. Bundan 45 milyon 281 min dollar gəlir əldə olunub. Bu dövrdə “Qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri”nin idxalı 597 milyon 39,67 min dollar dəyərlə 7971,58 kq təşkil edib. 

Azərbaycanda qızıldan investisiya aləti kimi istifadə edən əsas qurum Azərbaycan Dövlət Neft Fondudur. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ına əsasən, fond investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədərini qızıla investisiya edə bilər.

Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı baş tutub. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib. 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilib, nəticədə fondun investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılıb. Daha sonra alışlar dayandırılıb, 2024-cü ilin əvvəlindən yenidən bərpa olunub. Birinci rübün yekununda qızılın həcmi 104,6 tona, ikinci rübün yekununda isə 114,9 tona çatdırılıb. Qızılın qiymətinin ən yüksək həddə çatdığı son 3 ayda Neft Fondu 10 tondan çox qızıl alıb. Nəticədə birinci yarımilin sonunda fondun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8 faiz) qızıl investisiyaları təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR