İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiymətlər artır, gəlirlər isə olduğu səviyyədə qalır...

999 02.06.2023 14:53 Sosial A A

“Artıq dünyada illik deyil, rüblük və ya aylıq qiymət dəyişikliyi üzrə hesabatlar aparılır. Yəni aylıq qiymət dəyişiklikləri hesablandıqdan sonra illik və ya rüblük ortalama qiymət dəyişikliyi müəyyən edilir”.

Musavat.com xəbər verir ki, bunu iqtisadçı-alim, AĞ Partiyanın iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova deyib.

vusale.jpg (128 KB)

O qeyd edib ki, DSK-nın hesabatında 2023-cü ilin aprel ayı üzrə ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının istehlak qiymətləri indeksinin əvvəlki ilin aprel ayına nisbətən 115,1%, əvvəlki aya nisbətdə isə 100,3% artdığı bildirilir:

“Bundan əlavə, 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksinin fevral ayına nisbətdə 0,7% yüksəldiyi bildirilir. DSK-nın hesabatına inansaq, belə çıxır ki, kəskin bahalaşma yalnız aprel ayında müşahidə edilib. Ölkəmizdə hər ay, az qalsın hər gün qiymət yüksəlməsi yaşanır. İstehlak qiymətləri indeksini müəyyən etmək üçün bir sıra məhsul və xidmətlərin, əsasən də minimum istehlak zənbilinə daxil olan malların qiymətləri əsas götürülür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə çörək 32,65%, makaron 52,1%, kərə yağı 42,30%, qarğıdalı yağı 60%, qarabaşaq 50%, düyü 47%, toyuq əti 75%, mal əti 40%, pendir 125%, şəkər tozu 60%, çay 144,4%, soğan 95%, kartof 45%, badımcan 73% bahalaşıb. Belə olan halda istehlak qiymətləri indeksinin əvvəlki ilin aprel ayına nisbətdə 12,8% yüksəlməsi reallığı əks etdirmir. Ayrıca, illik 6,9 % və ya 10,4 % inflyasiya proqnozlaşdırılması anlaşılan deyil. DSK-nın hesabatında ev təsərrüfatlarında aylıq adambaşına düşən istehlak xərclərinə nəzər yetirsək, insanlarımızın aylıq gəlirinin 45-50%-ni ərzaq məhsullarına, cəmi 3-3,5%-ni istirahət və mədəniyyət xidmətlərinə xərclədiyini görərik. Bu, qiymətlərin yüksək olmasının bir başqa göstəricisidir. Təəccüblüsü də odur ki, şəhər və kənd yerləri üzrə bu faiz nisbətləri arasında fərq yoxdur. Şəhər və kəndlərdə yaşayan əhalinin yaşayış səviyyəsi demək olar ki, eynidir. İnflyasiyanın mənfi nəticəsi ölkədə ümumi rifah səviyyəsinin enməsidir. Çünki qiymətlər artır, gəlirlər isə olduğu səviyyədə qalır. Rifah səviyyəsini yüksəltmək üçün dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Sahibkarlar isə inflyasiya şəraitində yeni iş yerləri açmaqda maraqlı olmurlar. Əvəzində əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməklə rahat pul qazanmağa üstünlük verirlər. İnflyasiyanın ağır yükünü çəkən sadə vətəndaşlardır”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında - “2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsində deputat Əli Məsimli deyib ki, illik 6,9 % inflyasiya proqnozu real deyildi: “İndi isə 10,4 % proqnozlaşdırılır, bunun da real olmadığını qeyd edirik. Qiymətlər sürətlə, demək olar ki, hər həftə, hər gün artır. Bu da bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı tələb edir. Gələn ildən illik inflyasiya proqnozu ötəcək. Ona görə də yenidən əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR